Cəmiyyət

Bu dəfə “Bakılı balasıyam” mahnısı qana səbəb oldu

23 İyun 2018 20:03
0 Şərh     Baxış: 2 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tale əvvəldən onunla sərt davranmışdı. Bu üzdən "moyka" təkcə iş yeri deyil, həm də sığındığı məkan idi.

Gəncədən Bakıya işləməyə gələn 19 yaşlı gənc gündüzlər bahalı avtomobilləri yuyub-təmizləyir, gecələməyə yeri olmadığından elə burada qalırdı. Əslində alaqaranlıq daxmalarda 2-3 manat ödəməkdənsə "moyka" daha sərfəli idi...

Bəlkə də həyatında ilk dəfə - ötən il "Sevgililər günü"ndə dostları ilə birgə şənlənmək istəyi ona baha başa gəlib. Musiqi sifarişi üstündə mənasız davanın qurbanına çevrilən bu gənci indi uzunmüddətli həbsxana həyatı gözləyir. Artıq nə gecələyəcək yer axtarışındadır, nə də işləyəcək "moyka"...

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda, soyuq silah gəzdirməkdə və iki nəfəri bıçaqlamaqda ittiham olunan 19 yaşlı Fərhad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hadisə ötən il fevralın 14-də gecə saatlarında Mərdəkan qəsəbəsində yerləşən "Anar" kafesində baş verib. Avtoyuma məntəqəsində işləyən dostları ilə kafeyə şənlənməyə gələn Fərhadın bıçağa əl atmasına səbəb isə yan masada əyləşən müştərilərin onların sifariş etdikləri mahnını yarıda kəsdirib başqa musiqi sifariş etmələri olub. Üstəlik, özlərindən yaşca qat-qat kiçik olan Fərhadla dostlarını da onlarla birgə rəqsə dəvət ediblər. Elə əsl həngamə də bundan sonra qopub. İnsident zamanı Fərhad bıçaq çıxararaq iki nəfərə - 34 yaşlı Şamo Nəsirova və davaya müdaxilə edən 39 yaşlı Anar Əliyevə zərbələr endirib.

Törətdiyi əmələ görə F.Quliyevə qarşı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (xuliqanlıq) və 228.4-cü (qanunsuz silah gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Fərhad Quliyev ifadəsində hələ körpə ikən valideynlərinin boşandığını, anasının himayəsi altında böyüdüyünü, hadisədən dörd ay öncə Gəncədən paytaxta işləmək üçün gəldiyini göstərib: "Şüvəlandakı "moyka"da işləyirdim, gecəni də orada qalırdım. Günə 10-15 manat pulum olurdu. Rauf Rüstəmzadə ilə Məhəmməd Sadıqlını da "moyka"da işləyəndə tanımışam. Hadisədən on gün əvvəl Raufgil məni "Anar" kafesinə dəvət etmişdilər. Kafe çox xoşuma gəlmişdi. Ona görə növbəti dəfə mən onları dəvət etdim. Masada əyləşib, pivə sifariş etdik".

Bir qədər sonra Fərid "Gəncəli" mahnısı sifariş verib, dostları ilə birgə rəqs etməyə başlayıb. Elə bu vaxt yan masada əyləşən, yaşca Fəridgildən böyük olan müştərilərdən biri mahnını yarıda kəsdirib: "Bizim mahnımızı saxlatdırıb "Bakılı balasıyam" sifariş etdilər. Məcbur etdilər ki, siz də oynayın. Sonra musiqini tamam saxlatdırıb mübahisə etməyə başladı, başı ilə üzümdən vurdu, yıxıldım. Mən də bıçaqla onu vurdum. Anar adlı şəxs qolumdan tutub çölə çıxaranda bıçaqla onu da vurdum. Raufgil evlərinə getdilər, mənsə "moyka"ya gəldim. Bıçaqla vurduğum şəxsin adının Şamo olduğunu sonradan bilmişəm. Ertəsi gün polislər "moyka"ya gəlib məni bölməyə apardılar".

F.Quliyev həmin şəxslərin fiziki cəhətdən ondan güclü olduqları üçün qorxutmaq istədiyini, öldürmək niyyəti olmadığını deyib.

Zərərçəkmiş Şamo Nəsirov ifadəsində göstərib ki, dostları ilə birgə "Anar" kafesində pivə içiblər. Digər masada üç nəfər tanımadığı şəxslər musiqi sifariş edib oynayıblar: "Musiqini saxladıb dedim ki, oynamayın, mən oynayacağam. Onlar da kənara çəkildilər. Dostlarım Elməddin və Anarla birlikdə oynadıq. Həmin o üç nəfəri də dəvət etdik. Onların narazı olduqlarını görüb mübahisə etdim və başımla birinin üz nahiyəsinə vurdum, yerə yıxıldı. Yerə yıxıldıqdan sonra belindən bıçaq çıxarıb qarnıma vurdu. Sonradan eşitdim ki, Anarı da ayağından bıçaqlayıb. Dostlarımız bizi xəstəxanaya apardılar. Orada əməliyyat olundum".

Zərərçəkmiş Anar Əliyev ifadəsində "Anar" kafesini icarəyə götürüb işlətdiyini göstərib: "Hadisə zamanı Şamonun üç nəfər gənc oğlanla mübahisə etdiyini gördüm. Onları ayırıb kafedən çölə çıxartdım. Oğlanlardan birinin əlində bıçaq vardı, aldım, çıxıb getdilər. İçəri qayıdanda gördüm Şamonu bıçaqlayıblar. Öz ayağımda keyimə hiss etdim, qan gəlirdi. Bildim ki, məni də bıçaqla vurublar. Huşumu itirdim, ayılanda gördüm xəstəxanadayam".

Qeyd edək ki, Şamo Nəsirov barəsində ayrıca cinayət işi açılıb. Həmin cinayət işində isə F.Quliyevlə dostları zərərçəkmiş qismində tanınıblar.

Məhkəmə prosesi iyunun 29-da davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.