Cəmiyyət

Ehtiramlı davranışla yaltaqlıq arasında sərhədlər

10 İyul 2018 21:20
0 Şərh     Baxış: 1 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bismilləhir-Rahmənir-Rahim!

İnsanlıq, bəşəriyyət üçün bütün əxlaqi mövzular hər zaman üçün aktualdır. Amma, bəzi əxlaqi rəzilətlər və fəzilətlər müəyyən dönəmlərdə xüsusilə aktuallıq kəsb edirlər. Bu kimi əxlaqi keyfiyyətlərdən də biri - insanın ətrafında olan digər insanlarla xoş, ehtiramlı davranışı və bunun əksi, əxlaqi rəzilətlərdən biri olan - yaltaqlıqdır.

Ayırd etmək üçün meyarlar lazım

Gündəlik həyatda və belə görsənir ki, tarixən də bəşərin rast gəldiyi, nifrət olunası eybəcər xüsusiyyətlərdən biri - yaltaqlıqdır. Həm ağıl bu xüsusiyyəti pisləyir, həm də ümumiyyətlə insanın fitrətinə uyğun deyil. Amma, bəzən bu sual meydana çıxır ki, ehtiramlı davranmaqla yaltaqlıq arasında nə fərqlər var?

Yəni, bir tərəfdən dinimiz bizləri təşviq edir ki, xoş davranaq, ehtiramlı, gözəl, qayğılı davranaq, digər tərəfdən də dinimiz, inancımız bizə yaltaqlıqdan uzaq durmağı tövsiyə edir. Düşünmək olar ki, dəqiq meyarlar olmasa, burada düzgün rəftar etmək asan olmayacaq. İnsan ya quru, rəsmi rəftarlara üstünlük verəcək, ya da ki, yeri gəldi-gəlmədi yumşaqlıq göstərəcək.

Amma əslində insan özü də yaxşı hiss edir ki, nə vaxt necə rəftar qurur. Biz gündəlik həyatda, müxtəlif vəziyyətlərdə ehtiramlı davranışla yaltaqlığa uyğun davranışı ayıra bilirikmi? Əslində bəli. Hətta bu barədə çətinlik çəkəndə də, insan bəlli meyarlarla bunları fərqləndirə bilər. İnsan bu meyraları bilsə, tanısa - birmənalı biləcək ki, zahirən oxşar mövzuların hansı biri səmimidir, hansı isə süni, qəlp.

Ehtiramlı davranışla yaltaqlıq arasında zahirən də fərq var

Müxtəlif hallara, nümunələrə diqqət etməklə, bizlər yaltaqlıq ilə ehtiramlı davranış arasında sərhədləri zahirən görə bilərik. Misal üçün, bir insandır, onun evinə qonaq gəlib. Həmin kəs ədəb göstərir, qonağa ehtiram edir, qarşılamağa çıxır, qapını açır, xoş gəldin deyir, qonağa yer göstərir, lazımi şəkildə xidmətində durur və s. Bunlar hamısı dinimizin bəyəndiyi məsələlərdir. Ehtiram göstərmək, ədəb göstərmək dinimizdə çox bəyənilən məsələdir.

Bundan başqa, insanların nəqliyyata minən zaman bir-birlərinə ehtiram göstərməsi, nəqliyyatdan düşən zaman bir-birinə ehtiramlı davranması, növbədə olan zaman, iş yerində, müxtəlif istirahət yerlərində, digər ictimai situasiyalarda mədəni davranışı ancaq təqdir oluna bilər.

O cümlədən də, ailənin öz içərisində valideyn və uşaqların, eləcə də kişinin xanımına münasibətdə, xanımın kişiyə münasibətdə ehtiramlı davranması dinimizdə yalnız təqdir edilir.

Amma, zahirən bu cür oxşar davranış nə zaman yaltaqlığa çevrilir? Nə zaman bu ehtiramlı görünən münasibət eybəcər hala düşmüş olur?

Yaltaqlıq nədir?

Dilimizlə bağlı olan izahlı lüğətlərə diqqət edəndə görürük ki, yaltaqlıqla əlaqəli müxtəlif cür izahlar verilir. Bəli, bəzən biz görürük ki, hansısa əxlaqi rəziləti və ya fəziləti müzakirə edirik, məlum olur ki, dilimizdə o sözün başqa çalarları da olur, insanlar dildə istifadə olunana diqqət edir. Amma yaltaqlıqla bağlı elə deyil. İzahlı lüğətdə bu cür gəlir ki, insanın öz şəxsi xeyri və ya birinin yanında öz qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə uyğun hərəkətlər etmək, riyakarcasına onu tərifləmək - yaltaqlıq hesab olunur.

Yaltaqlıq - insanı alçaldan hərəkətdir. Bəli, bizim izahlı lüğətdə göstərilən tərif, prinsip etibarı ilə dinimizin pislədiyi yaltaqlıq rəziləti ilə çox hissədə uyğundur. Bəs biz ehtiramlı davranışla yaltaqlıq arasında fərqləndirici sərhədlərini necə müəyyənləşdirə bilərik? Təqribən mühüm doqquz nöqtədir ki, əgər insan onlara diqqət etməsə, bunlar arasında sərhədləri tapmaqda çətinlik çəkə bilər.

Ehtiramlı davranış bütün insanlara münasibətdə olur

Ehtiramlı davranış bütün insanlara münasibətdə özünü göstərir. Yəni, ehtiramlı davranış bütün insanlara münasibətdə təqribi eyni müsbət bünövrə üzərində olur. Burada seçimlilik yoxdur. Əgər seçimli olarsa, əgər fərqlənərsə, bəzi halda ehtiramlı davranış meydana gələr, bəzi halda gəlməzsə, bu fərqlənmənin meyarı təqva yox, hansısa mənəvi kateqoriyalar yox, güc sahibi olmaq, maddi səbəblər olarsa, dünya ilə bağlı olarsa - bu zaman bu cür davranış ehtiramlı rəftar kateqoriyasından çıxar və yaltaqlıq hesab olunar.

Əgər insan ehtiramlı davranırsa - bütün insanlarla ehtiramlı davranır.İmkana görə, statusa görə, məqama görə, vəzifəyə görə fərq qoymadan bütün insanlarla ehtiramlı davranan insan, sözsüz ki, Allahın bəyəndiyi bir işi icra edir. Əgər biriləri ilə ehtiramla davranmırsa, buna görə də tutarlı səbəbi olmalıdır. Deməli, ehtiramlı davranış ümumidir. Amma bir insan fayda əldə etmək üçün, müəyyən bonuslar qazanmaq üçün ehtiram göstərirsə, bu, yaltaqlıqdır.

Ehtiramlı davranışda münasibət gerçəkliyə uyğundur

Ehtiramlı davranışda davranma gerçəkliyə uyğundur. Bir insanı layiq olduğundan artıq tərifləmək - yaltaqlıqdır. İnsanın layiq olduğundan aşağı dəyərləndirmək - ya sözün acizliyidir, ya da paxıllıqdır. Layiq olduğundan artıq - yaltaqlıqdır, layiq olduğundan aşağı isə ya söz acizliyi var, özünü ifadə edə bilmir, ya da ki, paxıldır.

Ehtiramlı davranışın ikinci mühüm xüsusiyyəti budur ki, reallığı əks etdirir, gerçəkdir. Ehtiramlı davranış gerçəkliyə söykənir, şişirtmə deyil, mübaliğə deyil, nə varsa - odur. Amma, bunun əksində, yaltaqlıqda həddi aşma var, gerçəklikdən artıq bir adama ehtiram etmək, tərif demək var.

Yaltaqlıq ehtiyaca söykənir

Ehtiramlı davranış hansısa maddi ehtiyacdan irəli gəlmir. Birinin qonağı gəlir durub qarşılayır, heç bir keçəcəyi olmur. Küçədə bir yaşlını görür, onun yüklərinə kömək edir, bununla heç bir keçəcəyi olmur. Tanıdığı adama da, tanımadığı adama da eynilə bu ehtiramı göstərir, hansısa maddi keçəcəyi olmur.

Amma yaltıqlıq insanın ehtiyacının təmini və gözləntisinə görədir. İnsan o cür davranır ona görə ki, hansısa gözləntisi var, hansısa ehtiyacı var, bu cür davranmaqla həmin gözləntilərin qarşılanacağını gözləyir.

Ehtiramlı davranış mənəvi islahat üçün platforma yaradır

Ehtiramlı davranış içdən gəlir və səmimidir. Yaltaqlıq zahirdədir və yalançıdır, imitasiya xarakterlidir, içdən gəlmir, səmimi deyil.

Ehtiramlı davranışla yaltaqlığın beşinci mühüm fərqi budur ki, ehtiramlı davranış pozitiv yüklüdür və qurucudur. Yaltaqlıq dağıdıcıdır və qeyri-konstruktivdir. Ehtiramlı davranış fəzada mənəvi yükü artırar, yaltaqlıq isə fəzada mənəvi yükü aradan aparar, o mühitdə quruculuq aradan gedər.

Ehtiramlı davranış mənəvi islahat üçün bir platforma yaradır. İnsan ehtiramlı davrananda onun mənəvi islahatı üçün bir tofiqat əmələ gəlir. Yaltaqlıq isə insanın mənəvi paklanmasına mane olur. Əksinə, bu şəxsin paklanmaq tofiqatı sıradan çıxır.

Ehtiramlı davranışda insanın özünə güvəni, inamı artır və Allaha təvəkkülü yaranır. İnsan özündən asılı olanı edir və qalanında Allaha təvəkkül edir. Yaltaqlıq isə insanın özünə güvənini zəiflədir və Allaha təvəkkülü zəiflədir, başqasına bağlanır.

Ehtiramlı davranış insanları yaxınlaşdırır, insanların qəlblərini bir-birinə yaxın edir, insanın səmimi münasibətlərini gücləndirir. Yaltaqlıqda isə insanların fərqlənməsi meydana çıxır. Yaltaqlıqda elə bir vəziyyət meydana çıxır ki, biri ehtiyaclı, biri ehtiyacını təmin edənə çevrilir, insanlar fərqlənir.

Ehtiramlı davranış dəyər yüklüdür, dəyər yükünə malikdir. Hər bir ağıllı kəs ehtiramlı davranışı dəyərləndirir. Amma, yaltaqlıq heç bir dəyər yükünə malik deyil. Çox zaman ona qarşı yaltaqlıq olunan insan belə, bu yaltaqlığı rəzilət kimi görür, onu dəyərləndirmir.

Yaltaqlıq imandan uzaqdır

Həzrət Əli (ə) buyurur: "Yaltaqlıqdan çəkin. Belə ki, yaltaqlıq imanın xislətlərindən deyil". Yaltaqlıq imanın təzahürlərindən hesab olunmur. Yaltaqlığın imanla heç bir əlaqəsi yoxdur. Belə isə, imanlı bir şəxsin yaltaqlığa meyillənməsi mümkünsüzdür.

Həzrət Əmirəlmöminin (ə) buyurur: "Yaltaqlıq peyğəmbərlərin (ə) əxlaqından deyil". Allahın peyğəmbərləri (ə) yaltaq olmayıblar. Onlar (ə) Allahın tapşırığını həyata keçirən zaman yaltaqlıq onların əxlaqında olmayıb. Onlar bu rəzil sifəti daşımayıblar və inkar ediblər.

Həzrət Əli (ə) digər bir yerdə buyurur: "Layiq olduğundan artıq bir kəsi tərifləmək - yaltaqlıqdır, layiq olduğundan az bir kəsi tərifləmək - dilin acizliyidir və ya paxıllıqdır". Ya, bir insanın dili acizdir ki, layiq olan insana xoş söz demir, ya da ona qarşı müəyyən paxıllığı var.

Bəndələrə yaltaqlıq insanı Allaha sitayişdən uzaqlaşdırar

Bu sadalananlar insanın bütün münasibətlərinə aiddir. Ailədə, ictimai həyatda, iqtisadi həyatda, dini həyatda, insanlararası münasibətlərdə, möminlərarası münasibətlərdə, bütün müstəvilərdə biz bu dəyərləndirməni apara bilərik. Biz diqqət edəndə görürük ki, Peyğəmbərimizin (s) yanında gəlib bir sözlər danışmaq istəyəndə, Peyğəmbərimiz (s) onlara tövsiyə edir ki, dillərini nəzarətdə saxlasınlar. Eyni zamanda, İmamlarımızın (ə) da həyatına baxanda görürük ki, yersiz tərifə, ehtirama qarşı çıxıblar. Əməl sahibi olan alimlərimiz, üləmalarımız da bu yolla gedirlər.

İmam Əli (ə) haqqında deyirlər ki, başqasına həddən artıq sitayiş edən birinə Həzrət (ə) buyurur: "Bu işdən çəkin ki, çox yaltaqlanmaq öz ardınca bədgümanlıq gətirər. Əgər mömin qardaşın sənin etimadına layiq olubdursa, ona yaltaqlanmaqdan çəkin və hüsni-niyyət göstər".

Həzrət Peyğəmbər (s) buyurur: "Sitayiş edən yaltağın üzünə torpaq tökün".

İmam Sadiq (ə) buyurur: "Allah bəndəsi bəndəliyin kamalına çatmaz, məgər o halda ki, başqalarının mədhi və tənqidi sənin üçün eyni olsun. Çünki nə başqalarının mədhi insanı Allah yanında yuxarı qaldırar, nə də məzəmmətləri qədrini azaldar. Ona görə də, ey Allah bəndəsi! Başqalarını sitayiş etməkdən sevinmə".

İmam Əli (ə) bizləri xəbərdar edir ki, çox tərifləmək və insanın özünü buna alışdırması ardınca yaltaqlıq gətirə bilər. Həzrət (ə) buyurur: "Çox tərifləmək yaltaqlıqdır ki, qürur və təkəbbür gətirər".

İmam Əli (ə) buyurur: "Yaltaqlıq və həsəd, möminin əxlaqından deyildir, məgər elm təhsilində". İnsan yalnız elm və təhsilin hərisi ola bilər. Və ya mömin birindən elm və təhsil almaq üçün, ondan nəsə öyrənə bilmək üçün ona xüsusi ehtiram göstərə bilər. Başqa hallarda, birinə səbəbsiz yerə həddindən artıq ehtiram göstərmək yolverilməzdir.

Bizlər həyatımızda nə qədər bacarırıqsa, ehtiramlı davranmalıyıq. Amma, bunu bütün insanlara qarşı, heç bir fərq qoymadan həyata keçirməliyik. Bizlər ağılla davranmalı, mötədil olmalı, bütün məsələlərimizdə qızıl orta həddi tapmalı və ona uyğun həyat yaşamalıyıq.

Allahım, bizlərə hər zaman ehtiramlı davranmağı nəsib et!

Allahım, bizləri yaltaqlıq və bütün bu kimi mənfi rəzilətlərdən uzaq et!

Allahım, bizlərə bütün məsələlərimizdə orta həddi tanımağı və ona uyğun həyat yaşamağı nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.