Cəmiyyət

Yeni Yasamalda bu küçə yenidən qurulur - VİDEO - FOTO

9 İyul 2018 19:16
1 Şərh     Baxış: 975

Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində yenidənqurma işləri yaxın günlərdə tam olaraq yekunlaşdırılacaq.

Milli.Az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, küçə uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdi. Üstəlik küçənin ensiz olması və piyadalar üçün bəzi hissələrdə səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarırdı. Bu üzdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı.

Uzunluğu 1.6 km, eni əvvəllər 7-8 metr olan küçədə hazırda sürətlə və keyfiyyətlə aparılan yenidənqurma işlərinin sonuncu mərhələsidir.

Ümumilikdə layihə boyu aparılan işlər çərçivəsində küçənin eni ərazilərdən asılı olaraq 14-20 metrə qədər genişləndirilib. Bu məqsədlə yol boyu qazma-dolma işləri görülüb, zəruri olan yerlərdə yararsız qrunt çıxarılıb, əvəzinə yararlı müterial tökülüb kipləşdirilib.

Tikinti layihəsinə uyğun olaraq mövcud yeraltı kommunikasiya xətləri (su,qaz,rabitə,elektrik və s.) bərpa olunub, yeniləri çəkilib və ya yolun hərəkət hissəsindən kənarlaşdırılıb, 5 yerdə yolun altından 250 metr uzunluğunda ehtiyyat borular atılıb. Bu işlərə paralel olaraq səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub və zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları qoyulub.

Ümumilikdə sadalanan işlər çərçivəsində küçə boyu 21 ədəd yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 110 ədəd yeni baxış qapaqları qoyulub.

Bundan başqa, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası işləri də aparılıb. Küçə boyu aparılan bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Küçənin yenidən qurulması zamanı bütün hərəkət iştirakçılarının normal, rahat və təhlükəsiz hərəkəti nəzərə alınıb. Belə ki, küçə boyu hər bir istiqamət üzrə ümumi uzunluğu 3.2 km olan yeni piyada səkiləri inşa edilib. Piyada səkilərinin kənarlarına 6400 paqon-metr uzunluğunda yeni səki daşları düzülüb. Avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara rahat giriş-çıxışını təmin etmək məqsədi ilə 4 yerdə 4 metr enində xüsusi "cib"li hissələr yaradılıb.

Hazırda küçə boyu əlaqələndirici bitum səpilməklə 47100 kv.m sahədə yol örtüyünün alt qatının iri dənəli, üst qatının isə xırda dənəli asfalt - beton qarışığı ilə tikintisi aparılır.

Yaxın günlərdə asfaltlanma işləri bitən kimi küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə, 92 ədəd yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkilərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında sözügedən ünvanda hərəkətin normallaşmasına xidmət edən yeni və müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlər yekunlaşdırılacaq və Əsəd Əhmədov küçəsi tam olaraq vətəndaşların istifadəsinə veriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yeni Yasamalda bu küçə yenidən qurulur

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Hemide xanim · 10 İyul 01:3700

    Bu cox yaxwidi, sagolsun bu rahatligi yaradanlar, amma gorek bu rahatliq nece gun cekecek, oralarda yawayan kockunler imkan verseler, 1aydan sonra gelin baxin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.