Cəmiyyət

Prezidentin "Sofiya" ilə dialoqu nədən xəbər verirdi?

25 Oktyabr 2018 07:00
Baxış: 2 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honq Konqdakı "Hanson Robotics" şirkəti tərəfindən süni intellekt əsasında hazırlanmış və dünyada ilk dəfə hər hansı ölkənin vətəndaşlığını almış ilk robot olan "Sofiya"nın Azərbaycana gəlməsi və oktyabrın 22-də İmişlidə "ASAN Həyat" kompleksinin açılışında Prezident İlham Əliyevə ölkəmiz və ASAN brendi barəsində xoş sözlər deməsi heç də təsadüfi deyildi.

Milli Məclisin İqtisadi Siyasət, sənayə və sahibkarlıq komitəsinin, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, İqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadiyyat və informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə mütəxəssis Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, belə bir robotun Azərbaycanda olması və ölkəmizin brendi olan ASAN-ın növbəti mərkəzinin açılışında iştirak etməsi bir tərəfdən Azərbaycanda olan texnoloji yeniliklərə marağın, digər tərəfdən isə həmin yeniliklərə dəstəyin göstəricisi deməkdir: "Azərbaycanda İKT-nin inkişafı, yeni texnologiyaların tətbiqi bir dövlət siyasətidir. Yəni dövlətin bu sahədə kifayət qədər dəstəyi var. Qlobal Rəqabətlilik İndeksində də Azərbaycan hökumət strukturlarında innovativ və texoloji yenilikləri ən çox tətbiq edən dövlətlər arasında qabaqcıl yeri tutur. Bundan əlavə, 2013-cü ildə Azərbaycanda "İKT ili" elan olunmuşdu. Əslində, dövlət başçısının həmişə texnologiyalarla bağlı dəstəyi və onun tətbiqi ilə bağlı yaradılan imkanlar bütün dünyanın aparıcı şirkətlərinin diqqətini hər zaman Azərbaycana cəlb edir. Məsələn, "Microsoft"dan tutmuş digər dünyaca iri şirkətlərin rəhbərlərinin Azərbaycana gəlib burada görüşlər keçirməsi dediklərimi bir daha təsdiq edir. "Sofiya" isə ilk süni intellektlə yaradılan robotdur. Bu gün dünyada texnologiyaların inkişafında da ən mühüm istiqamət süni intellektdir. Məhz süni intellektin inkişafı getdikcə gələcəkdə iqtisadiyyatın da inkişafını, istiqamətini və ölkələrin rəqabət qabiliyyətliliyi səviyyəsini müəyyən edəcək. Bu sarıdan baxsaq, bu gün iqtisadiyyatda öyrəşdiyimiz bir çox işlər gələcəkdə robotlar tərəfindən icra və idarə ediləcək, həmin peşə sahiblərini əvəzləyəcək. Ona görə də "Sofiya"nın Azərbaycana gəlişi artıq çox şeydən xəbər verir".

T.Mirkişili əmindir ki, bu hadisənin Azərbaycanda baş verməsi iqtisadi inkişafımızda texnoloji cəhətdən mühüm rol oynayacaq: "Bu, hər kəsə bir siqnaldır ki, Azərbaycan daha müasir iqtisadiyyat qurur, ölkə iqtisadiyyatının yeni modelində texnoloji yeniliklərə daha çox üstünlük verir və dünyanın digər ölkələri ilə rəqabətdə onlardan istifadə edəcək. Eyni zamanda, bu, həm də daxildə sahibkarlara, iqtisadi strukturlara bir mesajdır ki, onlar süni intellektdən, texnoloji yeniliklərdən getdikcə daha çox istifadə etsinlər. Çünki bunsuz rəqabətə dözmək, xaricə məhsul ixrac etmək, xidmətlərimizi satmaq çox çətin olacaq. Bu baxımdan Prezident İlham Əliyevin "Sofiya" ilə dialoqu hər iki istiqamət üzrə verilən mesaj güclü idi".

Millət vəkili hesab edir ki, "Sofiya"nın Azərbaycana gəlməsi xüsusilə gənc sahibkarlar, startapçılar, elm adamları və ideya müəllifləri üçün yeni motivasiya mənbəyi ola bilər: "Bu gün dünyada, eləcə də Azərbaycanda gənclər tərəfindən xüsusilə startap layihələrinə böyük diqqət var. Dövlətin də bu istiqamətində dəstəyi hiss olunur. Əslində hazırda dünyada biznesin, ticarətin və iqtisadiyyatın əsas mərkəzi elementi ideyadır. Bu ideyanı inkişaf etdirmək, onu süni intellekt üzərində qurmaq mühüm amildir. Süni intellektin ilk nümunəsinin Azərbaycana gəlməsi və gənclərin onunla tanış olması həmin gənclər, startapçılar üçün çox böyük həvəsləndirici rol oynaya bilər. Motivasiya, həvəs və stimulun olması dünya iqtisadiyyatının aparıcı qüvvəsidir. Bunların Azərbaycanda da olması hər kəs üçün böyük fürsətdir".

Qeyd edək ki, robot "Sofiya" dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. O, jestləri, göz təması və cavablarına görə insana ən yaxın olan humanoid sinfinə aid robot hesab edilir.

Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya" bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib. Bu süni intellekt əsaslı robot 2017-ci ilin oktyabrında dünyada ilk dəfə olaraq hər hansı ölkənin vətəndaşlığını alan ilk robot oldu.

"Sofiya" davamlı olaraq dünyanı gəzir və müxtəlif böyük həcmli beynəlxalq tədbirlərdə çıxışlar edir. O, dünya mətbuatı tərəfindən yaxından izlənilir və davamlı olaraq yüksək səviyyəli media proqramlarda və müsahibələrdə iştirak edir. Bu robotun potensial media əhatəsi milyardlarla insan səviyyəsində ölçülür.

Bundan başqa "Sofiya" Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən dünyanın birinci Birləşmiş Millətlər İnnovasiya Çempionu adına layiq görülüb. O, davamlı inkişafı təşviq etmək, insan hüquqları və bərabərliyini təmin etmək üçün BMTİP ilə əməkdaşlıq edir. BMT-nin İnkişaf Proqramı isə Azərbaycan Hökumətini hökumət və dayanıqlı inkişaf sahələrində dəstəkləyir.

Gələcəkdə "Sofiya"nın Azərbaycana bir daha səfər edəcəyi istisna olunmur.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.