Cəmiyyət

Məni niyə söyürsən?

15 Avqust 2018 12:32
10 Şərh     Baxış: 3 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gözəlim ölkənin ən böyük problemi insandır, insanlıqdır. Hər gün insanlığını, mənəvi dəyərlərini itirmiş insanlar tərəfindən küncə sıxışdırılırıq. Qaçmaq desən mümkün deyil, getmək desən yol deyil, ölməyə çalışmaq da olsa-olsa axmaqlıqdır. (Yeri gəlmişkən bu axmaqlığın ən böyüyünü edən adam kimi, sizin yerinizə də özümü necə lazımdı qınayıram.) Bu qəddar, ruhsuz, başqalarının heyfini səndən çıxmağa çalışan, şəxsi uğursuzluqlarının da günahını səndə görən məxluqat tərəfindən hər gün bir az da əzab çəkməyə məhkum olunmuşuq. Gizlənməyə, yox olmağa, hamının yadından çıxmağa çalışırsan olmur.  Sən hər şeydən əlini-ayağını çəkirsən, həyatın gətirdiyi türlü problemlərlə başını qatmaq istəyirsən imkan vermirlər. Bu azğınlaşmış məxluqlar, kütləşmiş beyinlər səndən əl çəkmir ki, çəkmir. Beynimizdəkilərlə onsuz da xoşbəxt yaşamaq mümkün deyil, üstəlik bu qəzəbli insanların əlindən də bir rahat günümüz, saatımız yoxdur.

Mütəmadi olaraq söyüşlü, təhqirli mesajlar alıram. Bəzən heç tanımadığım nömrədən zəng edib söyürlər. Hə, vallah. Məsələn, tanımadığım nömrədən zəng gəlir, açıram:

  • Salam. Oxucunuzdur. (Bu da ələ salmaq metodur.)
  • Buyurun.
  • Niyə ölmürsən ay bədbəxt? Nə gündəsən ay yazıq? (Sonra da çoxmərtəbəli söyüşlər)
  • ...

Təsəvvür edin dilim-dodağım quruyur, nə cavab verəcəyimi bilmirəm. Əvvəllər heyrətlənirdim, amma yavaş-yavaş alışmağa başlayıram. Kimdən, niyə gəldiyini düşünmədən, özümü bu münasibətə layiq bilmədiyim üçün bəzi mesajlarda söyüş görəndə oxumadan silirəm. İnadına nə e-mail ünvanımı, nə də telefon nömrəmi dəyişirəm. Bunları da şikayət olaraq dilə gətirmirəm. Nədən? Çünki illərdir yazdığım yazılara yazılan əcaib şərhlərdən, sosial şəbəkələrdə müzakirələrdən sonra buna alışmışam. Dişlərimi sıxıb susuram. Normal adam tanımadığı birinə niyə ölüm arzulasın?

Niyə söyürsən məni qardaşım, bacım? Niyə tanımadığın bir adamı təhqir edirsən ay insan? Nə istəyirsən məndən? Soruşsan müsəlmanam deyəcək, saatlarla qul haqqından, qəlb qırmaqdan danışacaq adamlarsınız. Nədir bu qəzəb?

Bir oxucu düşünün ki, şeirini bəyənmədiyi şairə içib beyni dumanlanandan sonra təhqirli mesaj yazır: "Sən çox əclaf adamsan. Bütün içdiyimizi zəhər elədin c...r!" Niyə də qardaşım, niyə? Nədir mənim günahım? Xoş deyil, sənin zövqüncə deyil oxuma. Nə məcburdur?

Başa düşürəm, anlayıram ki, mənim həyat tərzim, düşüncələrim, duyğularım sizi qane etmir, ola bilsin şeirim, yazım səni kədərləndirir, bezdirir və böyük ehtimalla mənə nifrət edirsiniz. Amma olmazmı ki, bu duyğularınızı, bu hislərini gizli saxlayasınız?  Vallah başa düşürəm həyat şərtləri ağırdır, yaşamaq çətindir, psixaloji vəziyyətlər gərgin, doyurulmamış libidolar partlayış həddindədir, qəzəb hissi içinizi qovurur. Bütün bunlara dözmək də çətindir, gedib içirsən. İçəndən sonra da "gəlin zəng edək filankəslə məzələnək"  nə deməkdir? Bu nə düşüncədir ay insan? (Baxın, bunu etdiyinizə rəğmən hələ də insan olduğunuzu düşünürəm.) Və yaxud bu səfehlik, düşüncəsizlik hansı ehtiyacdan yaranır?

Hə, bir də bunu edənlərin kitab oxuduğuna, gözəl cümlələr qurduğuna heyrət edirəm. Yəni, oxuyub-yazması olanların bu qədər qəddar olmasını görəndə, yerdə qalanlara ümidim itir. Heç gözəl şeylər düşünə bilmirsinizmi? Həyatınızda bir dəfə də olsun keşiş, ravvin, imam dinləmədinizmi? Bütün səmavi dinlər "pislikdən uzaq olun!" deyir, sən qulağını tutursan. Bütün kitablar yaxşılığı, gözəlliyi təbliğ edir, özünü axmaqlığa qoyub, əksini edirsən. Heç gözəl musiqilər dinləyib, içinizi titrədən şeirlər oxumadınızmı?

Bunu edən bir nəfər olsa, qətiyyən kefimi pozmaram. Amma gündən-günə çoxalır bu insancıqlar. Onsuz da insanlardan sevgi gözləməyi yadırğamışam. Barı, gündən-günə dərinləşən iztirabımı artırmayın, ağrılarımı dərinləşdirməyin. Etməyin, eləməyin. Gözəl şeylər düşünün, gözəl arzularla, şirin xəyallarla yaşayın. Olmur, alınmır dua edin, meditasiya ilə məşğul olun. Kin, nifrət, qəzəb sizi yaxşı gələcəyə aparmır. İnsan olun bir az, insan olmaq gözəldir. And olsun bütün inandıqlarıma ki, gözəl hislərlə yaşasanız hər şey qaydasına düşəcək. Sevin demirəm, baxın sevgi istəmirəm. Mümkünsə söyməyin, kin qusmayın. Yəni, bir az insan olun, mümkünsə...

Cəlil Cavanşir
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.