Cəmiyyət

Yaxın 10 ildə əmək bazarında durum necə olacaq?

19 Noyabr 2018 23:42
0 Şərh     Baxış: 1 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Prezident İlham Əliyevin təsdiq etdiyi "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nda əmək bazarına daxil olan 15-24 yaş arasında şəxslərin sayında azalma meylinin 2025-ci ilədək davam edəcəyi, ondan sonrakı beş ildə isə artacağı proqnozlaşdırılıb. Sənəddə qeyd edilir ki, BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq. Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək. Pensiya yaşına çatmış əhalinin sayının 2015-ci ildəkinə (841 min nəfər) nisbətən 2030-cu ilədək 2 dəfə artacağı proqnozlaşdırılır ki, bu da dövlətin sosial yükünü artıra, həmçinin yaşlı insanların sosial təminatında əlavə tədbirlərin həyata keçirilməsi zərurətini yarada bilər. Sənəddə bildirilir ki, 2017-ci ildə 15-64 yaş arasında əhalinin sayı 7 milyon nəfərdən artıq olub: "Proqnozlar 2025-ci ilədək bu rəqəmin demək olar ki, dəyişməyəcəyini, növbəti beş ildə isə 1,3 faiz artacağını göstərir. Əmək bazarına daxil olan 15-24 yaş arasında şəxslərin sayında azalma meyilinin 2025-ci ilədək davam edəcəyi, ondan sonrakı beş ildə isə artacağı proqnozlaşdırılır. 2017-ci ildə Azərbaycanda 15-24 yaş arasında şəxslərin sayı 1,5 milyon nəfərə yaxın olmuşdursa, 2025-ci ildə bunun hazırkı saydan 17 faiz az olacağı, sonrakı illərdə isə artaraq 2030-cu ildə 2015-ci ilin səviyyəsinə (1,6 milyon nəfər) çatacağı proqnozlaşdırılır".

Statistik göstəricilərə diqqət etsək, yaxın gələcəkdə gənc nəslin nümayəndələrinin sayının indikinə nisbətdə xeyli azalacağını söyləmək olar. Bəs görəsən demoqrafik göstəricilərin bu cür dəyişməsi ölkənin əmək bazarına necə təsir edəcək? Qeyd olunan proqnozlara uyğun olaraq hansı addımlar atılmalıdır? 

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai şuranın üzvü Əliməmməd Nuriyev bildirdi ki, pensiyaçıların sayının artması əhalinin uzunömürlülük səviyyəsinin artacağından xəbər verir: "Son illər ərzində ölkədə köklü islahatlar aparılır. Əhalinin həyat şəraiti getdikcə yaxşılaşır. Bu isə insanların uzun ömürlülüyünə təsir edən əsas amillərdəndir. Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasındadır. Əhalinin gəlirliyinin səviyyəsi getdikcə artır. Belə olan halda, təqaüd alanların sayı daha da artacaq. Çünki bu, təbii bir prosesin davamıdır. Bunun qarşısını almaq mümkün deyil. Digər tərəfdən, hal-hazırda demoqrafik proseslər mürəkkəb şəkildə irəliləyir. Əhalinin 15-24 yaşlı təbəqəsindən olanların sayı azalmaqdadır. Çünki əvvəllər bir ailədə ən azı 4 uşaq dünyaya gəlirdi. Bu da gənclərin sayına öz təsirini göstərirdi. Son illər ərzində ailələrdə uşaqların sayı getdikcə azalmaq üzrədir. Çox nadir hallarda bir ailədə 3 uşağa rast gəlmək olur. Bir müddətdən sonra bu amil əhalinin gənc təbəqəsində özünü göstərəcək və ciddi azalma müşahidə olunacaq. Aydın məsələdir ki, bu fakt əmək bazarından da yan keçməyəcək. Çünki hal-hazırda əmək bazarında vəziyyət əvvəlki illərlə müqayisədə bir qədər dəyişib. İndi insanların əməyini bir çox hallarda süni intellekt əvəz edir. Bütün bunlar iş yerlərinin azalmasına gətirib çıxaracaq. İş yerlərinin azalması isə işsizlərin sayını artıracaq. Statistik rəqəmlər müəyyən metodikaya əsaslanır. Ona görə də, əhalinin demoqrafik göstəricilərini nəzərə almaq lazımdır. Ailələrin sosial müdafiəsi daha da gücləndirilməli, çoxuşaqlı ailələrə diqqət artırılmalıdır. Çünki kəskin azalmalar təkcə əmək bazarında deyil, ölkənin bütün sferalarında ciddi problemlərə yol aça bilər. Nəticə etibarilə ölkəyə xarici miqrasiya daha da genişlənə bilər. Bu, həm də milli genefondumuza neqativ təsir göstərəcək. Bu təhlükəni nəzərə alsaq, sosial müdafiə sisteminin əsas istiqamətlərindən biri də məhz demoqrafik proseslərin daha da sabitləşməsinə xidmət göstərməlidir". 

Sosioloq Cavid İmamoğlu qeyd etdi ki, son illər ərzində Azərbaycanda nəsilvermə əmsalı aşağı düşüb. Bu, əhalinin artımına şübhəsiz ki, təsirsiz ötüşməyib. Əgər 90-cı illərin əvvəllərində bir ailədə 4 uşaq olurdusa, indi bu rəqəm 2-dən də aşağı düşüb. Demoqrafik azalma getdikcə əmək bazarının uyğun hədəf qruplarının azalmasına gətirib çıxarır. Proses, özünü əmək münasibətlərində büruzə verəcək. Ümumilikdə isə demoqrafik azalma birbaşa olaraq ölkə iqtisadiyyatına da təsir göstərir. Çünki Qərbi Avropa bu təcrübəni artıq yaşayıb. Son on illiklər ərzində Avropada əhalinin sayı artmadığına və ümumi əhalinin tərkibi əsasən yaşlılardan ibarət olduğuna görə, əmək bazarında 15-24 yaşlı gənclərin sayı kəskin şəkildə azaldı. Onlar bu problemi, miqrantların əməyindən istifadə etməklə həll etməyə çalışırlar. Hər bir Qərbi Avropa ölkəsi özünə illik plan tərtib edir. Nə qədər miqrantın əmək bazarına cəlb olunacağı bu plan əsasında təyin olunur. Azərbaycanda bu problemlərin qarşısının alınması üçün ilk növbədə əhalinin artımı məsələsinə diqqət yetirilməlidir. Bu məsələ ilə bağlı ciddi tədbirlər görülməli və gənc ailələr təşviq edilməlidir. Dövlət bu məsələnin həlli üçün xüsusi proqram hazırlamalıdır. Digər tərəfdən, selektiv abortların qarşısı alınmalıdır. Qız uşaqlarının abort olunması əmək bazarında xanımların sayının azalması ilə nəticələnəcək. Bu amil gələcəkdə demoqrafiya üçün böyük problemlər yaradacaq". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.