Cəmiyyət

Samuxun Düldül çinarı: Arzu, niyyət, inam yeri - FOTO

23 Sentyabr 2018 23:25
0 Şərh     Baxış: 2 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarixin yadigarı yalnız insan zəhməti ilə ucalan tikililər deyil, həm də təbiətin öz hökmü ilə yaratdığı abidələrdir. Belə abidələrdən biri Samuxun Kolayır kəndinə gedən yoldan azacıq aralıda ucalan əzəmətli Düldül çinarıdır.

Əslində Düldül 4-cü raşidi (doğru yolla gedən) xəlifəsi Əli ibn Əbu Talibin atının adı olsa da, Gəncəbasar bölgəsinin sakinləri nəhəng gövdəsi, iri qol-budağı və əzəmətli görünüşü ilə hər kəsi heyrətləndirən uca çinar ağacını müqəddəs sayaraq, onu Düldül adlandırıblar.

Milli.Az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri yerli sakinlərlə görüşüb, Düldül çinarı haqqında məlumatlar toplayıb. Sakinlər bildiriblər ki, rəvayətə görə, Düldül Məhəmməd Peyğəmbərin ağ dişi qatırının adı olub. Bu qatır Peyğəmbərə Əfəyr adında eşşəklə birlikdə misirli Müqavqis tərəfindən hədiyyə olaraq göndərilib. Qatır sürətli yeridiyi və çevik olduğuna görə ona Düldül (kirpi) adı verilib.

Sonralar Düldül Əli ibn Əbu Talibə Peyğəmbər tərəfindən hədiyyə edilib. İmam Əli də onun adı ilə bağlı bir çox rəvayətlərdə Zülfüqar adlı qılıncı və Düldül adlı atı ilə anılıb. Əli bu atın üstündə düşmənlərlə müharibə edib, Düldülün çevikliyi və Zülfüqarın kəsəri sayəsində çoxsaylı uğurlar qazanıb. Deyilənlərə görə Düldül İmam qətl edildikdən sonra Müaviyə zamanına qədər (661-681) yaşayıb, çox qocalıb, dişləri tökülüb və Yanbu şəhərində ölüb.

Aqrar Universitetin dosenti Arif Qazıyev isə elmi mənbələrdə əsl adı "Platanus Orientalis" kimi çəkilən, ölkəmizdə Şərq çinarı olaraq bilinən, yerli sakinlərin isə Düldül kimi inam və inanc yerinə çevrilən və imam Əlinin atının adı ilə əlaqələndirilən bu ağac haqqında danışarkən deyib: "Çinar ölkəmizin çox yerində yetişən, iri gövdəyə, uzun qol-budağa, geniş yarpaqlara, eləcə də bir çox şəfaverici xüsusiyyətlərə malik, dayanıqlı və uzun ömürlü olması ilə tanınan ağac növüdür. Lakin, bu ağaclar əzəmətli görkəmi ilə Gəncəbasar sakinləri üçün böyüklük, ucalıq, məğrurluq kimi xüsusi rəmzi mənaları ifadə edir. Elə ona görə də el arasında Xan çinar kimi tanınan bu ağaclara böyük ehtiram göstərilir, onları qırmaq, zərər yetirmək isə inanca görə günah sayılır. Düldül çinarının gövdəsindən və ucalığından da göründüyü kimi, bu ağacın əsrlərlə yaşı var. Düldülün dəqiq yaşı bilinməsə də, yerli sakinlər onun 1500 yaşı olduğunu deyirlər".

Çinara verilən Düldül adına gəlincə Arif Qazıyev bildirib ki, bu ad yerli sakinlərin söylədiyi bir rəvayətlə bağlıdır: "Deyilənlərə görə, IV xəlifə Əli ibn Əbu Talib islamın zəfər yürüşü zamanı Samuxda olub və Düldül adlı atını bu ağacın kölgəsində saxlayıb. Düldül adı elə buradan meydana gəlib. Yerli sakinlər qocaman çinarın dibində at nalının izini də göstərirlər. Onların inamına görə ağacın gövdəsindəki oyuq Düldülün nalının izidir. Bu gün Samux və ətraf bölgələrin əhalisi bu ağacı ziyarət edir, niyyət tutub onun budaqlarına yaylıq, dəsmal bağlayırlar. Niyyətləri müstəcəb olduqda isə ağacın yanında qurban kəsib, ehsan paylayırlar".

Qəribədir, illər, əsrlər keçdikcə çinar özü-özünü təzələyir. Onun nəhəng gövdəsində yeni-yeni pöhrələr, budaqlar ucalır, köhnələri, quru budaqları əvəz edir. Beləcə, əsrlərdir ki, Düldül həm özünün ucalığını saxlayır, həm də əzəmətli görkəmi ilə onu görənləri heyrətləndirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.