Cəmiyyət

Qadınlara xəbərdarlıq: Uşağınızda qüsur görmək istəmirsizsə...

13 Sentyabr 2018 22:17
0 Şərh     Baxış: 2 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sağlam ana hamilə qalmalıdır, hamiləlikdən qabaq mütləq müayinəyə getmək gərəkdir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri bu il 400 uşağın qüsurlu doğulmasının səbəbləri barədə açıqlama verən pediatr Vaqif Qarayev deyib.

Onun fikrincə, hamiləlik normal keçməli, dünyaya uşaq gətirmək istəyən qadın xüsusi ginekoloqların nəzarətində olmalıdır: "Ana zərərli vərdişlərdən uzaq dayanmalıdır. Düzdü, bizdə siqaret, içki içən qadın yox dərəcəsindədir, amma hamilə qadın ağır işdə işləməməli, şüalandırma olan yerdə qalmamalı, ağır fiziki iş görməməli, bütün hamiləliyi dövrünü sakit keçirməlidir".

Pediatr deyib ki, hamilə qadın eyni zamanda ginekoloqun verdiyi məsləhətlərə qulaq asmalıdır: "Bətndaxili patologiyanı, qüsuru təyin etmək üçün müayinədən keçmək lazımdır. Müasir dövrdə hətta daun xəstəliyini təyin etmək imkanı var. Pul və zaman çatışmazlığı səbəb yox, sadəcə bəhanədir. Xüsusən regionlarda bu məsələ çox ciddidir".

Həkim deyib ki, irsiyyətdə ciddi xəstəlik varsa, bu da nəzərə alınmalıdır: "Əgər həkim qadının hamilə qalmağına icazə verirsə, o, nəzarət altında olmalıdır. Çünki hamiləlik problemli keçibsə, doğuş zamanı da problem yarana bilər".

Vaqif Qarayev yaş məsələsinə də toxunaraq deyib ki, ananın yaşı çox mühümdür: "Sağlam uşağın doğulmasında risk faktorlardan biri ananın yaşıdır. Bu, Avropanın qəbul etdiyi qaydadır. Bizdə isə erkən hamiləlik deyilən bəla var. Yeniyetmə yaşda hamilə olurlar ki, orda istədiyin qüsuru görmək mümkündür. Uşaq çox ağır, yarımçıq qüsurlarla doğulur. Erkən nikahlar Azərbaycanın bəlasıdır. Ana həm bioloji yox, həm də mənəvi-psixoloji baxımdan hamiləliyə hazır olmalıdır".

Digər pediatr Əli Quliyev də məsələyə münasibət bildirib: "Ananın hamiləlik dövründə istifadə etdiyi dərmanlardan tutmuş, yediyi qidalara, içdiyi suya qədər hər şey körpədə qüsura səbəb ola bilər. Anada vitamin əskikliyi, keçirdiyi infeksion xəstəliklər də buna əlavə etmək gərəkdir.

Ana hamiləlik vaxtı stressdən uzaq durmalı, düzgün qidalanmalı, təmiz havada yaşamalı, mümkün qədər əlavə dərmanlardan istifadə etməməlidir. Yaranan infeksiyalar zamanı vaxtında həkimə müraciət etməlidir ki, lazımi müalicə verilsin, uşaqlarda qüsura səbəb olmasın".

Qeyd edək ki, Səhiyyə Nazirliyi bu il 400-dən artıq uşağın ağır qüsurlarla doğulması barədə məlumat yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.