Cəmiyyət

Nağıllara inanaqmı?

26 Sentyabr 2018 12:39
3 Şərh     Baxış: 2 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rasional düşünmək, məntiqli davranmaq, gələcəklə bağlı fəaliyyət planı qurmaq və bütün bunları soyuqqanlı şəkildə həyata keçirmək gələcəyimizi düzgün qurmağımıza ciddi şəkildə təsir edir.

Bütün bunlar gələcək həyatımız üçün nəzərə almalı olduğumuz vacib nüanslardır.

Bunun əksi, yaşımızın neçə olmasından asılı olmayaraq xəyallar aləmində yaşamaq, nağıllara inanmaqdır. Reallıq hissini itirməyimiz bizim yaradıcı inkişafımıza stimul ola bilər, amma diqqətlə düşünsək faciədir.

Nağılların yalan olduğunu bizə vaxtında öyrətməli idilər...

Və ən qəribəsi, insan xəyallar aləmində yaşayarkən faciənin dərinləşdiyini hiss etmir.

Biz çox gec anlayırıq ki, xəyallar çox vaxt gerçəkləşmir.

Çünki reallıqda şərtlər başqadır.

Reallıqlar nağıllardan amansızdır.

Vaxtı çatanda nağıl qəhrəmanı olmaqdan vaz keçməyi, ayağımızı yerə möhkəm basmağı öyrənməliyik.

* * *

Şəxsi nümunə bəzən müəyyən məsələləri aydınlaşdırmağa kömək edir. Ona görə də yazılarımda çox vaxt şəxsi nümunədən çıxış edirəm.

Əslində, "Məsələn, mən" deyərək, başqalarına məsləhət verməyi sevmirəm, amma görk olsun deyə uğursuzluqlarımı mənfi nümunə olaraq göstərməyi bacarıram.

Sevimli oxucularım, yanlış anlamayın, amma yenə şəxsi nümunədən çıxış edəcəm.

Məsələn, mən;

  • Dostlarımı, tanışlarımı, sevdiklərimi heç vaxt narazı salmaq istəməmişəm.
  • Mənimlə münasibət qurmaq istəyən insanlara hörmətlə yanaşmışam.
  • Ən mənasız fikirləri də sonacan dinləməyə çalışmışam.
  • Mübahisələrdən, fikir ayrılıqlarından qaçmışam.
  • Bəzən bilərəkdən reallıqla barışmaq istəməmişəm.
  • Gözümün önündəki həqiqətlərə yox, xəyalını qurduğum dünyaya sığınmışam.
  • Dəfələrlə öz eqoma xəyanət etmişəm.

Bütün sadaladıqlarımdan yalnız ziyan gördüm, bütün bunlara görə çox vaxt peşimanlıq yaşadım.

Bəs bütün bunlardan sonra dəyişə bildimmi?

Əsla!

Təəssüf ki, reallıqdan təcrid olunmuş halda yaşayırdım.

Təəssüf ki, hələ də nağıllara inanıram...

Və bütün yaşadıqlarımdan dərs çıxaracaq yaşa çatdıqdan sonra həyatımı başqa şəkildə qurmağa cəhd edirəm.

Alınıb, alınmayacağını bilmirəm.

Sadəcə, çalışıram.

* * *

Mən indi yavaş-yavaş dərk edirəm ki;

  • Rasional düşünmədən hədəflərə çatmaq mümkün deyil.
  • Məntiqli davranmadan uğur qazanmaq şansımız azdır.
  • Fəaliyyət planı qurmadan uğura nail ola bilmərik.

Xəyallar planlarımızı alt-üst edən, gələcək həyatımızda bizə mane olan, bəzən həyatımızın yönünü dəyişən sarsaq illüziyalardır.

Rasionallıq gücdür, məntiqli düşünmək və planlı yaşamaq uğur qazanmağmızın qarantıdır.

Reallıqla barışmaq, soyuqqanlı qərarlar vermək, vəziyyəti doğru qiymətləndirmək isə mənə görə ən böyük uğurdur.

Cəlil Cavanşir
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.