Cəmiyyət

Küçələrə vurulan elanlara kim cavabdehdir?

14 Avqust 2018 20:38
0 Şərh     Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəhərin mərkəzi küçələrində dövlət idarələri, yaşayış binalarının divarlarına, hətta ağaclara belə, vurulmuş elanlara tez-tez rast gəlirik. Sonradan bu elanlar cırılır, yağışa və aşınmaya məruz qalır, yerləri isə divarlarda xoşagəlməz görüntü yaradır.

Maraqlıdır, bu kimi elanların vurulmasına hansı qurum nəzarət edir? Divarların səliqəsiz vəziyyətə salınmasına kim cavabdehdir?

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hüquqşünas Fərid Həmidlinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, elanların yapışdırılmasına nəzarət Mənzil Kommunal İstismar Sahələri (MKİS)tərəfindən həyata keçirilməlidir: "Bu qurumlar öz ərazilərinə nəzarət etməlidir. Hara və necə gəldi elanların yapışdırılmasının qarşısı alınmalıdır. ".

Azərbaycan Rеspublikasının Dövlət Reklam Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurum bu kimi elanlara nəzarət etmir. Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) sahibkarların açıq məkanda kommersiya xarakteri daşıyan məlumatlarının (reklamların) hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir.

Yəni hansısa sahibkarın açıq məkanda yerləşdirilmiş qeyri-kommersiya xarakterli elanlarına ("işçi tələb olunur", "nəqliyyat vasitəsini burada saxlamayın" və s.) nəzarət Dövlət Reklam Agentliyinin səlahiyyətləri xaricindədir: "Sahibkarın kommersiya fəaliyyəti ilə bağlı olan məlumatları isə ("endirim", "yeni kampaniya" və s.) qanunvericiliyə əsasən, reklam hesab edilir və onların açıq məkanda yerləşdirilməsinə görə Dövlət Agentliyindən rəsmi icazə alınmalıdır".

"Monitorinqlər göstərir ki, açıq məkanda icazə sənədləri olmadan yayımlanan reklamlar bəzi hallarda təhlükəsiz istismar üçün yararlı olmur, yerləşdiyi ərazinin estetik görünüşünə xələl gətirir, müşahidə kameraları üçün məhdudiyyətlər, yol hərəkəti iştirakçıları üçün isə təhlükə yaradır" - deyə H.Azəri bildirib.

ADRA rəsmisi onu da qeyd edib ki, açıq məkanda reklam yerləşdirilməsinə icazə, yerləşdirilən reklama dair texniki şərtlər pasportu və reklam yerləşdirilməsinə dair icazə müqaviləsi olmadan yayımlanan reklamlar müəyyən edildikdə, əvvəlcə həmin reklam yayıcılarının maarifləndirilməsi təmin edilir. Daha sonra sahibkarlara qanunvericiliyin tələbləri izah olunur, mövcud problemlərin aradan qaldırılması tövsiyə edilir.

Buna əməl edilmədikdə isə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir: "Və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür".

"Bu zaman qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq sahədə yol verilmiş pozuntulara görə fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur" - Hüseyn Azəri vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.