Cəmiyyət

“Hüquqazidd hərəkətlərə qarşı inamlı mübarizə aparılır”

15 Oktyabr 2018 19:56
0 Şərh     Baxış: 1 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə məktəblərdən uşaqların oğurlanması, böyrəyinin çıxarılıb sonra uşağın küçəyə atılması ilə bağlı yayılan söz-söhbətlər ciddi müzakirəyə və təşvişə səbəb olub. Hətta uşaq oğurluğu və orqan alveriylə məşğul olduğu iddia edilən qadının fotosu yayılıb. İddialara görə, bir neçə gün öncə Qubada bir uşaq oğurlanaraq böyrəyi çıxarılıb. Vatsap qruplarında paylaşılan səs yazısında qeyd edilir ki, cinayətkarlar uşaqları oğurlayarkən polis geyimindən istifadə edirlər.

Bu müddət ərzində isə bir dənə də olsun fakt aşkarlanmayıb. İrəli sürülən iddialar söz-söhbətdən o yana keçmir. Yayılanların şayiə olmasına rəğmən valideynlər çox narahatdır. Bütün məktəblərdə, mobil tətbiqlərdə, hətta ictimai nəqliyyatda belə hamı bu hadisədən danışır, vatsap qruplarına atılan səs yazısını bir-birinə dinlədirlər. Səs yazısındakı mətn eyni olsa da, məktəblərin adı müxtəlifdir. Birində hadisənin Xırdalanda, birində Suraxanı məktəblərində, digərində isə Hövsanda baş verdiyinə dair əsassız ünvanlar səslənir.

Milli.Az palitranews.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda və respublikanın şimal bölgəsində məktəbli uşaqların "orqan mafiyası" tərəfindən qaçırılması barədə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə deyib ki, sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir. Bu cür məlumatların şayiə və dezinformasiyadan başqa bir şey olmadığını qeyd edən O.Mansurzadə iddia olunan yerlər də daxil olmaqla ümumiyyətlə respublikanın heç bir bölgəsində belə halların qeydə alınmadığını deyib: "Bu məsələ ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb, heç bir fakt qeydə alınmayıb. Biz dəfələrlə qeyd etmişik, ictimaiyyətə bildirmişik ki, vətəndaşlar qarşılaşdıqları, üzləşdikləri istənilən hüquq pozuntuları, cinayət xarakterli hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin "102-Zəng Mərkəzi" Xidmətinə məlumat versinlər və ya aidiyyəti üzrə polis orqanlarına müraciət etsinlər. Əhali arasında əsassız olaraq çaşqınlıq, qorxu atmosferi yaradılmasına xidmət edən təxribat xarakterli belə məlumatların bilərəkdən, müvafiq dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparılmadan yayılması, sosial şəbəkələrdə və bir sıra xəbər portallarında tirajlanması mövcud qanunvericiliyin tələblərinə görə yolverilməzdir və kütləvi informasiya azadlığından bu formada sui-istifadə müəyyən hüquqi məsuliyyət də doğurur".

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev də KIV-ə açıqlamasında mobil telefonlara vatsap proqramı vasitəsi ilə yayılan şəkil və səs yazılarının dezinformasiyadan başqa bir şey olmadığını deyib: "Yəni bir məlumat ki, öz təsdiqini tapmır, demək ki, həqiqəti əks etdirmir. Ümumiyyətlə, bu cür hadisələrə gərək insanlar da diqqətli və həssas yanaşsınlar. Bir nüansı xatırlatmaq istəyirəm. Hətta sosial şəbəkələrdə, guya bu uşaq oğrularının hansı cinsə (qadın) mənsub olması və milliyəti də (rus) qeyd olunub. Ən əsası ilə onların fotoşəkilləri də çəkilib. İndi siz təsəvvür edin ki, biz azərbaycanlı olaraq, bir xalq olaraq, irsən bizə keçən mental dəyərlərimiz, qeyrətimiz, uşaqlara qarşı sevgimiz bu qədər olan yerdə kimsə gəlib məktəbin qabağından uşağı oğurlayacaq və ona kimsə müdaxilə etməyəcək, hətta onun şəklini çəkəcək ki, sosial şəbəkədə paylaşsın və "diqqətli olun" yazsın. Yəni şəklini çəkməkdənsə, onun özünü zərərsizləşdirər. Ona görə bu cür məlumatlar təxribat xarakteri daşıyır, bunu edənlər bilməlidirlər ki, onlar buna görə məsuliyyət daşıyırlar. Təbii ki, hüquq-mühafizə orqanı tərəfindən ölkədə təhlükəsizliyin qorunması daim təmin edilir və hüquqazidd hərəkətlərə qarşı inamlı mübarizə aparılır".

E.Nurəliyevin sözlərinə görə, məktəbdən kənarda uşaqların hərəkətlərinə, davranışlarına və təhlükəsizliyinə görə məktəb cavabdehlik daşımır: "Onun üçün valideynlər uşaqları məktəbə yola salanda, yaxud götürəndə diqqətli olmalı, uşaqlara lazımi məlumatları verməli, küçədə özünü necə aparmalı, yolu keçərkən nə etməli, ona kənar şəxs yaxınlaşarsa nə etmək lazım olduğunu öyrətməlidir. Müəyyən yaşa qədər olan siniflərdə oxuyanlar üçün əgər bir həyətdən 4-5 ailədən uşaq eyni məktəbə gedirsə, hər gün biri növbə ilə apara bilər. İnsanlar əgər bu cür hadisələr ilə qarşılaşarsa DİN-in "102-Zəng Mərkəzi" Xidmətinə məlumat verməklə vətəndaşlıq borcunu yerinə yetirmiş olarlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.