Cəmiyyət

Salman Rüşdinin dünyanı dağıtmağa çalışan cinləri

25 Sentyabr 2018 12:11
2 Şərh     Baxış: 2 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çağımızın böyük yazarlarından olan Salman Rüşdinin adı nə qədər kobud səslənsə də təəssüflə deməliyik ki, Şərq-müsəlman oxucusunda ikrah doğurur. Çoxları onu İslam peyğəmbərini təhqir etmiş yazıçı kimi tanıyır. Bu səbəbdən də müsəlman ölkələrində Salman Rüşdi yaradıcılığı az qala heç bilinmir. Halbuki Rüşdinin yaradıcığı, demək olar, bütövlükdə Şərq mədəniyyətinə, mif və əfsanələrinə söykənib. Bu baxımdan onun əsərləri bizim üçün daha doğma olardı, nəinki Qərb oxucusu üçün.

Nə etməli? Salman Rüşdinin də yaradıcılıq taleyi bu cür gətirib. Şərqdə nifrətlə yad edilir, Qərbdə böyük sevgi ilə qəbul olunub qorunur. Qərb onu maqik realizmin böyük ustalarından hesab edir, Şərq isə kafir kimi baxır. Salman Rüşdi bu mənada böyük Şərq filosofu İbn Rüşdü xatırladır. O da eynən Qərbdə xristian teoloqları tərəfindən böyük maraqla qarşılandığı, yaradıcılığı, fikirləri böyük başlanğıclara səbəb olduğu halda Şərq onun barəsində susurdu. Çox güman bəhs edəcəyimiz romanda İbn Rüşdün yer alması bir az da bu səbəbdəndir.

Salman Rüşdi "İki il, səkkiz ay, iyirmi səkkiz gecə" romanında da öz yaradıcılıq yoluna sadiq qalır. Bu dəfə yazıçı "Min bir gecə" nağıllarına müraciət edir, ordakı motivlərdən faydalanır, Şəhrizada çevrilir. Romanın adı da bunu deyir: iki il, səkkiz ay, iyirmi səkkiz gecə barmaq hesabı ilə götürdükdə elə min bir gecə edir.

"Min bir gecə" nağıllarında hadisələr orta əsrlərin ən varlı şəhəri Bağdadda baş verirsə, Rüşdinin romanında hadisələr müasir Bağdadda - Nyu-Yorkda cərəyan edir. Cinlər, cinniyələr, pərilər də öz yerində. İlk baxışdan qəribə gəlir, cinlərin Nyu-Yorkda nə işi var?

"İki il, səkkiz ay, iyirmi səkkiz gecə" çağdaş "Min bir gecə" nağılıdır. Əsərdəki hadisələr indiki dövrümüzdə baş versə də təhkiyəçi - müəllif - Şəhrizad bu hadisələri üstündən min il keçəndən sonra anladır.

İlk baxışda "İki il, səkkiz ay, iyirmi səkkiz gecə" sıradan bir fentezi nümunəsi təsiri bağışlayır. Axı cinin müasir sivilizasiyanın mərkəzinə düşməsi yeni hadisə deyil? Dünya kinematoqrafiyası bir qırağa, bizim özümüzdə buna kifayət qədər nümunə var. Biri elə Sovet yazıçısı Lazar Laqinin eyni adlı povesti əsasında çəkilmiş "Qoca Xottabıç" filmi. Ayıq oxucu dərhal qulağıma pıçıldayır: "Cin mikrorayonda" filmini niyə demirsən? Üstəlik, bizim cinlər diyarına səfərə edən insan haqqında da filmimiz ("Qərib cinlər diyarında") var.

Adını sadaladığımız sənət nümunələrində cin, sadəcə, günümüzə uyğunlaşdırılan nağıl personajıdır. Rüşdinin romanında isə cinlər təkcə əsərə maqik don geyindirmək üçün mövcud deyil, bunun çox ciddi fəlsəfi səbəbləri var.

"İki il, səkkiz ay, iyirmi səkkiz gecə" romanı Nyu-Yorkda başlayan böyük dünya müharibəsindən bəhs edir. Bu savaşı başladanlar cinlərdir, bir tərəfdə Pəristan - Pərilər diyarının prinsesi, cinniyə Dunia və onun insanla izdivacından doğulan, fövqəlbəşəri qüvvələrə sahib övladları, digər tərəfdə Böyük İfrit Zümrüd Şah, iki köməkçisi Qan İçici Rəhim və Dirəhşan Yaqut, bir də Zəbərdəst. Bu savaş təkcə insanla cinlərin, Xeyirlə Şərin savaşı deyil, həm də iki böyük Şərq filosofunun, iki fəlsəfənin, ağılla inancın, materiya ilə mistikanın, zahirlə batinin, nəhayət İbn Rüşd ilə Əl-Qəzəlinin də savaşıdır.

Qərbdə Averroes kimi tanınan İbn Rüşd fəlsəfə tarixində özünün Aristotelə yazdığı şərhləri ilə qalıb. Bu səbəbdən onu daha çox şarih və ya kommentator kimi tanıyırlar. O, aristotelizmi yenidən  canlandırmaqla yanaşı Əl-Qəzəli kimi mistik Şərq filosoflarına qarşı çıxır, rasionallığı əsas götürür, dünyanın dərkolunan olduğunu iddia edirdi. 

Əlmüvəhhidilər xəlifəsinin sarayında böyük nüfuza malik olan İbn Rüşd həm də sultanın şəxsi həkimi idi. Lakin xilafət ərazisində fanatik bərbərlərin gücünün artması nəticəsində İbn Rüşdün fikirləri "Qurana qarşı" olduğuna görə güclü tənqidlərlə üzləşir, nəhayət alim sultanın gözündən düşür. Beləliklə, bütün əsərləri yandırılan İbn Rüşd Kordova yaxınlığında bir kəndə sürgün edilir. O, burada təbibliklə yanaşı, at ticarəti ilə məşğul olur, tanaja adlı gil qabların hazırlanmasında finansmanlıq edir.

Lakin bir gün böyük alimin yanına on altı yaşlarında gözəl bir qadın gəlir. İbn Rüşd özündən qat-qat cavan olan Dunia adlı qadını evinə qəbul edir. İki il, səkkiz ay, iyirmi səkkiz gecə birlikdə yaşadıqları müddətdə böyük alim qadına özünün fəlsəfi fikirlərini aşılamaqla yanaşı qollarının arasında "sığınacaq" da verir. Fövqəl-bəşəri qüvvələrin varlığına inanmayan filosof  evində və qoynunda sığınacaq verdiyi qadının bir əcinnə olduğunu heç vaxt bilmir: "Məntiq adamı olduğundan qızın fövqəltəbii bir varlıq, qadın cinlər qövmü cinniyələr arasından bir cinniyə olduğunu təxmin etmədi, oysa qarşısındakı qız insan növünün erkəklərinə, xüsusən də parlaq zəkası olanlara qarşı hiss etdiyi marağın arxasınca dünyəvi bir macəraya atılmış olan böyük cin prinslərindən biriydi. Onu kahyası və aşiqi olaraq qəbul edib evinə aldı... Sonrakı iki il, səkkiz ay, iyirmi səkkiz gecə boyunca üç dəfə hamilə qaldı, dəqiq olmayan qaynaqlara görə hər səfərində ən az yeddi, bir səfərində də çox güman on bir, hətta on doqquz uşaq doğdu. Uşaqlarının hamısı Dunianın ən nəzərəçarpan xüsusiyyətini daşıyırdı; heç birinin sırğalığı yox idi".

İbn Rüşd Duniadan olan övladlarını "Min bir gecə" nağılçısı Şəhrizadın bacısının şərəfinə Dünyazad adlandırır və cinniyə ilə iki il, səkkiz ay, iyirmi səkkiz gecə birlikdə yaşadıqdan sonra onu tərk edərək sultanın çağırışı ilə yenidən saraya dönür, bir il sonra isə vəfat edir.

Filosof onu tərk edəndən sonra Dunia yenidən soxulcan boyda dar keçiddən keçərək Pəristana qayıdır, cinlər kralı olan atasının oradakı sarayında qərar tutur.

İbn Rüşdün Şərqdə ən böyük inkarçısı hələ səksən beş il əvvəl İranın Tus şəhərində vəfat etmiş böyük şərq mistiki Əl-Qəzəli idi. İbn Rüşd onun "Təhəfüt əl-Fəlsəfə" (Fəlsəfəni tənqid) əsərinə cavab olaraq "Təhafütü't Təhafüt"ü (Təkzibi təkzibetmə) yazmışdı. Əl-Qəzəli "Təhəfüt əl-Fəlsəfə"də Aristotelin davamçısı sayılan İbn Sina və Fərabini kəskin tənqid edir, Aristotelin fəlsəfi təlimini inkar edir, hətta onu İslama zidd sayırdı.

Əgər Əl-Qəzəli Şərq fəlsəfi fikir tarixinin böyük filosoflarından, sufizmin banilərindən idisə, İbn Rüşdi də Qərbi Avropada dünyəvi fəlsəfi fikrin banisi hesab olunurdu. Əgər İbn Rüşd zahirdirsə, Əl-Qəzəli batindir.

Salman Rüşdi burda da öz incə yumorundan qalmır: Aristotel fəlsəfəsinin alovlu tərəfdarı bir yastığa baş qoyduğu qadının insan obrazına girmiş bir cin olduğunu heç vaxt bilmir.

İbn Rüşdlə Əl-Qəzəlinin toza dönmüş cəsədləri məzarda bir-biriləri ilə danışır. Filosoflar səkkiz yüz il əvvəl başladılmış fəlsəfi müzakirəyə son vermək istəyirlər:

""İnsanlığı tək insanmış kimi düşünək", - deyə sözə başladı İbn Rüşd. "Uşaq heç bir şey anlamır, kifayət qədər bilgisi olmadığı üçün inanca sarılmağa məcburdur. Məntiq və batil inanc arasındakı mücadiləyə insanlığın uzun yeniyetməlik dönəmi deyə bilərik, məntiqin zəfəri də insanın yetikinliyə çatması ilə mümkün olacaqdır. Tanrı yoxdur demirəm, amma hər qürurlu valideyn kimi o da uşağının öz ayaqları üzərində duracağı, dünyada yolunu cızacağı, ona möhtac olmaqdan xilas olacağı günü gözləyir."

"Nə qədər ki, Tanrı üzərindən iddialarda olacaqsan", - deyə cavab verdi Əl-Qəzəli, "nə qədər ki, rasional və müqəddəsi bacarıqsızca uzlaşdırmağa çalışacaqsan məni əsla yenə bilməyəcəksən. Niyə inancsızlığını etiraf etmirsən? Sözə ordan davam edə bilərik. Hələ nəslindən gələnlərə bax: Qərbin və Şərqin tanrıtanımaz alçaqları. Sözcüklərin yalnız kafirlərin zehnində qarşılıq tapdı. Həqiqətin arxasıyca gedənlər səni unutdu. Həqiqətin ardınca gedənlər məntiqlə elmin insan zehninin həqiqi yeniyetməliyi olduğunu bilirlər. İman Allahın bizə ərmağanıdır, məntiq ona qarşı yeniyetməlik üsyanımızdır. Yetkinliyə çatdığımızda nəyi eləmək üçün doğulmuşuqsa, onu eləyib inanca qayıdacağıq".

"Zamanla görəcəksən ki", - dedi İbn Rüşd, "insanların sonunda Tanrıdan üz çevirməsinə din səbəb olacaq. İnanclılar Tanrının ən pis vəkilləridirlər. Min bir il də davam etsə, sonunda din silinib gedəcək və ancaq o zaman Tanrının həqiqətini yaşamağa başlayacağıq".

"Bax", - dedi Əl-Qəzəli. "Afərin. İndi saysız bicin atası, həqiqi üzünü göstərib küfür cinayəti işləməyə başladın". Sonra esxatalogiya məsələlərindən söz etməyə başladı və son zamanlarda ən sevdiyi mövzu olduğunu söylədi. İbn Rüşdü həm təəccübləndirən, həm həyəcanlandıran bir coşqu ilə uzun müddət qiyamətdən, məhşər günündən söz etdi. Təşrifat qaydalarına uyğun olmasa da, nəhayət, daha gənc adam böyüyünün sözünü kəsdi: "Artıq qəribə şəkildə bir ovuc tozdan başqa bir şey olmadığımız üçün dünyanın yerdə qalanını məzara soxmağa həvəsli kimisiz".

"Bütün insanlar o cür etməlidirlər", - dedi Əl-Qəzəli. "Zira, yaşayanların həyat dediyi şey, sonradan gələcək olanla müqaysədə əhəmiyyətsiz bir axmaqlıqdan başqa bir şey deyil".

Əl-Qəzəli İbn Rüşddən fərqli olaraq cinlərin varlığına inanırdı. Bir gün Tus küçələrində dolaşarkən çıraq tapır. Cini çıraqdan azad edən Əl-Qəzəli ondan əksər insanlar kimi mal-mülk, güc istəmir, əvəzində mən nə vaxt çağırsam, onda gələrsən deyir. Və səkkiz yüz il sonra, məzarında çürüyüb toz olmuş Əl-Qəzəli o cini çağıraraq istəyini deyir: Dünyanı qarışdır. Həmin cin kim olsa yaxşıdır, Əzəmətli Zümrüd Şah. Əl-Qəzəli Zümrüd Şaha belə buyurur: "Qorxu sal. Günahkarları ancaq qorxu Tanrıya yönəldə bilər. Qorxu Tanrının parçasıdır, çünki insan denən zəif varlığın hər şeyə qadir Tanrının hüdudsuz gücü və cəzalandırıcı təbiəti qarşısında verdiyi ən münasib qarşılıqdır. Qorxunun Tanrının əks-sədası olduğunu belə söyləmək olar, bu əks-sədanın eşidildiyi hər yerdə insanlar dizləri üstə çöküb mərhəmət diləyər. Dünyanın bəzi yerlərində Tanrı qorxusu, onsuz da, var. Bu yerləri boş ver, buralara uğrama. İnsanların qürurlarının şişkin olduğu, özlərini Tanrıya tay tutduqları yerlərə get, cəbhəxanalarını və anbarlarını, texnologiya, elm və sərvət məbədlərini yerlə bir et. Tanrının sevgi olduğunu söyləyən həssas insanların yaşadığı yerlərə get. Get, onlara gərçəyi göstər".

Əl-Qəzəlinin qərarını eşidən İbn Rüşd onu məzarda ziyarətə gəlmiş Duniaya son tapşırığını da verir: "...onun Tanrısı pis niyyətli bir Tanrı deməkdir, yaşayanların həyatına heç dəyər verməyən bir Tanrı; uşaqlarımın uşaqları da bunu bilsin istərdim, belə bir Tanrıya düşmən olduğumu bilsinlər, belə bir Tanrıya mənim kimi qarşı çıxsınlar, məqsədinə çatmağa imkan verməsinlər".

Əl-Qəzəli inanırdı ki, dünya nə qədər tez qarışsa, zülm nə qədər çox hakim olsa, insanlar o qədər tez Tanrıya üz tutarlar. Dünyanın dağılması məsələsində cinlərlə Əl-Qəzəlinin fikirləri üst-üstə düşür. Pəristanda hakimiyyəti ələ keçirmiş Böyük İfrit Zümrüd Şah, onun iki köməkçisi Qan İçici Rəhim və Dirəhşan Yaqut, bir də Zəbərdəst kimi cinlər Yer üzündə də hakimiyyət qurmaq istəyirlər. Amma üstündən on əsrə yaxın vaxt keçsə də Dunia yer üzündə qoyub gəldiyi, İbn Rüşdün və öz soyundan gələn övladlarını unutmayıb. Ana tərəfdən cin soyundan gəldikləri üçün Ceronima, Fırtına uşaq, Jimmi Kapur, Teresa Saca və başqaları fövqəltəbii xüsusiyyətə malikdirlər. Ceronimanın bədəni cazibə qanununa tabe olmur, dolayısı ilə yeriyəndə ayağı yerə toxunmur. Bir gün qəfil fırtınadan sonra Nyu-York merinin masasında peyda olan çağa isə rüşvərxor məmurları şimşəklə yandırmaq gücünə malikdir. Dunia fövqəltəbii gücə malik övladlarının köməyi ilə üsyankar cinlərə qalib gəlir, beləliklə iki il, səkkiz ay, iyirmi səkkiz gün davam edən dünya savaşından sonra Zümrüt Şah və tərəfdarları yenidən çırağa salınır. Bundan sonra istər cinlər, istərsə də insanlar aləmində əmin-amanlıq bərqərar olur.

İki böyük filosofun səkkiz yüz ildən çox bir müddətdə davam edən mübarizəsi də İbn Rüşdün qələbəsi ilə yekunlaşır: "...Əl-Qəzəlinin Əzəmətli Zümrüdə dediyi iddianın doğru olmadığını sübut etdik. Nəticədə qorxu insanları Tanrıya yönəltmədi".

Mirmehdi Ağaoğlu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.