Bölgələrdə arıçılar may balını yeşiklərdən yığmağa başlayıblar.
Milli.Az bildirir ki, cənub bölgəsində, Astaranın əksər dağlıq ərazilərində, xüsusən də Miki kəndində arıçılıq əhalinin əsas məşğuliyyəti və təsərrüfatın aparıcı sahəsidir. Hazırda bu kənddə bal süzümünün qızğın çağıdır. Arıçılar aylardır çəkdikləri zəhmətin bəhrəsini indi götürürlər.
Astara fermerləri əldə etdikləri xalis balın 1 kiloqramını yerində 20-25 manata satırlar.
Bu mövsüm rayondakı 30 minə yaxın arı ailəsindən 400 tona yaxın məhsulun alınması gözlənilir.
Uzun illərdir arıçılıqla məşğul olan Mingəçevir sakini Nəsib Bayramoğlu da keyfiyyətli bal əldə etmək üçün ətraf rayon ərazilərində arıların yerlərini tez-tez dəyişir.
Hazırda o, Yevlax rayonu ərazisində balı yığmağa başlayıb.
O, "may balı"nın 1 kiloqramını 30 manata təklif edir.
İsmayıllı arıçıları isə hələ gözləyirlər. Onlar deyirlər ki, havaların yağışlı olması və qeyri-sabit keçməsi bal istehsalını gecikdirib. Artıq iyun ayının ortaları olmasına baxmayaraq, arıçılar may balının çox olmayacağından ehtiyat edirlər.
Bu mövsümdə arıçılar istehsal etdikləri məhsulu adətən şifarişlər əsasında satırlar. Əgər qiymətlər onları qane etməsə, qablara yığıb qışa saxlayırlar. /xezerxeber.az
Milli.Az