Cəmiyyət

“40 dərəcə temperaturda səhnədə...” – Sənət dostları Amaliya Pənahovadan danışır

8 Noyabr 2018 21:22
1 Şərh     Baxış: 2 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amaliya Pənahovanın ölüm xəbərindən şok keçirdim, özümə gələ bilmirəm. O, Azərbaycan teatr və kinosunun korifey sənətkarlarından biri idi. Sənətini hədsiz sevirdi. Yadıma gəlir, bir dəfə ayağı yanmışdı, hamı dedi gələ bilməz, ancaq gəlib tamaşada oynadı. 40 dərəcə temperaturda da səhnəyə çıxıb. Sənətini sevib özünü fəda edən aktrisalardan idi.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri dünyasını dəyişən Amaliya Pənahova ilə bağlı xalq artisti Firəngiz Mütəllimova deyib.

"Uşaqları qucağında teatrda böyüyüb"

Firəngiz Mütəllimova bildirib ki, teatra gəldiyi gündən illərlə Amaliya Pənahova ilə tərəf-müqabil olub: "Enerjisi tükənməyən, çılğın, güclü, ağıllı, savadlı bir xanım, örnək aktrisa idi. Uşaqlarını teatrda böyüdüb.

Neçə il anşlaqla keçən "Təhminə və Zaur"da mən Firəngizi, Amaliya xanım Təhminəni, Fuad Poladov Zauru oynayırdı. Allah hər ikisinə qəni-qəni rəhmət eləsin.

Birgə qastrollarda çox olmuşuq. Səhnədən getməsinə çox pis olmuşdum, gərək oynayardı, gedib teatr açdı. Ancaq bu yaxınlarda təsadüfən televiziyada "Qadın oyunları" adlı tamaşada oynadığını gördüm. Kiçik səhnədə "Medeya" rolunu oynayırdı, inanırsınız, o tamaşaya 8 dəfə baxmışam, gedirdim, elə bilirdim başqa bir əsrə düşürəm.

Çünki dəhşət oynayırdı, gözəl səhnə texnikası vardı, yaxşı insan idi. Ondan özümə qarşı ancaq səmimi hisslər görmüşəm. Sənətkar olmaq olar, əsas insan olmaqdır. Allah rəhmət eləsin!"

"Obrazlarını zərgər dəqiqliyi ilə oynayırdı"

Xalq artisti İlham Namiq Kamal üçün də Amaliya Pənahovanın vəfat xəbəri gözlənilməz olub: "Amaliya xanım Azərbaycan Dövlət Dram Teatrının ən aparıcı aktrisalarından biri olub, hamımızın müəllimi böyük novator rejissor Tofiq Kazımovun bilavasitə dəvəti ilə teatra gəlib. Bir çox tamaşalarda, eləcə də "Qəribə oğlan", "Unuda bilmirəm", "Natəvan", "Qanlı Nigar"da tərəf-müqabil olmuşuq. Öz sənətinə qarşı həddən artıq vicdanlı, obrazlarını zərgər dəqiqliyi ilə oynayan aktrisa idi, insan kimi də gözəl insan idi.

Azərbaycan teatrı onsuz da kasadlaşır, xüsusilə bu cür sənətkarları itiririk, vallah, danışmaq da çətindir.

O, çox böyük sənətkardır, Azərbaycan xalqına həmişə xarakterlərini yüksək səviyyədə sevdirmişdi, tək teatrda deyildi, həm də kino aktrisası idi, televiziyada yüksək səviyyəli rolları vardı.

Amaliya Pənahova sözün əsl mənasında sanballı sənətkarlardan biri idi, məkanı nurla dolsun".

"Onun zəhmətkeşliyinin 15 faizi başqalarında olsaydı..."

Xalq artisti Ramiz Novruzun sözlərinə görə, Amaliya Pənahova teatrda mərhələ yaradan aktrisalardandır və məhz ona görə tamaşaçılar teatra gəlib: "Yadımdadır, məktəbdə oxuyanda "Azərbaycan gəncləri" qəzetində "Alqış, səhnəyə istedad gəlir" başlığı ilə yazılar dərc olunardı, o rubrikanı aktyor olmaq istəyən uşaqlar izləyirdi, mənim də Amaliya xanımla ilk tanışlığım həmin rubrikadan yaranmışdı.

O məqaləni oxudum, bildim ki, gənc qız səhnəyə çıxıb. Uzun illər keçdi, bişmiş tamaşaçı olandan sonra onun tamaşalarına baxmağa gəldim. Zalda çox insan məhz ona görə teatra üz tuturdu.

Sonra qismət oldu, teatra gələndə elə ilk tamaşada Amaliya xanımla tərəf-müqabil oldum, 1981-ci ildə "Natəvan" tamaşasında oynadıq. Sonra "Medeya", "Şeyx Xiyabani"də tərəf-müqabil olduq.

10-a yaxın tamaşada birgə səhnə paylaşmışıq, sonra kinoda da rastlaşdıq, "Cavad xan" filmində o gürcü knyaginyasını, mən də Sisianovu oynayırdım, orada maraqlı səhnəmiz vardı".

Xalq artisti qeyd edib ki, Amaliya Pənahova sənətinə xəyanət etməyən, əksinə tamaşaçıda məhəbbət yarada bilən aktrisalardandır: "Mənim üçün onun unikallığı o idi ki, son dərəcə zəhmətkeş, yorulmaq bilmədən, gecə-gündüz özünü teatra, sənətə həsr edirdi, teatr üçün canını qoyurdu. Gəncliyindən kamil dövrünə kimi, yaradıcılığının zirvəsində olduğu zamanda da səhər gimnastikası, idmanla məşğul idi. Özünü formada saxlamaq, səhnədə tamaşaçının gözündə həmin Amaliya kimi qalmaq cəhdi xoşuma gəlirdi.

Onun zəhmətkeşliyinin 15 faizi başqa aktyor və aktrisalarımızda olsaydı, teatrların dərdi olmazdı. Hər kəsi başa düşən idi, yaş fərqi qoymazdı, hamıya qulaq asardı, yaxşı şeyləri götürməyi xoşlayırdı. Bunu hər adam bacarmır.

Bəzilərində yalançı iddialar var, amma Amaliya xanımda yox idi, rolun xeyrinə nə varsa, nəzərə alırdı, texniki işdə çalışan işçinin də məsləhətini dinləyirdi, təpədən dırnağa sənət insanı idi.

2-3 gün bundan qabaq görmüşdüm, Bələdiyyə teatrının aktyorları bizim teatrda məşq edirdi, bufetə yığılanda gəlib oturdu, dedik-güldük, zarafat elədi. Xəstəliyini hiss eləməmişdik. Elə bil ölümü ayaq üstə qarşıladı, yataq xəstəsi olmadı. Dəyərli aktrisamızın ruhu şad olsun, sənətimiz itirir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.