Cəmiyyət

"Tamaşaçılarımız şortiklə gəldiyi üçün ətrafda yaşayanlar onlara hücum etmişdilər" - FOTO

16 Sentyabr 2018 23:48
0 Şərh     Baxış: 2 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, müsahib Azərbaycan Dağınıq Oda (ADO) teatrının qurucusu və rəhbəri, aktyor-rejissor Elmin Bədəlovdur.

- Xoş gördük, Elmin bəy. Azərbaycan mədəniyyətində kifayət qədər yeniliklər etmiş, həm ölkə daxilində, həm sərhədlərimizdən kənarda xeyli uğurlara imza atmış sevilən gəncsiz.

- Xoş gördük. Minnətdaram.

- Elmin Bədəlovun tərcümeyi-halı necədir?

- 1989-cu ildə Salyan şəhərində anadan olmuşam. Orta məktəbi də elə orda bitib Neft Akademiyasına (indiki Neft və Sənaye Universitetinə) qəbul olunmuşam. Təhsilimin dördüncü kursunda akademiyadan xaric olunmuşam.

- Xaric olunmağınıza səbəb nə idi?

- O vaxt jurnalist işləyirdim. Akademiyanın daxilindəki nöqsanlar haqqında yazı yazmışdım. Yazıdan sonra məni Akademiyadan xaric elədilər. Məhkəməyə müraciət etdim. Sonra da Akademiyanın o vaxtkı rektoru Səyavuş Qarayev vəfat etdi. Onun vəfatından sonra dövlət qurumlarının öz araşdırmaları nəticəsində mənim yazdığımdan qat-qat artıq nöqsanlar aşkar olundu. Yeni rektor gələndən sonra məni çağırdılar və bərpa etmək istədilər. Amma birinci kursdan yenidən oxumalı idim. Mənsə akademiyadan xaric olunanda artıq üç kursu tam bitirib, dördüncü kursu da yarıya qədər oxumuşdum. Yaşımın bu vaxtında yenidən dörd il universitet oxumağı qəbul edə bilməzdim. Buna görə bərpa olunmadım.

- Bəs incəsənət, teatr və səhnə sevginiz nə vaxtdan yarandı?

- Uşaqlıqdan marağım vardı. Hələ kəndimizdə yaşadığım yeniyetmə vaxtlarımdan incəsənət adamı olmağı istəyirdim. O vaxtlar şeirlər də yazırdım. İndi o şeirləri oxuyanda gülürəm (gülür). Hələ həmin şeirlərim rayonumuzda çap olunan bir kitabda da yer almışdı. Qonşumuz da gətirib atama göstərib demişdi ki, "görün? oğlunuz nə işlərlə məşğuldur?"

- Necə yəni? Sizin şeir yazmağınızı qəbahət kimi atanıza göstərmişdilər?

- Bəli. Ora kənd yeridir. Düşüncə tərzi başqa cürdür. Hələ evdə də məni danlamışdılar, dərslərimi oxumayıb, vaxtımı bu şeylərə sərf etdiyim üçün. Onların arzusu idi ki, mən Neft Akademiyasını oxuyum. O vaxt kimsə Neft Akademiyasını oxuyub, dövlətdən ev almışdı. Ailəmə də elə gəlirdi ki, mən də oranı oxusam, ev verəcəklər (gülür). Mənim də başqa seçimim yox idi. Kənddən qurtulmağın tək yolu ailəmin bu istəyini qəbul etmək idi. Mən də Neft Akademiyasına qəbul olundum. Düşündüm ki, bir yandan təhsil alıb, bir yandan da sevdiyim işlə məşğul olaram. Ən azından, şəhərə gəlmək, sənətə, teatra daha yaxın olmaq şansım vardı.

- Deməli, siz də mühitimizin bütün sənət adamları kimi bu mövzuda ailənizlə münaqişələr yaşamısınız!?

- Həm də çox. Onlar buna qəti qarşı idilər. Amma akademiyada oxuduğum vaxtlar da mədəniyyət evlərinə gedirdim. Əməkdar artist Rafiq Hüseynovun dram dərnəyi vardı. Gənc Tamaşaçılar Teatrında çalışırdı, bu yaxınlarda vəfat etdi. Aktyor İlqar Cahangir mənə çox kömək etdi. Beləcə, sənətə, teatra hər gün bir az da yaxınlaşırdım.

- Bəs necə oldu ki, ODA teatrını yaratdınız?

- O vaxt gəncləri ətrafıma toplamışdım, müxtəlif məkanlarda sənət haqqında söhbətlər edirdik. Söhbət gedir 2012-ci ildən. Teatrdan, kinodan, musiqidən, rəqsdən danışırdıq. Filmlər izləyirdik. Sonra gördüm ki, uşaqlar sıxılmağa başlayırlar. Düşündüm ki, onları həvəsə gətirməyin ən yaxşı yolu tamaşa qurmaqdır. Qoqolun "Evlənmə" əsərini qurub onlara da rollar vermişdim. Hər dəfə bir məkanda yığışırdıq, fürsət tapan kimi tamaşamızı oynayırdıq. Getdikcə, iş ciddiləşirdi. Bizə daimi məkan lazım idi. Cəmi qırx kvadratlıq bir məkan icarəyə götürdüm. Bu qırx kvadratın içində bizim səhnəmiz də vardı, tamaşaçı zalımız da vardı, qrim otağımız da vardı. (gülür) Təsəvvür edin, heç tamaşaçı zalının oturacaqları da yox idi. Yerdə döşəkcələr qoymuşduq. Gələnlər o döşəkcələrdə oturub tamaşaya baxırdılar. Həmin döşəkcələr hələ də qalır.

- O məkanda ilk tamaşanız hansı oldu?

- "Səncə, döyəcəklər?" tamaşasını qurmuşduq. Rumın dramaturqu Matey Vişnekin əsəri idi. İlqar Cahangir qurmuşdu. Onda İlqar Cahangir yenicə Gənc Tamaşaçılar Teatrından çıxarılmışdı. Mənə verdiyi bir müsahibədə teatrdan gileylənmişdi.

- Həmin müsahibəni siz almışdınız?

- Bəli. İlqar müəllim onsuz da gileyli idi teatrın vəziyyətindən. Mənə verdiyi həmin müsahibədə daha da sərt danışmışdı. Sonra teatrdan çıxardılar.

- ADO teatrı əvvəlcə ODA teatrı adı ilə fəaliyyət göstərirdi. Sonralar həm adı, həm də üslubu dəyişdi. Buna səbəb nə oldu?

- ODA teatrı başlanğıc idi. Həmişə düşünürdüm ki, bu ölkədə klassik, ənənəvi dövlət teatrlarına alternativ, modern bir teatra ehtiyac var. ODA teatrında da, ADO teatrında da məqsəd eynidir. Sadəcə, indi üslub lap modernləşib. Artıq altı ildir fəaliyyət göstəririk və hər dəfə daha yeni nələrsə etməyə çalışırıq.

- Teatrınızla əməkdaşlıq edən müasir, gənc azərbaycanlı dramaturq varmı? Repertuarınızda belə müəlliflərin əsərlərinə rast gəlinmir.

- Bu, bizim bəlalı yerimizdir. Bir dəfə APA TV-də (hazırda fəaliyyətini dayandırılıb) bununla bağlı verilişə də çağırmışdılar. Amaliya Pənahova, Əli Əmirli, Aydın Talıbzadə, Gümrah Ömər, Ülviyyə Heydərova və məni dəvət etmişdilər. Mövzu gənc dramaturqlar idi, amma Amaliya Pənahova İlyas Əfəndiyevdən danışırdı (gülür). Gördüm ki, bu cür danışıqların da əhəmiyyəti və nəticəsi yoxdur. Dramaturq teatrı bilməlidir. Amma teatrların daimi əməkdaşlıq etdiyi, yetişdirdiyi dramaturqlar yoxdur. Heç aktyorlara yer vermirlər. Universiteti yenicə bitirmiş gənclərdən təcrübə istəyirlər. Başa düşmürəm ki, bu adamlar harada təcrübə toplamalıdırlar? Teatrlar gəncləri dramaturgiyaya cəlb etmədikcə, gənc dramaturqlar da olmayacaq. Bizdə gənc dramaturqların əsərlərinin olmamasının səbəbi, Azərbaycanda, ümumiyyətlə, gənc dramaturqların olmamasıdır.

- Teatrınızın üslubu da həm dövlət, həm də cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bu, işinizə mane olurmu?

- Əslində, sənətə azadlıq lazımdır. Təsəvvür edin ki, bizdə kiçik bir performans vardı. "Hamam" adlı qısa səhnəcik idi. Orda aktrisa soyunmur, çılpaq deyil. Heç bir erotik, pornoqrafik səhnə də yoxdur. Sadəcə, aktrisa öz başından aşağı su tökür və paltarı bədəninə yapışdığı üçün bədən quruluşu bilinir. Məhz buna görə Mədəniyyət Nazirliyi bu performansın küçədə göstərilməsinə icazə vermədi. Burda hansı sənətdən, hansı azadlıq yaradıcılıqdan danışmaq olar? Niyə ADO teatrına maraq var? Bilet satılır, tamaşaçı gəlir. Çünki bizim teatrda azad yaradıcılıq var. Düzdür, hələ də tam sərbəstliyimiz yoxdur, bütün istədiklərimizi edə bilmirik. Amma ADO-da dövlət teatrlarının repertuarından qat-qat azad yaradıcılıq prosesi var.

- ADO teatrının adı tez-tez qalmaqallarda hallanır. Sənət adamlarının da bu teatra münasibəti birmənalı deyil.

- Bu, çox ağır məsələdir. Bir var ki, tamaşaçı baxsın, işin peşəkarı olmadığı üçün sadəcə öz zövqünə, öz düşüncəsinə görə qarşı çıxsın. Bunu başa düşmək olar. Amma ölkənin xalq və əməkdar artistləri sosial şəbəkələrdə teatrın tamaşalarından bir şəkil görüb, yazırlar ki, biz əxlaqsızıq, biz pozğunuq. Mediaya danışıb, tənqid bir yana, təhqir edirlər. Sənətə "aktrisanın döşü" gözü ilə baxan sənət adamları var bu ölkədə. Heç bu adamlar erotikanı pornoqrafiyadan, çılpaq səhnələrdəki psixoloji-fəlsəfi mövzunu digər məsələlərdən ayırd edə bilmirlər. Ümumiyyətlə, bir tamaşaya baxmadan, sadəcə bir şəkil görməklə tamaşa haqqında necə danışmaq olar? Bizim Qobustan qayalarında çılpaq qadınlar və çılpaq kişilər təsvir olunub. Gedib Luvr muzeyindəki əsərlərə baxaq. Oradakı çılpaqlıqları siz də görə bilərsiz. Pier Paulo Passolininin filmlərinə baxaq. Elə dəhşətli səhnələr var ki. Bunlar sənətdir. Bunlara əxlaqsızlıq, pozğunluq kimi yanaşmağı başa düşə bilmirəm.

- Amma sizə dəstək olanlar da var idi.

- Bəli. İlqar Cahangir, Ayaz Salayev və başqaları var idi.

- Teatrınızda çalışan xarici aktrisalar da var...

- Bəli, fransız aktrisa Elza Furtado var, bir də əslən rus olan Amerika vətəndaşı İskra Tarrant var.

- Yerli aktrisa tapmaqda çətinlik çəkirsiniz?

- Əvvəl çox çətinlik çəkirdik. Yerli aktrisalar yaxın durmurdular. İndi isə getdikcə yerli aktrisalarımızın sayı artır. Düzdür, onlar da öz obrazlarına müəyyən limitlər qoyurlar. Müəyyən yerə qədər oynaya bilirlər. Amma əvvəlkinə nisbətən vəziyyət yaxşıdır.

- ADO teatrı altı ildir fəaliyyət göstərir. Bu altı ildə altı məkan dəyişmisiniz. Bu qədər məkan dəyişməyinizin səbəbi nədir?

- Orda çoxlu nüanslar var. İlk məkanda heç kim anlamırdı ki, bu nədir. İnsanlar qrup halında gəlirdilər və burda səs-küy yaranırdı. Onlar bunu qəbul edə bilmirdilər. İkinci məkanda isə tamaşaçılarımız şortiklə gəldiyi üçün teatrın ətrafında yaşayanlar onlara hücum etmişdilər. Mən də Daxili İşlər Nazirliyinə təhlükəsizliyimizin təmin olunması üçün müraciət etdim. Bölmədən polislər gəldi, amma bizim özümüzü araşdırmağa başladılar. Nə ilə məşğul olduğumuzu öyrənməyə çalışdılar. Yer sahibi də bizim orda qalmağımızdan narazı idi. Mən Tiflisə getmişdim, qayıdanda gördüm ki, məkanın açarı dəyişilib. Bizim əşyalarımız da içəridə idi. Media bizə çox dəstək oldu. Ümumiyyətlə, həmişə medianın dəstəyini hiss etmişik. Bir müddət sonra oradan əşyalarımızı götürüb, başqa məkana köçdük. Həmin yer də plana düşmüşdü, sökülməli idi. Belə-belə altı məkan dəyişdik. Bir il altı aydır ki, indiki məkandayıq. Burda hələ ki, problem yaşamamışıq.

- Azərbaycan teatrının inkişaf prosesi ilə bağlı nə düşünürsünüz? Sizcə, teatrımızın inkişafı nədən asılıdır?

- Bayaq dediyim kimi, azadlıq olmalıdır. Azad sənət olanda, teatr da inkişaf edər, kino da, başqa incəsənət sahələri də. Polemika da lazımdır, amma yersiz polemikalar yox. Sənət müzakirə olunmalıdır, yaradıcılıq üzərində qurulmalıdır bütün konfliktlər. Yoxsa ki, filan açıq-saçıqlıq, filan erotika, fəxri ad davası, ev tamahı və s. bütün bunların sənətə aidiyyəti yoxdur. Danışanların hamısı öz mənfəətini güdür. Bir-iki söz deyir, fəxri ad verirlər, susur. Sanki danışanlar sənət dərdində deyillər, fəxri ad, təqaüd, ev almaq üçün danışırlar. Bir maraqlı məqam da var. Kimi dindirirsən, gileylidir. Problemlərdən, maddi çətinliklərdən, yersiz ixtilaflardan danışırlar. Bir dəfə saydım ki, əlli nəfərdən çox adam mənə problemlərdən danışıb, deyir ki, "tək mən danışsam, nə olacaq". Gördüm, elə bu danışanlar öz fikirlərini açıq-aydın yayımlasa, bəlkə problemlər həll olunar. Ölkənin də azad sənətə dəstəyi olmalıdır. Küçə tamaşalarına icazə verilmir. Niyə? Axı küçə tamaşaları ölkəyə turist cəlb edir. Onlar əylənirlər, mənəvi rahatlıq tapırlar. Mədəniyyət ölkəyə həmişə qazandıracaq. Bizdə isə elə düşünülür ki, sənət pul qazandırmır. Ona görə də inkişaf yoxdur. Dünya teatrı, dünya incəsənəti haradadır, biz harada? Onlarla ayaqlaşa bilməyimiz üçün azad yaradıcılığa ehtiyacımız var.

- Tez-tez xaricə səfərləriniz olur. Bu yaxınlarda yenə xaricə səfəriniz olacaqmı?

- Elə təzəlikcə Gürcüstanda festivaldan qayıtdıq. Oktyabr ayında Rumıniyaya səfərimiz olacaq. Oradan dəvət almışıq. Biz festivallarda, əsasən, performanslar nümayiş etdiririk. Qısa, sadə, amma əhəmiyyətli mövzulara yer verməyə çalışırıq. Rumıniyaya da üç performans aparacağıq. "Hamam", "10 santimetr" və "Klinrlar" ("Xidmətçilər"). Bir də rezidensiyalar var. Onlar daha maraqlıdır. Rezidensiyalar üçün burdan ora nəsə aparmalı olmursan, yerində, təbii şəkildə, improvizasiyalarla sənət nümayiş etdirirsən.

- Yeni teatr mövsümü üçün yeni tamaşalar gözlənilirmi?

- Artıq bir ildir ki, Corc Ourellin "Heyvanıstan" əsərini qurmaq istəyirəm. Bu il çox güman ki, onu səhnələşdirəcəyik.

- Təşəkkür edirəm müsahibə üçün. Uğurlar arzulayıram.

- Mən sizə minnətdaram.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.