Cəmiyyət

Güclü leysan Balakəndə əkin sahələrinə ziyan vurub

12 İyun 2018 20:25
0 Şərh     Baxış: 355

Balakən rayonu Katex kənd bələdiyyə sədri Cavanşir Piriyev BBC News Azərbaycancaya bildirib ki, hazırda kənddə bərpa işləri aparılır.

"Kənddə 150 evin həyətinə, 50 evin isə birinci mərtəbəsinə su dolmuşdu. Rayon fövqəladə hallar komissiyasının və icra hakimiyyətinin nümayəndələri hadisə yerində olub və hazırda bərpa işləri gedir", - o deyib.

Cənab Piriyev 150 hektara yaxın əkin sahəsinin suyun altında qaldığını bildirib.

Bələdiyyə sədri deyib ki, qaz və elektrik xətlərinə ziyan dəysə də, əhaliyə elektrik enerjisinin verilişi bərpa olunub.

Cavanşir Piriyev kənd yollarına ziyan dəydiyini söyləyib: "Aprel ayında olan seldən sonra yolları yeni bərpa etmişdik. İndi kənd yollarına yenidən ziyan dəyib.

Balakənin Kortala kənd sakini Azər Kərimov deyir ki, sel onların da kəndinə də ziyan vurub.

"Sel bizim kəndə və bir neçə ətraf kəndə də ziyan vurub. Kortala kəndindən rayon mərkəzinə gələndə yol boyu Püştətala, Qaravəli və İvanovka kəndlərində təsərrüfat sahələrinə və arı pətəklərinə ziyan dəydiyini gördüm. Fındıq bağları, taxıl və qarğıdalı sahələri suyun altındadır", - o söyləyib.

O, sözügedən kəndlərdə evlərin suyun altında olduğunu bildirib.

"Sel həm də yollara ziyan vurub. Hərəkət mümkün olsa da xeyli çətinləşib", - cənab Kərimov deyib.

İyunun 11-də axşam saatlarından başlayaraq Balakən rayonunda yağan güclü leysan yağış nəticəsində rayonun Katex kəndinin ərazisindən keçən Dəli çayda suyun səviyyəsi qalxıb, nəticədə 700-dək həyətyanı təsərrüfatı su basıb, 30-a yaxın kürsülü evin içərisinə su dolub.

Təbii fəlakət nəticəsində kənddə olan yüzlərlə evə təbii qazın və elektrik enerjisinin verilişi qismən dayandırılıb, Azertac xəbər verir.

Balakən rayon fövqəladə hallar komissiyası bildirib ki, təbii fəlakət nəticəsində Püştətala kəndinin ərazisində də həyətyanı təsərrüfatlar su altında qalıb.

Güclü leysan əkin sahələrinə və yol təsərrüfatına xeyli ziyan vurub, Dəli çayın üzərindəki piyada keçidlərini sel yuyub aparıb.

Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər davam etdirilir, komissiya bildirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.