Cəmiyyət

Monitorinq Mərkəzi ayrı-ayrı qurumların sosial məsuliyyətini artıracaq

9 Noyabr 2018 22:35
0 Şərh     Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Buludxan Xəlilov: "Mərkəz dil siyasətinin zamanın tələblərinə cavab verməsinə ciddi bir təkan verəcək" 

Ölkə başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanı Azərbaycan dili ilə bağlı narahatlıq doğuran məsələləri yenidən gündəmə gətirdi. Fərmanda müasir Azərbaycan dilinin ədəbi dil normalarının pozulması, müxtəlif səviyyələrdə dilə laqeyd münasibətin qarşısını almaq üçün təsirli tədbirlərin görülməsi üçün yeni bir qurumun "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxsin yaradılması xüsusi qeyd olunur.

Mütəxəssislər ölkə başçısının dilimizin saflığının qorunması və inkişafı istiqamətində atdığı addımları müsbət qarşılayır və bu sahədə hüquqi tənzimlənmənin olmasını vacib sayırlar.

Milli.Az xəbər verir ki, Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov "Kaspi"yə müsahibəsində dilimizin qorunmasında bu fərmanın mühüm rol oynayacağına inandığını bildirdi.
 
- Ölkə başçısı Azərbaycan dilinin qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fərmanında dilin qorunması üçün zəruri məsələləri önə çəkib. Prezidentin ana dilimizin qorunması ilə bağlı fərmanını necə dəyərləndirirsiniz?

- Ölkə başçısının imzaladığı fərman zəruri tələbatdan irəli gələn mühüm sənəddir. Çünki ölkənin bütün sahələri inkişaf etdiyi kimi dil də inkişaf edir və zamanın, dövrün tələblərinə uyğunlaşmalıdır. Ümummilli lider Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" imzaladığı fərman və ondan sonra da bu istiqamətdə olan sərəncamlar, daha sonra prezident İlham Əliyevin bu siyasəti davam etdirməsi, ölkədə gedən dil siyasətinin əhəmiyyətli iş olduğunu gündəmə gətirdi. Etiraf etməliyik ki, "Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi" ilə bağlı 2012-ci il 29 may tarixli sərəncam, 2013-cü il 9 aprel tarixli   "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçilik elminin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi ilə bağlı sərəncam, 2018-ci il 17 iyul tarixində "Elektron məkanda Azərbaycan dilinin geniş istifadəsinin tətbiq edilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam verilib ki, bunlar biri digərini zərurətə çevirən, biri digərinin aktuallığını gündəmə gətirən sərəncamlardır. Çünki ölkədə təkcə iqtisadi, siyasi, mədəni inkişaf deyil, həm də dil mühitinin inkişafına böyük ehtiyac vardı. Qloballaşan dünya rəqabət prosesindədir və bu proses də gün-gündən aktuallığını artırır. Bu rəqabət prosesində 21-ci əsrin tələblərinə cavab verən Azərbaycan dilini formalaşdırmaq, yaşatmaq və inkişaf etdirmək üçün dilin tətbiqi və tədqiqi işinə ciddi fikir vermək lazımdır. Ölkə başçısı bunu zamanın tələbi kimi qəbul edir və bu tələbin aktuallığının mahiyyətinə vararaq bu fərmanı imzalayıb. Azərbaycan dili müstəqil dövlətin dili olaraq sinxron tərcümələrin rəqabətinə cavab verməlidir. Eyni zamanda, bu gün dövlətimizin nüfuzu artdıqca dövlət dili kimi Azərbaycan dilinin də nüfuzu artır. Çap işlərində, internet resurslarında, televiziya və radioda, reklamların dilində Azərbaycan dilinin tətbiqi imkanları da müasir tələblərə cavab verməlidir. Əgər bu tələblər nəzarətə götürülməzsə və bu qaydalara ciddi əməl olunmazsa, dildə gedən proseslər Azərbaycan dilinin lüğət tərkibinin, qrammatik quruluşun tədqiqində müəyyən qüsurları üzə çıxaracaq. Ona görə də ölkə başçısı dünyada gedən müasir proseslərin tərkib hissəsi kimi dil siyasətini ciddi şəkildə önə çəkir. Çünki dilin özü də bir siyasətdir. 21-ci əsrin tələbləri tam fərqlidir. Biz bilmirik ki, 5 və ya 10 ildən sonra dünyanın beynəlxalq dillərinin taleyi necə ola bilər. Hansı beynəlxalq dil beynəlxalq statusunda qala və ya qalmaya bilər? Belə bir rəqabət prosesində təbii ki, doğma dilimizin keşiyində dayanmaq, onun qayğısına qalmaq və gələcək inkişaf və perspektivlərini müəyyənləşdirmək dövlətin prioritet siyasətinin tərkib hissəsidir. Ölkə başçısı da bu siyasəti çox uğurla həyata keçirir.

- Fərmana görə, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxs yaradılacaq. Sizcə, bu qurumun gələcək fəaliyyətinin təsir imkanları necə olacaq?

- Dövlət Dil Komissiyası vaxtilə ulu öndərin sərəncamı ilə yaradılmışdı. Ancaq bu komissiyanın tərkibinin yeniləşməsinə böyük ehtiyac var idi. 2017-ci ilin noyabr ayında prezidentin yeni bir sərəncamı ilə Dövlət Dil Komissiyasının yeni tərkibi yaradıldı. Bu komissiyaya sədrlik edən də elə prezident İlham Əliyevin özüdür. Bu komissiyanın yanında bir qurumun olmasına ehtiyac vardı. Yəni Dil Komissiyası nəzəri fikirlər söyləyə, layihələrin hazırlanmasına nəzarət edə, ölkədə gedən proseslərdə istiqamətverici rol oynaya bilər və s. ancaq bu istiqamətdə praktiki işlərin görülməsi də vacibdir. Çünki dil praktik cəhətdən tədqiq olunur. Bu mənada Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin yaradılması çox vacib məsələdir. Artıq dilin tədqiqi imkanları praktik olaraq bu mərkəz tərəfindən araşdırılıb üzə çıxarılacaq. Nəsimi adına Dilçilik İnstitutunda monitorinq şöbəsi fəaliyyət göstərirdi və bu qurum müəyyən işləri görmüşdü. Ancaq ümumilikdə ölkəmizdə Azərbaycan dilinin tədqiqi ilə bağlı işlərin səviyyəsini üzə çıxarmaq imkanında deyildi. Bu qurumun o səviyyədə kadrları yox idi. Ancaq yeni yaradılacaq mərkəz artıq müəyyən strukturlara malik olacaq. Bu mərkəzdə peşəkarlar çalışacaq, dövlət tərəfindən maliyyələşəcək. Bunların hamısı imkan verəcək ki, mərkəz ölkədə gedən dil siyasətini tənzimləyə bilsin, dilin tədqiqi imkanlarını müxtəlif sahələrdə - radioda, televiziyada, çap məhsullarında, elektron resurslarda, reklamların dilində və s. tənzimləyə, real və qeyri-real həqiqətləri üzə çıxara və dil siyasətini praktik olaraq həyata keçirə bilsin. Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı tədbirlər planının hazırlanması bir ay müddətində həyata keçiriləcək. Bu müddətdə daha hansı zəruri işlərin görülməsinin lazımlığı məsələsini gündəmə gələcək. Ancaq ilkin mərhələdə belə bir mərkəzin yaranması təkcə bu qurumun məsuliyyəti deyil, həm də dildən istifadə edən hər bir şəxsin sosial məsuliyyətini artıracaq. Yəni artıq medianın özü də, dildən lap məişət səviyyəsində istifadə edən vətəndaş da dil normalarına riayət etmək məcburiyyətində qalacaq. Çünki Monitorinq Mərkəzi bu məsələlərin hamısına ciddi nəzarət edəcək. Bir məsələni də nəzərə alaq ki, qanunvericiliyin özündə dillə bağlı müəyyən tələblərin ortaya çıxması da gözlənilir. Ola bilsin ki, dil qaydalarını pozan qurumlar, şirkətlər, müəssisələr cəzalandırılacaq. Etiraf etmək lazımdır ki, müəyyən şirkətlərin, müəssisələrin reklamlarında və ya müəssisənin adının yazılmasında çoxlu dil qüsurları var. Ancaq bu qüsurlara görə onlar cəzalandırılmırlar. Monitorinq Mərkəzi isə onları məsuliyyətə dəvət edəcək, qanunvericiliyin tələblərinə uyğun dil qaydalarına əməl etməyə sövq etdirəcək. Bu o deməkdir ki, ölkə başçısı bu məsələni gündəmdə saxlamaqla dil siyasətinin nə qədər əhəmiyyətli olduğunu görür. Bu baxımdan Monitorinq Mərkəzinin yaradılmasının perspektivlərini görürəm. Düzdür, biz bütün problemlərin qısa müddətdə həll edilməsini gözləyə bilmərik. Çünki dildə o qədər ciddi proseslər gedir və o qədər dil xətaları yaranıb ki, onların hamısını sistemə salıb müəyyən uğurlar əldə etmək vaxt tələb edir. Amma hər halda, bu mərkəz dil siyasətinin zamanla ayaqlaşmasına, zamanın tələblərinə cavab verməsinə ciddi təkan verəcək. Monitorinq Mərkəzi təkcə dilin tədqiqi imkanlarını üzə çıxarmaqla bağlı işlər görməyəcək, həm də dilçilik elminin hansı istiqamətdə tədqiqatlar aparmasına istiqamət verəcək. Bu gün dilçilikdə dünya dilçilik elminin nailiyyətləri səviyyəsində elmi-tədqiqat işləri aparmalıdır. Bu mənada mərkəz həm də elmin inkişaf istiqamətlərini  müəyyənləşdirəcək. Bu da Azərbaycan dilçilik elmini dünya dilçilik elminin nailiyyətlərinə söykənməklə, onunla qarşı-qarşıya dayanmaqla irəliyə doğru getməsinə gətirib çıxaracaq. Mən bu mərkəzin görəcəyi işlərə ümidliyəm.

- Aparılan monitorinqlər həmişə KİV-də, elektron mediada, xüsusən telekanallarda ədəbi dil normalarının kobudcasına pozulmasını üzə çıxarır. Sizcə, müvafiq cəzaların tətbiqi ilə bu xətaların tamamilə aradan qaldırılması mümkün olacaqmı? Bəlkə daha çox peşəkarların axtarılmasına və maarifləndirmə işlərinə ehtiyac var?

- Televiziyanın, radionun, ümumilikdə KİV-in dilindəki qüsurlar tez-tez hallanır. Bəzən bu istiqamətdə monitorinqlər aparılır, xətalar aşkarlanır və müxtəlif redaksiyalara göndərilir. Bəzən Mətbuat Şurası da bu istiqamətdə işlər görür. Ancaq heç bir perspektiv yoxdur. Artıq ayrı-ayrı qəzet redaksiyaları, televiziya kanalları və radiolarda çalışan insanlar birmənalı şəkildə dərk edəcəklər ki, onlara peşəkar kadrlar lazımdır. Təsadüfi adamlar işə götürülməyəcək. Azərbaycan dilini bilməyən, onun qayda-qanunlarına əməl etməyən, dilin qrammatik quruluşundan bixəbər olan, dilin imkanlarına düzgün riayət etməyən insanların jurnalist, aparıcı, diktor kimi TV və radioda fəaliyyət göstərməsi məhdudlaşdırılacaq. Çünki qeyri-peşəkarlar əgər televiziya və radioda özlərinə yer alacaqsa, onda həmin qurumların imici korlanacaq. Gəlin etiraf edək ki, bu gün ölkənin teleməkanında, radio kanallarında və KİV-in digər qollarında peşəkar olmayan jurnalistlər də var. Onlar qeyri-peşəkarlıqları ilə çalışdıqları şirkətin, müəssisənin imicini aşağı salırlar. Rəqabət həm də televiziya və radiolar və saytlar arasında gedir. Ona görə bu qurumlar peşəkar jurnalistləri yığmağa çalışacaqlar ki, orada dil normaları pozulmasın. Bu qaydalara riayət etməyənlər təbii ki, cərimələnəcək. Bu gün Azərbaycan cəmiyyətində cəmiyyəti maarifləndirən qəzet və jurnalların, telekanalların və radioların fəaliyyətinə böyük ehtiyac var. KİV heç bir halda kütlənin səviyyəsinə enməməlidir, əksinə, onlar kütləni öz intellektual səviyyələri ilə arxalarınca aparmağı bacarmalıdırlar. Təəssüf ki, bəzən telekanallar, radiolar, saytlar, məişət dilində kütlənin səviyyəsinə enməyə çalışırlar. Ancaq bir şeyi unudurlar ki, KİV-in ən ciddi missiyası cəmiyyəti inkişaf etdirmək, onun intellektual səviyyəsini yüksəltməkdir. Bu mənada Monitorinq Mərkəzi bu qurumların sosial məsuliyyətini artıracaq.

- Sadaladığınız problemlər tədricən aradan qalxacaq. Bəs dilə sevgi məsələsi necə yaradılmalıdır? Axı bunu inzibati metodlarla, sərəncam və fərmanlarla yaratmaq mümkün deyil. Bəlkə bu məsələdə tədrisin üzərinə məsuliyyət düşür?

- Düzdür, təkcə sərəncam və fərmanlarla dilin saflığını qoruya, Azərbaycan dilinin imkanlarını genişləndirə bilmərik. İlk növbədə hər bir şəxs dilini sevməlidir. Dilə sevgi, məhəbbət ailədən, bağçadan, orta məktəbdən, ali məktəbdən və insanın özündən başlayır. Bu istiqamətdə xeyli işlər görmək lazımdır. Tədris prosesini elə qurmaq lazımdır ki, dil sevilsin. Bu prosesdə dilin bütün imkanları üzə çıxmalıdır. Azərbaycan dilində tədris prosesinin səviyyəsi yüksəlməlidir. Ailələrdə Azərbaycan dilinin işlənmə imkanı və potensialından gen-bol istifadə etmək lazımdır. Telekanallarda, radiolarda Azərbaycan dilini sevdirmək üçün müxtəlif tədbirlər planı hazırlanmalıdır. Hesab edirəm ki, "Azərbaycan dilini sevək" mövzusunda çoxlu layihələr, müsabiqələr, bədii əsərlərin disputları və s. həyata keçirilməlidir. Kiçik yaşlı uşaqlara Azərbaycan dilini sevdirmək üçün ayrı-ayrı tarixi mövzuların motivləri əsasında cizgi filmləri çəkilməlidir. Eyni zamanda, uşaq mövzusunda yazan şair və yazıçıların yaxşı əsərləri çap olunmalıdır. Bunların hamısı layihə şəklində təqdim olunmalıdır ki, dili sevə bilək. Dili sevməsək, dilə məhəbbət olmasa, doğma dilində danışmaq, onun imkanlarını üzə çıxarmaq və qorumaq hissiyyatı azalacaq. Eyni zamanda, dilə geniş meydan vermək lazımdır. Azərbaycan dili rəqabət prosesindədir. Bu rəqabət prosesində dilimizin imkanlarını o qədər genişləndirmək lazımdır ki, uşaqlar başa düşsünlər ki, Azərbaycan dili vasitəsilə həm informasiya almaq, həm mədəni səviyyəni yüksəltmək, həm də ünsiyyətə girmək olur. Bu istiqamətdə ciddi işlər görmək lazımdır. Belə ki, həm tədris və təhsilin, həm KİV-in çiyinlərinə ciddi yük düşür. Bir sözlə, dili sevdirmək lazımdır. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçilik elminin inkişafına dair Dövlət Proqramı"nda müddəalardan biri də dilə sevgini yaratmaqdır. Bu sevgi isə ailədən başlayıb tədris prosesini əhatə etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.