Cəmiyyət

Turizm sferasının qış tədarükü

12 Oktyabr 2018 23:59
0 Şərh     Baxış: 572

Ekspertlər deyir ki, mövsümlüyü aradan qaldırıb, illik fəaliyyətə nail olmaq lazımdır 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq qış turizminə hazırlıq işlərinə başlanılıb. Belə ki, yerli turizm şirkətləri xarici tərəfdaşlara Azərbaycanda qış turizmi ilə bağlı turpaketləri göndərməyə başlayıb". Bunu mətbuata açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, yerli turizm şirkətləri əsasən dağ-xizək turizmi ilə bağlı işlər görürlər: "Yay mövsümü bitdikdən sonra ən aktual mövzu qış turizmidir. Dekabrın 1-dən qış turizminin açılışı olacaq".

Assosiasiyanın sədri qeyd edib ki, dünyada ən populyar qış turizmi məhz xizəksürmə ilə bağlıdır və Azərbaycanda da bu sahə hər il getdikcə inkişaf edir: "Hər il ölkəmizə qış turizmi ilə bağlı xaricdən daha peşəkar xizəkçilər gəlir. Ümid edirik ki, keçən ilə nisbətən bu il qış turizmi ilə bağlı ölkəyə gələn turistlərin sayı daha da artacaq. Ötən ilə nəzər salsaq, görərik ki, çox sayda peşəkar xizəkçi istirahət üçün məhz buranı, xüsusən də Şahdağı seçib". 

Qış turizminə hazırlıqla bağlı mütəxəssislərin fikirlərini öyrəndik. 

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirdi ki, turizm sahəsinin inkişafı fəsil dəyişikliyindən asılı olmamalıdır: "Edilən hazırlıqlara, görülən işlərə əsasən, bu il qış mövsümündə əvvəlki illərə nisbətən daha çox turistin gələcəyi gözlənilir. Hazırda əsas diqqət Tufandağ və Şahdağ turizm komplekslərinə yönəlib. Təbii ki, paytaxtda da kifayət qədər turist olacaq, amma onu da qeyd edim ki, son dövrlər qış mövsümündə regionlarımıza da maraq artıb. Bu gün turizm sektorunun qarşısında duran əsas vəzifə, turizmi mövsümsüz etməkdir. Yəni qış, yay mövsümündən asılı olaraq fəaliyyət göstərən turizm obyekti olmasın. Biz çalışırıq ki, turizm sektorunda olan bütün müəssisələrin illik fəaliyyəti təmin edilsin. Bacardığımız qədər, bu sahənin fəaliyyətini təbiətin şıltaqlığından asılı etməməliyik. Turizm şirkətləri də son dövrlər aktuallaşıblar. Yeni xidmətlər, marşrutlar təklif edirlər". 

"SKAL Baku Klubu" turizm peşəkarları təşkilatının sədri Ceyhun Aşurov qeyd etdi ki, Azərbaycanda qış turizmi kifayət qədər inkişaf edib: "Əvvəllər yerli turistlər də qış mövsümündə istirahət üçün qonşu ölkələri seçirdilərsə, indi onlar ölkəmizdəki infrastrukturdan yararlanırlar. Bölgələrimizdə fəaliyyət göstərən Tufandağ və Şahdağ turizm kompleksləri heç də  dünya standartlarından geri qalmır. Ümumdünya Turizm Təşkilatının qiymətləndirməsinə görə, turistlərin təxminən üç də biri qış aylarında səyahətə üstünlük verirlər. Azərbaycanda isə bu statistika ölkəmizə gələn ümumi turist sayının 5-6 faizi qədərdir. Təcrübə göstərir ki, mövsümi komplekslərimiz əsas etibarilə həftə sonları dolu olurlar. Həftə içi isə əksinə, seyrəklik müşahidə olunur. Bu sahənin gəlirliliyinə və inkişafına nail olmaq üçün turizm marketinqi elə qurulmalıdır ki, mövsümün hər dövründə, həftənin bütün günlərində turist axını olsun. Məncə, bu kimi problemləri həll etmək üçün turistlərin marağına səbəb ola biləcək yarışlar, oyunlar keçirmək olar. Həmçinin xidmət sahəsində müəyyən kompaniyaların, endirimlərin olması insanların diqqətini cəlb edə bilər. Turizm növlərinin sayını artırmaq və onların mövsümdən asılılığına son qoymaq lazımdır. Digər tərəfdən turizm şirkətləri ilə kompleksləri arasında qarşılıqlı danışıqlar olmalıdır. İstənilən turizm obyektinin qarşısına qoyduğu bir məqsəd var: turistin istirahətini və əyləncəsi təmin etməklə, onun pul xərcləməsini təmin etmək. Bu kimi məsələlər ciddi marketinq strategiyası tələb edir. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə müəyyən planlı işlər görüləcək və turizm sahəsi daha da inkişaf edəcək". 

"Luna Travel" turizm agentliyinin direktoru Rəhman Quliyev qış mövsümündə turpaketləri müştərilərin tələbatına uyğun hazırladıqlarını deyir: "Biz stabil turpaketlər təklif etmirik. Hər bir müştərinin tələbat bazası var. Hansı ki, orada həm xidmət, həm də qiymət əsas götürülür. Agentliyimiz vasitəsilə istər ölkəmizə gələn, istər gedən turistlərin fikirlərinə çox böyük önəm veririk. Turpaketləri onların istəyinə uyğun təşkil edirik. Gedən turistlər əsas etibarilə yaxın ölkələrə üstünlük verirlər. Bəzi hallarda Dubayı da seçənlər olur. Çünki bu istiqamətlərdə həm qiymət sərfəlidir, həm də servis yüksək səviyyədədir. Biz də öz növbəmizdə tələbata uyğun turpaketlər hazırlayırıq. Gəlmə turistlərlə bağlı da yeni təkliflər var. İlk olaraq, ümumi bazarı araşdırırıq, turistlərin fikirlərini öyrənir və bunların əsasında otellərə xidmət təklifləri göndəririk. Məsələn, otellərdə yeni il şənliklərinin daha maraqlı olması üçün tövsiyələr edirik. Bəzən elə turist olur ki, o şənlik yox, sadəcə, dincəlmək, sakitlik istəyir. Bunun üçün də, onun istəyinə uyğun turpaket hazırlayırıq. Bizə lazım olan budur ki, büdcəsindən asılı olmayaraq, ölkəmizə gələn hər bir turist bizdən razı getsin. Bu kimi məsələlərə böyük diqqət ayırdığımız üçün son bir neçə ildə ölkəmizə gələn qonaqların sayı artıb. Məncə, zamanla, Azərbaycan turizm potensialına seçilən ölkələrdən olacaq".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.