Cəmiyyət

Haradan gəlmişik və haraya gedirik? - Düşünün, sonra qərar verin

16 İyul 2018 14:34
80 Şərh     Baxış: 5 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az tanınmış nevropatoloq Qalib Əsədovun yazısını təqdim edir.

İlk insanların təbiətə, xüsusən də ağlın gücüylə izah edə bilməyəcəkləri hadisələrə bir maraqları vardı. Bu sirrləri çözmək üçün geniş bir tanrılar və ilahələr sinfi yaratdılar. Nəticədə ildırım, zəlzələ, vulkan, quraqlıq, xəstəliklər və hətta sevgi kimi özəl anlayışların səbəbini açıqlayırdılar. Qədim yunanlar dənizdəki qabarmanı Poseydunun dəyişən əhval-ruhiyyəsi ilə izah edirdilər. Qışın gəlməsinin səbəbi Persephonenin yeraltına qaçırılması üzündən dünyanın kədərlənməsi idi. Romalılar vulkanların tanrıların nalbəndi Vulkanın evi olduğuna inanırdı, dağın altındakı nəhəng bir dəmirçixanada çalışır və bacadan alovların fışqırmasına səbəb olur deyirdilər. Antik insanlar təkcə təbiətdə deyil, öz bədənlərindəki sirrləri açıqlamaq üçün saysız-hesabsız tanrı icad etmişdilər. İlahə Heranın gözündən düşmək sonsuzluğun səbəbi idi. Sevginin səbəbi Amurun hədəfi olmaq, epidemiyalar Apollonun qəzəbiydi. Qədim insanlar ətrafda anlamadıqları bir şeylər gördükdə bu boşluqları tanrılarla doldururdu.

Lakin insanlar öyrənməyə davam edir və bilikləri yüz illər ərzində getdikcə artırdı. Təbiətin sirrləri aşkar olduqca tanrıların sayı azalmağa başladı. Məsələn, dənizlərdəki qabarmalara Ay səbəb olduğunu öyrəndikdə artıq Poseydona ehtiyac qalmadı. Biz də cahil dövrün bir əfsanəsi kimi onu arxivlərdən öyrəndik. Digər tanrıların da aqibəti eyni cür oldu. Zəkamız artdıqca bu tanrılar bir-birinin dalınca öldü. Lakin bu proses elə də asanlıqla baş vermirdi. Bir mədəniyyətin inanclarını tərk etməsi, çox ağrılı bir prosesdir. Dini inanclar daha kiçik yaşlarda çox sevdiyimiz və güvəndiyimiz insanlar - valideynlər, müəllimlər, lider hesab etdiyimiz şəxslər vasitəsilə beynimizə yeridilir. Bu səbəblə də illərlə sürən dini dəyişikliklər qan tökülməsinə və böyük fəlakətlərə səbəb olurdu. Tanrılar ölsə də biri qaldı - Zevs - tanrıların arasında ən qorxulanı və ən hörmət ediləni. Zevs yox olmağa digər tanrılardan daha çox müqavimət göstərdi. İşığının söndürülməsinə hiddətlənib, yox oluncaya qədər vəhşi bir müharibələr başlatdı. Zevsin müridləri tanrılarını buraxmamaq üçün elə bir müqavimət göstərdilər ki, yeni yaranan dinin tərəfdarları Xristianlar Tanrınınn yeni sifətinin Zevsə oxşatmaqdan başqa əlacı qalmadı.

Bu gün biz keçi tərəfindən yetişdirilib, tək gözlü Cyclopes kimi canavardan güc alan Zevsə və buna bənzər əfsanələrə inanmırıq. Modern düşüncə sayəsində bu kimi misallar bizim üçün bir mifdir. Qədim insanların inancının keçmişə əyləncəli nəzər yetirməmizə səbəb olan xəyali bir hekayələr olduğunu bilirik. Artıq işlər dəyişib. Bizlər modern insanlarıq. Zəkası kamilləşmiş və texnolojidən yararlanaraq böyük işlər görən bir toplumuq.  Vulkanların altında çalışan nəhəng dəmirçixanalara və ya ilin fəsillərini dəyişən tanrılara inanmırıq. Qədim babalarımza heç bənzəmirik.

YOXSA BƏNZƏYİRİK?..

Özümüzə ağıllı, modern, kamilliyin zirvəsinə çatmış insanlar deyirik. Amma dünyamızda ən geniş yayılmış dinlər çox sayda möcüzəvi iddialar irəli sürür və milyardlarla insan buna inanır. Qiyamət günü bütün ölülər izaholunmaz şəkildə dirilir, biz günah işlətdiyimizə görə intiqamçı tanrılar tərəfindən xəstəliklər göndərilir, zəlzələlər olur, sellər və digər təbii fəlakətlər baş verir. İnanırıq ki, öləndən sonra ya cənnətdə əbədi kef içində yaşayacaq və ya cəhənnəmin alovlarında yanacağıq.

Mənə bir şey maraqlı gəldi və bunu xəyal etməyə çalışdım. Gələcək tarixçilər və antropoloqlar bizim haqda nə düşünəcəklər? Onlar keçmişə baxıb dəyərləndirərkən bu günkü dini inanclarımızı cahiliyyət dövrünə aid miflər sinfinə aid edəcəklərmi? Bizim tanrimiza da bizim Zevsə baxdığımız kimi baxacaqlar görəsən? Müqəddəs hesab etdiyimiz mətnləri doğrudanmı tarixin tozlu rəflərinə atacaqlar? Hələ ki, bu suallara dəqiq cavabım yoxdur. Amma mənə elə gəlir ki, bu, məhz belə də olacaq.Gələcək nəsillər bizim kimi texnoloji baxımdan inkişaf etmiş insanların necə olub modern dinə bu qədər bağlandıqlarını anlamayacaqlar. Əminəm ki, gələcək nəsillər bu gün yaşadığımız dövrü bir cahiliyyət dövrü olaraq adlandıracaq və buna sübüt kimi qadınların başını örtməyə məcbur etdiyimizi, Yaxın Şərqdə baş verən insan qırğınını, hindlilərin inəyə pərəstiş etdiyini, özümüzü döyən, başımızı yardığımız səhnələri, cin çıxartma üsullarını, körpə uşaqların soyuq xaç suyuna salınmasını və s n qədər faktları göstərəcəklər. Onlar anlamayacaqlar ki, modern insan beyni analiz etməyi bacardığına baxmayaraq, necə olub ki, belə əcaib şeylərə izn verib. Amma cavabı çox sadədir.

İnsan beyni inandığı şeyə niyə inanır? Gün ərzində beynimiz külli miqdarda informasiya alır. Durmadan gələn bu informasiyalar bir-birindən fərqlidir və beyin bunların hamısını təhlil etmək zorundadır. Beynin işləmək prinsipi aşağıdakı kimidir: "QARIŞIQDAN, XAOSDAN NİZAM YARAT" Beynin nizam yaratma mexanizmi neyronlardakı DNT-də yerləşib və məhz buna görə də insan beyninin ən möhtəşəm icadı kompyuter hesab olunur. Kompyuter qarma-qarışıqlıq içərisindən nizam yaratmağımıza kömək etmək məqsədilə hazırlanmış bir makinadır. Yeri gəlmişkən ispanca kompyuter "ordenador" adlanır, yəni nizam yaradan. Təsəvvür edin ki, dünyadakı bütün bilgiləri yerləşdirdiyimiz bir kompyuterimiz var. Bu kompyuterə istədiyin sualı verə bilərsən. İnsanlığın zehnini əsrlər boyu düşündürən bir sual verək.

HARDAN GƏLMİŞİK?

HARA GEDİRİK?

Başqa sözlə kökümüzü və qədərimiz soruşsaq, komputerin verdiyi cavab belə olacaq.

DOĞRU CAVAB VERƏCƏK YETƏRLİ BİLGİ YOXDUR

Bizə kömək etmədi, amma dürüst cavab verdi. Gəlin indi bu sualı bioloji kompyuterə yəni insan beyninə verək. Bu zaman fərqli mənzərə yaranır. Beynin içindən uşaqlıqdan valideynlərimizdən, böyüklərdən eşitdiyimiz, oxuduğumuz, dini baxışlar cıxmağa başlayır. Fərqli coğrafi məkanlarda fərqli inanclar olduğundan müxtəlif cavablar alınır. Tanrı Adəmə həyat verir, Prometheus palçıqdan ilk insanı yaradır, Brahma öz bədəninin müxtəlif yerlərindən insan yaradır, Afrikalı bir tanrı buludları aralayıb yer üzünə iki insan endirir, Skandinaviyada taxtadan iki insan yaradılır və s. Aqibətimiz necə olacaq sualına isə insan beyni güllü baxçalar, huri-mələklər və ya alovlu cəhənnəm, Misirdə Olülər şəhəri Memfis, müxtəlif astral səyahət adlı miflər, Buddizm və Hinduizmdə reinkarnasiya və s, uşaqlıqdan aldığımız bilgilərə uyğun cavab veririk. İnsan beyni üçün hər hansı bir cavab, cavab verməməkdən daha yaxşıdır. Nəsə anlaşılmaz bir hadisə ilə qarşılaşdığımzda özümüzü narahat hiss edirik və çox vaxt da izahı uydururuq. Görünməyən dünyada, bilmədiyimiz bir məsələdə nizam olduğunu düşünür, bunun üçün fəlsəfi, dini və mifoloji əfsanələr uydururuq.

"Haradan gəlmişik və haraya gedirik?" İnsanın varlığından bu günə kimi belə tip suallar hər kəsin ağlına gəlmişdir. Üzücü budur ki, dini doqmalar səbəbilə milyonlarca insan bu böyük sualların cavabını bildiyinə inanır. Hər din eyni cavabı vermədiyi üçün mədəniyyətlər arasında kimin cavabının doğru, hansı Tanrı hekayəsinin tək gerçək hekayə olduğu uğrunda müharibələr gedir. Din tarixinin başlanğıcından bu yana ateistlər, Xristianlar, Müsəlmanlar, Yəhudilər və bütün dinlərin mənsubları sonu görünməyən savaş içərisindədir. Həyatdakı bu sualların cavabını möcüzəvi şəkildə öyrənsəydik, sübutlarla isbat olsaydı qollarımızı yanımza salıb bunu qəbul etməkdən başqa çarəmiz olmadığını hiss etsəydik nələr olacağını bir düşünün. Mənə elə gəlir ki, bəşəriyyət uzun müddətli bir sülh içində yaşayardı.

Amma dinlər, sadəcə sözlərdən ibarət olan, heç bir subutu olmayan bir şeyi gerçək olaraq qəbul etməyimizi istəyir. Hər dinin müxtəlif qaydaları, sistemləri var və beləliklə bəşəriyyət parçalanıb və tarix bu inanclar uğrunda savaşlardan ibarətdir.

Elm dinin antitezisidir. Fərqli millətlərdən, irqdən olan elm adamları birgə çalışır və nəsə yenilik kəşf etdikdə birlikdə sevinir, bir birini təbrik edir, müxtəlif mükafatlar yaradaraq, bəşəriyyəti birləşdirir. Elm bilinməyən və ya tam öyrənilməmiş bir şey fiziki dəlillərlə isbat etmək fəaliyyətidir. O, sübüt olunmamış, sadəcə fərziyyələrdən ibarət olan hər şeyi rədd edir. Elm nəyəsə cavab tapdıqda, bunu sübut etdikdə bütün dünya üçün keçərlidir. İnsanlar bu üzdən heç vaxt savaşmır, müharibələr aparmır, əksinə problem varsa onun ətrafında toplanır.

Mənə elə gəlir ki, din dövrü artıq qapanmaq üzrədir. ELM DÖVRÜ BAŞLAYIR!!! ONA GÖRƏ DƏ ELMİN DALINCA GEDİN MƏNİM ƏZİZLƏRİM. OXUYUN, ÖYRƏNİN!!!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.