Cəmiyyət

"15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır"

13 Sentyabr 2018 15:34
Baxış: 852

"Bu il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunacaq. 15 sentyabr həqiqətən də qürurverici, həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır".

Milli.Az bildirir ki, bu fikirləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.Azərbaycan əsgər və zabitlərinin türklərlə birlikdə Bakının düşməndən təmizlənməsində şərəflə döyüşdüyünü deyən ehtiyatda olan polkovnik bildirib ki, 1918-ci il sentyabr ayının 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib: "Azərbaycan və türk əsgər və zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı əsasən ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub. Leninin direktiv göstərişlərini həyata keçirən S.Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törədib, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirib. Həmin dövrdə Gəncə üzərinə yürüş edən düşmən qüvvələrin qarşısının alınması üçün öz hərbi gücü yetərli olmadığından Azərbaycan nümayəndələri kömək məqsədi ilə Türkiyə, o zamankı Osmanlı hökumətinə müraciət etdilər. Bu müraciətə müsbət cavab verən qardaş dövlət yeni yaradılmış Qafqaz İslam Ordusunu 1918-ci ilin may ayında Azərbaycan ərazisinə köməyə göndərdi. Burada general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu ilə birləşən, Nuru Paşanın rəhbərlik etdiyi həmin ordunun 1918-ci il iyunun əvvəllərində artıq 15 min əsgər və zabiti vardı".

C.Xəlilovun sözlərinə görə, Bakı Sovetinin ixtiyarında olan, mütləq əksəriyyəti ermənilərdən ibarət hərbi birləşmələr iyunun 12-də Kürdəmiri işğal edib, Göyçaya yaxınlaşıblar: "Göyçay ərazisində qanlı döyüşlər iki həftədən çox davam etdi. Müqavimətinə baxmayaraq, düşmən Türkiyədən göndərilən əlavə qüvvələr və Azərbaycan könüllüləri tərəfindən məğlub edildi. Qafqaz-İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi hadisələrin gedişini tamamilə milli hökumətin xeyrinə dəyişdi, Azərbaycanın şərq hissəsi, o cümlədən Bakının bolşevik-daşnak işğalından azad edilməsi üçün ilk zəmin yaratdı. Bolşevik-daşnak birləşmələrini darmadağın edən Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşündə növbəti şanlı qələbə iyul ayının 20-də mühüm strateji məntəqə olan Şamaxı şəhərinin azad edilməsi oldu".

Qurum rəsmisi söyləyib ki, Bakını əldə saxlamaq üçün müxtəlif qüvvələrdən kömək uman daşnak və bolşeviklər buna nail ola bilmədilər: "Qafqaz İslam Ordusunun avqustun 5-dən Bakı üzərinə intensiv hücumları qarşısında dayana bilməyən həmin qüvvələr geri çəkildi. 1918-ci ilin sentyabrında yaranmış beynəlxalq vəziyyət Bakının tezliklə azad olunmasını zəruri edirdi. Cümhuriyyət rəhbərləri Bakının nəyin bahasına olursa-olsun azad olunması üçün ardıcıl iş aparırdılar. Qafqaz İslam Ordusu güclü müqavimətə baxmayaraq, sentyabrın 15-də dörd mindən artıq əsgər və zabit şəhid vermək bahasına da olsa, Bakını düşmənlərdən azad etdi".

C.Xəlilov qeyd edib ki, bu tarixi günü qeyd etdiyimiz vaxt hər birimizin qəlbindən Azərbaycan əsgərinin eyni sevinci, qüruru bizə Qarabağı erməni işğalından azad etməsi ilə yaşatması arzusu keçir: "Biz inanırıq ki, hazırda Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yaradılmış güclü ordumuz buna nail olacaq. Müasir Azərbaycan ordusu düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2016-cı ilin aprel döyüşləri Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin qələbə əzmi nümayiş etdirildi. Biz veteranlar erməni işğalında olan Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyinə inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.