Cəmiyyət

“Mən ermənilərin qarşısında yer süpürən deyiləm...”

18 Oktyabr 2018 22:21
1 Şərh     Baxış: 2 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın məhkəmə prosesi ilə bağlı açıqlama verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, onun dediyinə görə, dünən keçirilən məhkəmə prosesi zamanı müzakirələrdən sonra məhkəmə iki həftəliyinə təxirə salınıb: "Avropada baş verən hadisələrə nəzər salsanız görərsiniz ki, bu ölkələrin Azərbaycana və Türkiyəyə olan münasibəti necədir. Biz də bunların arasında çox çətin şərtlərdə mübarizə aparırıq. Dünənki prosesdə də müzakirə davam etdi. İnanın ki, biz elə Qarabağdan, Xocalıda baş verənlərdən danışdıq.

Mən sual verdim ki, niyə 1992-ci ildə Xocalıda yüzlərlə insanı məhv etdiniz. Onlar cavab verə bilmədilər. Məhkəmə prosesi iki həftə sonraya təxirə salındı. Dediklərinə görə, iki həftə özləri bu məsələni araşdıracaq və qərar verəcək. Bundan iki həftə sonra da mənə qərarlarını bildirəcəklər. Noyabrın 14-də mənə işin nəticəsini bildirəcəklər. Vəkilimlə danışdım. O bir qədər ümidli kimidir. Amma bilirsiniz ki, bu Hollandiya məhkəməsidir və cəzalandırlacağımı gözləyirəm".
İ. Aşkın bildirib ki, hər məhkəmə prosesindən sonra ona veriləcək cəza artırılır. Hal-hazırda İlhan Aşkına 2 il şərti cəza və 120 saat ictimai işlərlə məşğul olmaq cəzası tələb edilir: "Əgər iki il müddətində eyni sözü təkrar etsəm 40 gün müddətinə azadlıqdan məhrum ediləcəyəm. Birinci məhkəmə prosesində mənə tələb edilən cəza 2 il şərti cəza və 80 saat ictimai işlərlə məşğul olmaq idi. Və mən bu iki ildə eyni sözü təkrar etsəm 15 gün azadlıqdan məhrum ediləcəkdim. İkinci prosesdə isə prokuror cəzamın artırılmasını tələb etdi. 15 gün həbs cəzası 1 ay və 80 saat inzibati cəza 120 saatla əvəz edildi. Yenə cəzamın artırılması tələb edilir. Bu dəfə prokuror həmin sözləri iki müddətində təkrar edəcəyim halda 40 gün müddətinə azadlıdan məhrum edilməyimi istəyir. Təbii ki, mən bununla razı deyiləm".

Aşkının sözlərinə görə, o "Qarabağ bizim dədələrimizin məzarıdır. İndi siz işğal etmisiniz. Nə vaxtsa həmin torpaqların sahibləri Qarabağı sizə məzar edəcək" sözlərinə görə, məhkəməyə verilib: "Bu onların xoşuna gəlməmişdi".

İlhan Aşkın deyir ki, əgər Hollandiya məhkəməsi onu cəzalandırsa, bu bütün türk dünyasını zərbə vuracaq. Bundan sonra erməniləri əli güclənək. Və onlar dünyanın müxtəlif böyük ölkələrində olan ən aktiv təşkilatlarımızı cəzalandırmağa başlayacaqlar.

"Bir müddət əvvəl İsveçrədə mənim kimi azərbaycanlı qalxıb, ermənilərə qarşı olanı demişdi. Ermənilər onu məhkəməyə verdilər. Adam çıxıb televizorda ağlayırdı. Üzr istədi və dedi ki, mən elə demək istəmirəm. Onu yox edəndən sonra düşündülər ki, başqa kim var - İlhan Aşkın var. Onu susdurmaq lazımdır" - deyə o bildirib.

Müsahibimiz bildirir ki, Hollandiyada olan Azərbaycan diasporundan heç kim ona dəstək olmayıb: "Bir tək "Ana Vətən" Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva zəng elədi. Keçən prosesə gəlmişdi. Bu dəfə gələ bilmədi. Ondan başqa Hollandiyada olan Azərbaycan diasporundan heç kim mənə dəstək olmayıb. Ancaq Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov bu işlə maraqlanır, zəng edir. Yardımlarını təklif edir. Dünən iş adamı Fizuli Məmmədov və Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Səftər Rəhimli gəlmişdi. Mən bu insanların hamısının adını deyirəm ki, sabah deməsinlər ki, "Biz İlhanın yanındaydıq". Fizuli Məmmədov mənə maddi və mənəvi dəstəkdir".

Sonda həmsöhbətimiz qeyd etdi ki, əgər bu məhkəmədə onu cəzalandırsalar, o Ali Məhkəməyə müraciət edəcək: "Əgər burada da məğlub olsam Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyəm. Bu işin sonuna qədər gedəcəyik. Avropa Parlamenti də məni günahkar çıxarsa, çıxıb bu ölkədən gedəcəyəm. Əgər buraxsalar. Mən ermənilərin qarşısında onlar üçün yol süpürən deyiləm. Həm haqlıyıq, həm də cəzalandırılırıq. Bu ədalətsizlikdir".

Xatırladaq ki, 2014-cü ildə Hollandiyadakı türk ictimai təşkilatları və Azərbaycan diasporunun təmsilçiləri Almelo şəhərində erməni kilsəsi önündə qondarma "erməni soyqırımı"na abidə ucaldılmasına etiraz edərək şəhər bələdiyyəsinin binası qarşısında aksiya keçirmişdi. Həmin aksiya zamanı Hollandiya Azərbaycan Türk Mədəniyyət Mərkəzinin rəhbəri İlhan Aşkın çıxış edib və ermənilərdən Qarabağı tərk etməyi tələb edərək, qeyd edib ki, əgər Qarabağı tərk etməsələr bura onlar üçün məzar olacaq.

Bu çıxışdan sonra dərnək rəhbəri iki erməni federasiyası və bir Hollandiya vətəndaşı tərəfindən məhkəməyə verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.