Cəmiyyət

Lütfən, qocalarımız daha çox yaşasın

21 Sentyabr 2018 11:59
8 Şərh     Baxış: 3 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir dəfə yaşlı bir kişiylə söhbətimiz zamanı dedi ki, hər məmləkətdə biz qocalara olan hörmət aldığımız pensiyaya uyğundur. Sonra sağ əlini havaya qaldırdı, qəribə bir simmetriyayla salladı aşağı. Bununla ona verilən dəyərin, qoyulan hörmətin, əməkliliyə münasibətin necə azaldığını göstərirdi.

Qocanın sözləri məni tədirgin elədi. Bütün günü pul haqqında düşündüm. İndiyədək fərqində olmadığım qayğılar, narazılıqlar çulğadı içimi. Həmin gün həmişəkindən 2 dəfə çox siqaret çəkdim, 4 dəfə çox çay içdim. Əhvalım düzəlmədi. Həm də əmin oldum ki, çox düşünmək adamı daha çox xərcə salır. Fikirdən qoşa barmaqla cütləyib sümürdüyün siqaretlərin sayı artır, qaynar sallama çayla dolu fincan tez-tez boşalır. Həm özün xərclənirsən, həm də pulların.

Ənənə belədir ki, bir ölkədəki adi bir göstəricini uyğun gəldi gəlmədi, yaradı yaramadı, digər ölkələrdəkilərlə müqayisə edirlər. Balaca, həlli asan sosial problem bilərəkdən şişirilib XIX əsrdə ABŞ-da zəncilərə olan münasibətlə eyni müstəviyə itələnir. Nəticədə, insanlar öz problemlərinin izafi dəyərini, nisbi çəkisini, mənəvi yükünü zəncilərin azadlıq mübarizəsi böyüklükdə, döyüşkən şotlandların bir vaxtlar ac qalmamaq üçün dəridən-qabıqdan çıxdıqları fədakarlıq genişlikdə olduğunu zənn edirlər. Sosial ara qarışır.

Yaş artdıqca pula, maddi düzənə olan ehtiyacın çoxalmasısa tamam başqa məsələdir. Ciddi sosial-fəlsəfi əsasları var. Bu isə birbaşa pensiyanın, "qocalıq pulu"nun dəyərindən asılıdır. Qocalar üçün daha çox pul daha çox yaşamaq deməkdir. Daha çox sevinmək, ümidlənmək, ürəyi gücə, beyni zora salmamaq deməkdir. Aptekə valerian, sakitləşdirici həblər almaq üçün getməyin əvəzinə piylənməni azaldan dərmanlar almaq üçün yollanmaqdır. Metroda əli əsə-əsə, utana-utana hər hansı gəncə yaxınlaşıb "məni də keçirərsən?" sualının əvəzinə 20 manatlığı inamla kartına yükləyib tanımadığın tələbələri metrodan keçirmək həvəsidir. Bəli, pensiyanın, təqaüdün çoxluğu yaşlılar üçün ən həyati əlamət olan həvəsi artırır. Özü də yaşam həvəsini. Uzun illər əvvəl rayona ərə verdiyin qızının evinə gözükölgəli getmirsən, kasıb kürəkəninə əl tutursan. İşsiz oğlunun günlük xərclərini ödəyirsən. Çayxanaya vaxtını öldürməkçün yox, ümidlərini yaşatmaqçün gedirsən.

Çoxlu pul (pensiya) həm də hərəkət deməkdir. Fəaliyyətdir. Yaşlı insanlara isə ən vacib olan da budur. Mümkün qədər çox yerimək. Özü də xırda addımları əlamətdar nizamla, şövqlə atmaq ayrı bir xoşbəxtlikdir.

Bir coğrafiyada yoxsulların böyük hissəsinin yaşlılardan ibarət olmaması oranın ciddi uğurudur. Fiziki iş qabiliyyətini yadırğayanlar gənclərdən də, qadınlardan da pula daha çox möhtacdırlar.

Yaşlanmaq həm də statusun, reputasiyanın, himayədar obrazının kükrəyib artması deməkdir. Ailədə söz və qərar sahibisən. Məsləhət sandığısan. İndi oğul, qız, nəvə, nəticə - 15-20 nəfərin gözü səndədir. Şirinlik istəyənlər çoxdur. Sənin onları gəzməyə, əylənməyə aparanların da sayı artıb. Yenə bu gözəl qayğılarının nəticələnməsi aldığın təqaüdün qədərindən asılıdır.

Əmin olun ki, şəhərin istənilən küncündəki taxta skamyada mürgüləyən qocanı ayıldıb ən böyük istəyinin nə olmasıyla bağlı verdiyiniz suala "pensiyam bir az da çoxalsın" cavabını alacaqsınız. Bəli, dünyada pul da, qayğı da, mərhəmət də ən çox qocalara lazımdır. Ömürlərinin böyük qismini xərcləyən yaşlılar daha çox pul xərcləməlidir.

Orxan İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.