Cəmiyyət

Quba ərəb ölkələrindən olan turistləri niyə cəlb edir? - FOTO

12 İyul 2018 00:03
0 Şərh     Baxış: 3 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yay mövsümündə Qubaya gələn əcnəbi turistlərin sayında əvvəlki illərə nisbətən 30 faizdən çox artım var. Xarici qonaqlar arasında ərəb ölkələrindən gələnlər üstünlük təşkil edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkəmizin şimal bölgəsinə gələn turistlər arasında ən populyar səyahət istiqaməti Quba-Xınalıq turizm marşrutudur. Rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın region olması da turist axınında böyük rol oynayır.

Səudiyyə Ərəbistanından olan turist Mohammaed Saad Alhogbani də öz ailəsi ilə birlikdə istirahət etmək üçün Qubanın füsunkar təbiətə malik Qəçrəş zonasını seçib. "Biz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindən gəlmişik. Fikrimcə bura dincəlmək üçün digər Avropa ölkələrindən daha münasibdir. Qubanın havası, meşələri, təbiətini çox bəyəndim. Yollar təmiz, səliqəlidir. Xidmət də yüksək səviyyədədir. Qızım da Azərbaycanı çox bəyəndi. Belə yerlərə ailəylə gələndə özümüzü çox rahat hiss edirik", - deyə ərəbistanlı turist söyləyib.

Qəçrəş kəndi rayon mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşir. Bu kəndin girişindəki meşə zolağı ölkəmizdə məşhurdur. Turistlər həm yay aylarında, həm də qışda Qəçrəş meşəsinin mənzərəsini izləməkdən zövq alırlar.

Qubaya ilk dəfə gələn Nouz Mohammaed Alhogbani atası ilə birgə səyahət edir. "Burada bizim kimi Səudiyyə Ərəbistanından və başqa ərəb ölkələrindən gələn çox sayda turistlərlə qarşılaşırıq. Atamın da qeyd elədiyi kimi Qubanın havası, meşələri, təbiətini çox gözəldir. Mən mətbəxi də xüsusi vurğulamaq istəyirəm. İnsanlar da gülərüz və qonaqpərvərdir. Mütləq yenə gələcəyik", -deyə əcnəbi qonaq bildirib.

Qubaya gələn turistlər şəxsi evlərdə dincəlmək üçün gün ərzində 30-120 manat arasında vəsait xərcləyirlər. Təklif olunan evlərin qiyməti yerləşdiyi yerdən və şəraitindən asılı olaraq dəyişir.

Turizm obyektlərindən birinin inzibatçıları da bu il əcnəbi turistlərin sayının artığını təsdiqləyir. Xaricdən Qubaya üz tutan qonaqların əksəriyyətinin ərəb ölkələrindən olduğu üçün istirahət mərkəzlərində ərəb dili bilən bələdçilər işə götürülüb, restoranlarda həmin dildə menyular tərtib olunub. Quba-Xınalıq istiqamətindəki istirahət mərkəzlərində iki nəfərlik otağın birgünlük qiyməti 50 manat, 3 nəfərlik otağın 60, dördnəfərlik otağın isə 80 manat təşkil edir. Bundan başqa, turistlərə hər bir şəraiti olan koteclər də təklif olunur.

Quba Turizm İnformasiya Mərkəzindən bildirilib ki, ötən ilə qədər istirahət mərkəzlərində əcnəbi dil bilən əməkdaşların çatışmazlığı problemi də qismən öz həllini tapıb.

Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, Quba Turizm İnformasiya Mərkəzi istirahət və bayram günlərində də fəaliyyət göstərir. Turistlərin rayonda istirahətini təmin etmək üçün "qaynar xətt" yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər. Mərkəz tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi də təqdim olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.