Cəmiyyət

Dörd rayonda ağır qəzalar baş verib: 3 ölü, 13 yaralı var - VİDEO

8 Avqust 2018 21:20
0 Şərh     Baxış: 1 593

Qazaxda minik avtomobilinin piyadanı vurması ölümlə nəticələnib.

Milli.Az bildirir ki, ağır qəza Qazaxın İkinci Şıxlı kəndi ərazisində baş verib. Kənd sakini, 51 yaşlı Azad Abbasov Qaymaqlı kənd sakini, 43 yaşlı Həmid Mustafayevin idarə etdiyi minik avtomobili tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində dünyasını dəyişib. Sürücü isə hadisə yerindən qaçsa da, bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Salyanda baş verən qəzada da bir nəfər dünyasını dəyişib. Hadisə səhər saatlarında Ələt-Astara magistralının Kürsəngi kəndindən keçən hissəsində qeydə alınıb. Lənkaran sakini, 48 yaşlı Bəxtiyar Əzizov "Kürsəngi" körpü qovşağının altındakı yolun kənarında özünə məxsus minik avtomobilinin təkərini dəyişən zaman Bakı sakini, 33 yaşlı Ramiz Babayevin idarə etdiyi minik avtomobili arxadan onun maşınına çırpılıb. Bəxtiyar Əzizov hadisə yerində dünyasını dəyişib. Digər avtomobildə olan sərnişin, paytxatın Qaradağ rayon sakini, 35yaşlı Xəyal Qasımov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Abşeronda isə minik avtomobilinin mikroavtobusla toqquşması ölümlə nəticələnib. Ağır qəza Bakı-Quba yolunda baş verib. Sumqayıt sakini Beydulla Yunusovun idarə etdiyi minik avtomobili Emin Həsənovun sükan arxasında olduğu mikroavtobusla toqquşub. Sürücü Beydulla Yunusov və onun avtomobilində olan sərnişin, Ceyranbatan qəsəbə sakini Zərifə Məhərrəmova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq Zərifə Məhərrəmovanın həyatını xilas etmək mümkün olmayıb.

Cəlilabadda minik avtomobillərinin toqquşması nəticəsində 11 nəfər xəsarət alıb. Hadisə Şivələngə və Abaşabad kəndlərinin kəsişməsindəki sərt döngədə baş verib. Rayon sakini, 44 yaşlı Əkbər Kərimov idarə etdiyi minik avtomobili ilə Şatırlı kəndinə toya gedərkən yas mərasimindən qayıdan, 65 yaşlı İbrahim İbişovun sükan arxasında olduğu minik maşını ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü və avtomobillərdə olan 9 sərnişin müxtəlif xəsarətlər alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Bütün faktlarla bağlı araşdırma aparılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dörd rayonda ağır qəzalar baş verib: 3 ölü, 13 yaralı var

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.