Cəmiyyət

Vətənpərvər Məmmədəli - Örnək - FOTO

19 Noyabr 2018 23:36
0 Şərh     Baxış: 1 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Harada əcnəbi gördüm, söhbət salıb Azərbaycan haqqında danışıram" 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Məqsədi təhsil aldığı, səyahət etdiyi bütün ölkələrdə Azərbaycan haqqında məlumatlar verməkdir. Bu günə qədər 30-dan çox ölkənin nümayəndəsinə ölkəmizlə bağlı təqdimatlar verib. Deyir ki, insan təkcə təhsil aldığı ölkədə deyil, hər yerdə rastlaşdığı bütün əcnəbilərə vətəni haqqında danışmalı və ölkəsini tanıtmalıdır.

Müsahibimiz Rusiyada yaşayan Məmmədəli Həsənovdur. O, Xalqlar Dostluğu Universitetində təhsil alır. 15 il bu ölkədə yaşasa da, ürəyi hər zaman Azərbaycanla döyünüb: "Mən insanlarla ünsiyyətdə olmağı çox sevirəm. Rusiyada ölkəmizi çox yaxşı tanıyırlar. Amma inkişaf etmiş ölkələrdən olan tələbələr adını bilsələr də, ölkə haqqında heç bir məlumatları yoxdur. Bu səbəbdən qərar verdim ki, Azərbaycan haqqında prezentasiyalar hazırlayım. Mədəniyyətimiz, musiqilərimiz, mətbəximiz, tariximiz haqqında geniş məlumat verməyə başladım. Ruslar da daha çox Bakını tanıyırlar. Mən Bakıdan əlavə, bölgələrimizlə də bağlı məlumatlar verirəm. Hətta bir yəhudi qrup yoldaşım qışda Azərbaycana getməyi planlaşdırır".
 
"30-dan çox ölkə nümayəndəsinə Azərbaycan haqqında danışdım"

Məmmədəli deyir ki, əcnəbi tələbələr müsəlman ölkəsi olduğumuzu biləndə, bizi İran kimi qapalı təsəvvür edirlər: "Ölkəmizin təbiətini, gözəlliklərini şəkillərlə göstərməyə çalışıram. Müsəlman ölkəsi olub, açıqfikirli, sərbəst geyimdə olduğumuzu görəndə təəccüblənirlər. Mən də video şəklində göstərir, tolerant ölkə olduğumuzu vurğulayıram. İndiyə qədər 30-dan çox ölkənin nümayəndələrinə Azərbaycan haqqında məlumatlar vermişəm. Slovakiya, Sloveniya, Çexiya, İran, İraq, Amerika, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, hətta türklərin özünə də məlumat vermişəm". 
 
"Dolma bişirsəm də, paxlavaları pulla alıram"

Məmmədəli deyir ki, əcnəbilər daha çox milli mətbəximizi bəyənirlər: "Mətbəximiz, rəqslərimizlə çox maraqlanırlar. Mən hələ elə insanla rastlaşmamışam ki, bizim yeməkləri bəyənməsin. Çətin olsa da, dolma bişirib, təqdimata aparmışdım. Azərbaycan paxlavalarını, Şəki halvasını alıb onlara daddırdım. Mətbəximizə vurulublar. Şəkini, Qəbələni görmək üçün səbirsizlənirlər".

Müsahibimiz deyir ki, əslində dərslərdə öz ölkən haqqında deyil, digər ölkələrin mədəniyyətləri haqqında danışmalısan. Lakin Məmmədəli tapdığı ilk fürsətdə ölkəmizi tanıtmaq üçün çalışır: "Düzünü desəm, hamı öz ölkəsi haqqında prezentasiya hazırlamır. Məsələn, hansısa ölkənin mədəniyyəti haqqında dərs keçirik, mən hər dəfə Azərbaycanla əlaqələndirirəm. Onların verdiyi dərsdən iki dəqiqə danışıram və keçirəm Azərbaycanla bağlı məlumat verməyə. Bunu fürsət bilirəm. Nəinki tələbələr, müəllimlər də bəyənir. Mənim fürsətdən istifadə edib ölkəm haqqında məlumat verməyim müəllimlərə də xoş gəlir və yüksək qiymət verirlər. Rusiyada həm oxuyur, həm də işləyirəm. Aldığım maaşın 20 faizini təqdimatlara xərcləyirəm. Çünki orada oyunlar keçirir, ölkəmizlə bağlı suvenirlər hədiyyə edirəm. Yuxarıda qeyd etdiyim kimi, dolmanı bişirsəm də, paxlavaları pulla alıram".

"Əcnəbilərin telefonunda bizim mahnılar var"

Məmmədəli tez-tez xaricə səyahət edir. Deyir ki, fərqli ölkələrdə də ilk fürsətdə ölkəmizlə bağlı məlumat verir: "Bacardığım qədər məlumat vermək istəyirəm. Hətta yanımda kimsə dayananda, haralı olduğu ilə bağlı söhbət açıb yenə Azərbaycan haqqında danışmağa fürsət tapıram. Adi küçədə belə gedəndə Azərbaycan haqqında kiməsə danışmağı çox sevirəm. Azərbaycan musiqisi ilə bağlı məlumat verməyə, insanlara dinlətməyə çalışıram. Bizim insanlar köhnə müğənnilər haqqında məlumat verirlər, amma yeni müğənnilərimizdən də danışmaq lazımdır. Flora Kərimova haqqında məlumat verir, səsinə qulaq asdırıram. Tək Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarovanın mahnılarını göstərmirəm, çalışıram ki, yeni mahnılarımızla bağlı məlumat verim. Hətta qrup yoldaşlarımın telefonunda Aygün Kazımova, Faiq Ağayevin mahnıları var. Düşünürəm ki, sadəcə, xaricə tək təhsillə bağlı gəlmək düzgün deyil, həm də ölkəni tanıtmalısan. Xaricdəki insanların "Azərbaycan Qafqaz ölkəsidir" fikrindən başqa fikirləri yoxdur. Mən nəinki onlara məlumat verirəm, çalışıram ki, turist kimi Azərbaycana gəlsinlər. Mənim səylərim nəticəsində kimsə ölkəmizə gəlib tanımaq istəyəndə özümü xoşbəxt hiss edirəm. İstəyirəm ki, Azərbaycana görüb tanısınlar, bilsinlər ki, ölkəmiz gözəllikdə tanınmış ölkələri belə keçir. Məqsədimə çatanda çox xoşbəxt oluram".

"Azərbaycanın rənglərindən ötrü burnumun ucu göynəyir"

Məmmədəli Bakı Slavyan Universitetində təhsil alarkən həm də xeyriyyəçiliklə məşğul olub. Deyir ki, fərqli ölkədə Azərbaycan üçün çox darıxır və xeyriyyəçiliklə məşğul olmaq istəyir: "Daha çox Azərbaycanda təbiət rənglərindən ötrü burnumun ucu göynəyir. Azərbaycandakı sevgi dolu insanlar, qayğıkeşlik burada yoxdur. Ən əsası, burada xeyriyyə işi görməkdən ötrü darıxıram. Biz tələbələrlə universitetdə oxuyarkən xeyriyyəçiliklə məşğul olurduq. Bəzən həmin şəkillərə baxıb kədərlənirəm. Azərbaycandakı doğmalardan ötrü darıxıram. Uşaq vaxtı atamla anam ayrıldı. Atamız bizi tərk etdi. Mən ata hissinin nə olduğunu, o qayğını heç vaxt bilmədim. Ona görə düşündüm ki, xeyriyyəçiliklə məşğul olum və atamdan görmədiyim qayğını ehtiyacı olan uşaqlara göstərim. Beləliklə, bu layihə o qədər böyüdü ki, daha çox insana kömək edə bildim. Ətrafıma 2000-ə yaxın tələbə toplaşdı. Tələbə olduğumuza görə öz pulumuz çox olmurdu, amma köməkləşib yığırdıq. Elə vaxtlar olurdu ki, valideynlər də bu qrupa qoşulurdu. Əsasən, qəflətən xəstəliyə düçar olan, təhsil haqqını ödəyə bilməyən tələbələrə müəyyən dərəcədə köməklik göstərirdik".

"İnsan vətənpərvər olmur, doğulur"

Məmmədəli deyir ki, tək anasının himayəsində böyüyüb və vətən, insan sevgisini ona anası aşılayıb: "Biz Rusiyada iki bacım və anamla qalmışdıq. Məktəbdə oxuyurkən, orada qaradərili sinif yoldaşlarım da var idi. Bu mənə qəribə gəlirdi. Anam həmişə öyrədirdi ki, irqindən, cinsindən asılı olmayaraq insanlara hörmət etməyi bacar. Anam çox vətənpərvərdir. Rusiyada yaşamağımıza baxmayaraq, Azərbaycan haqqında o qədər məlumatlar verirdi ki, vətənimizi demək olar ki, qarış-qarış tanıyırdım. Mən Azərbaycana 12 ildən sonra gəlmişəm. Anam deyirdi ki, həmişə öz ölkəniz haqqında fəxrlə məlumat verməyi bacarın. Mənə elə gəlir ki, o vaxt anamın beynimizə yeritdiyi fikirlər indi öz işini görür. Düşünürəm ki, vətənpərvərlik tək tərbiyədən irəli gəlmir, əslində insan vətənpərvər olmur, doğulur. Mən də vətənpərvər ruhda doğulanların sırasındayam və buna görə çox xoşbəxtəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.