Cəmiyyət

Britaniyanın Azərbaycan barədə məxfi hesabatı - 100 il əvvəl

12 İyun 2018 23:35
0 Şərh     Baxış: 3 478

Britaniyalı zabit tərəfindən Zaqafqaziya barədə 1919-cu ilin fevral ayında hazırlanan bu hesabat, region barədə Britanıyanın ən ətraflı ilkin mənbələrindən biridir.

Bu sənəd Britaniya üçün prioritetləri və narahatlıqları əks etdirir və müstəqilliyini yeni qazanmış Qafqaz ölkələri barədə maraqlı müşahidələri göstərir.

Sənəd həmçinin Azərbaycan və digər Qafqaz respublikalarının öz müstəqilliklərini beynəlxalq cəmiyyətə tanıtdırmasının nə dərəcə çətin olduğunu nümayiş etdirir.

Hesabatın hazır olmasından sadəcə 11 ay sonra, Azərbaycanın müstəqilliyi de-fakto tanındı.

Britaniyalı liderlərin təşəbbüsü ilə 1919-cu ilin sonunda Azərbaycanın müstəqilliyinin tanınması bu dövrdə hadisələrin necə sürətlə dəyişdiyini və çətin şəraitlərin siyasi qərarlara təsirini bildirir.

BBC News Azərbaycanca Britaniya arxivlərindən əldə etdiyi və 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik mübarizəsini əks etdirən məktubları yayımlayır.

Britaniyanın Zaqafqaziya üzrə məxfi hesabatı

MƏXFİ

İmperyia Ordusunun Baş Qərargahına" - Müharibə Nazirliyi, London SW1

.....

Naxçıvan Rayonu

Şimal və cənub sərhədləri hələ müəyyən edilməyən bu rayonun əhalisi əsasən azərbaycanlıdır və Ermənistan Respublikasının iddialarına baxmayaraq, heç vaxt onların effektiv nəzarəti altında olmayıb.

Son zamanlar baş verən hadisələrə görə burada Britaniya Hərbi Hakimiyyətinin təsis olunması lazım gəlib və onlar yerli azərbaycanlıların fövqəladə hökuməti və yerli icraçı şura ilə əməkdaşlıq edirlər. Bu qurumların birlikdə necə işləyəcəyini yalnız zamanla biləcəyik.

Hər bir kişi başdan ayağa silahlıdır və mənim hələ az məlumatım olan bir hərbi qüvvənin də mövcud olduğu deyilir. Münaqişənin yaranması təhlükəsi, Ermənistan Respublikasındaki səviyyədədir, tək fərq burada azərbaycanlıların çoxluq təşkil etməsidir və bu səbəbdən burada sabitliyi təmin etmək daha çətin olacaq.

Yaz yaxınlaşdıqca onlar sürülərini Ermənistan Respublikasının ərazisindəki torpaqlara aparmağa səy göstərəcəklər. Bu səbəbə görə, mən düşünürəm ki, burada bir piyada batalyonu və iki süvari dəstəsinin saxlanması çox vacibdir.

Azərbaycanda vəziyyət

Azərbaycan Respublikası 1918-ci ilin mart və ya aprel ayında, ermənilərlə bolşeviklərin müsəlmanları Abşeron yarımadasından məcburən çıxarmalarından sonra yarandı.

Azərbaycan, öz hökumətini əvvəla anti-bolşevik və pan-İslamçı hakimiyyət olaraq Elizavetpolda yerləşdirdi. Amma Azərbaycan, yalnız Bakının türklər tərəfindən ələ keçirilməsi və Türklərin müdafiəsilə Bakıya köçdükdən sonra bir idarəedici qüvvəyə çevrildi.

AZƏRBAYCAN adı, əslində İranın şimal-qərbindəki bir rayonun adıdır və bu ad yeni Respublikaya Türklərin və pan-islamçı "Müsavat" cəmiyyətinin təşviqi ilə qoyulub. İran Azərbaycanında da eyni dildə danışılır və əhalinin əksəriyyəti eyni müsəlman icmasındandır. Pan-islamçıların ümidi uğurlu Türkiyə və Almaniyanın köməyilə İranın bir müddət praktiki olaraq rusların nəzarətində olan bu hissəsini özünə əlavə edərək Xəzərin sahilində böyük azərbaycandilli bir respublika yaratmaq idi. Azərbaycan respublikası hər hansı bir şəkildə mövcud qalacaqsa, onun adının dəyişdirilməsini tövsyiə edirəm.

...

George Francis MilneGeneral George Francis Milne

Hazırda parlamentdə rus icmasını təmsil edən rus əhalisi tərəfindən tanınmayan Slavyan Cəmiyyətidir və Rusiya Milli Şurası hakimiyyətdə iştirak etməkdən imtina edir. İndiyədək ermənilər əməkdaşlıqdan imtina ediblər, lakin son məlumatlara görə, onlar artıq fikirlərini dəyişməyə başlayırlar.

Bu səbəbdən hakimiyyət demək olar ki, tamamilə keçmiş Bakı sakinləri olan şəxslərdən ibarətdir və onların çoxunun şəhərdə maraqları var. Hərb nazirindən başqa heç bir hökumət üzvü əvvəl icraedici bir vəzifə tutmayıb: bunun nəticəsini özünüz də təssəvvür edə bilərsiniz.

Siyasi baxımdan ruslar erməniləri tamamilə dəstəkləyirlər və gəlişimizdə bizdən onlara azərbaycanlılarla istədiklərini etməyə icazə verəcəyimizi gözləyirdilər.

Bizim hazırkı hökumətlə iş qurmağımız onların təəccübləndirib və deyilənlərə baxmadan, onlar Britaniyanın Azərbaycanı ələ keçirib Bakı neftini oğurlamaq niyyətində olduğunu düşünürlər.

Rusların arasında kəskin anti-Britaniya hissi var və bu, keçmişdə Britaniya tərəfindən maliyyələşən General Biçarkovun ordusu və donanmasında mərkəzləşir. Biçarkovun özü şəxsən çox Britaniya yönümlüdür.

Bu səbəbdən bu ordunun yox edilməsi lazımdır. Britaniyanın dəstəyilə hazırki hökumət iddiası olduğu əraziləri idarə etməyi bacaracaq. Ümid edirik ki, ruslar və ermənilər getdikcə bunu qəbul edib ticarətlə məşğul olacaqlar. Bizə qarşı baş təbliğatçı Rusiyanın Tehrandaki nümayəndəsi cənab Minorskidir.

Azərbaycanlıların lideri təhsilli vəkil Xan Xoyskidir. O anlayır ki, ölkəsinin müstəqilliyinə yeganə ümid Böyük Britaniya vasitəsilədir və ona qarşı olanlar hələ də Müttəfiqlərin qələbəsini qəbul etməyən Müsavat partiyasının pan-islamçı fanatlarıdır.

Son zamanlar Şuşada bu partiyanın təşviq etdiyi təxribatlar Azərbaycan ordusu tərəfindən dayandırılmışdı və nəticədə Bakı şəhərində bolşevik tendensiyaları olan Müsavat liderləri getdikcə ruslarla birgə anti-Britaniya siyasəti yeritməyə meyllidirlər.

Azərbaycanın ümumi vəziyyət demək olar ki, tamamilə Bakı şəhərindən asılıdır. Bu sual həll olunandan sonra Azərbaycanın digər hissələri müzakirələr yalnız ermənilərlə azərbaycanlılar arasında kənd təssərüfatı məsələri üzərində olacaq...

...

Ümumi nəticələr

Yuxarıdakı məlumat göstərir ki, Azərbaycandaki vəziyyət Gürcüstandakından daha mürəkkəb və təhlükəlidir. Təhlükələr bunlardan ibarətdir:

1) Əhalinin etimadına sahib çıxa bilən və idarəçiliyi bacaran insanların olmaması.

2) Britaniya hökumətinin Bakını Rusiyadan ələ keçirmək niyyətində olduğuna inanan, əməklə məşğul olan və aşağı təbəqələrin anti-Britaniya mövqeyi.

3) Əhalinin silahlı olması.

4) Bolşevik ordusunun yaxın olması və onların dəstəyinə olan ümid. Güclü bolşevik təbliğatı mövcuddur.

5) Minlərlə insanın işsiz olması və təbii ki, nəticədə şuluqluq yaratmaları

Müttəfiqlərin Zaqafqaziya üzrə rəsmi siyasətinin bəyanı bu çətinliklərin çoxunu həll edə bilər. Lakin bu siyasətin həyata keçirilməsi hərbi qüvvələrdən istifadəni tələb edə bilər. Gürcüstan və Azərbaycan öz müstəqilliklərini təmin etməyə cəhd göstərir, amma Zaqafqaziyadaki ruslar burada hansısa bir rus hökumətinin olmasını istəyir və Ermənistandan kənarda yaşayan ermənilərin də bu mövqeyi bir qədər paylaşdıqlarını demək olar.

Nə qərar verilirsə verilsin, bu kiçik dövlətlərin tamamilə müstəqil qalmaları şübhə altındadır. Bu dövlətlər arasında bir dəmir yolu xətti, poçt və teleqraf sistemləri vasitəsilə azad ticarət qurmaları onlar üçün çox vacibdir, çünki ölkələrin rayonları bir-birlərindən asıdılır. Burada əsas təsiri göstərən Bakının neft yataqlarının motiv qüvvəsilə tam inkişaf üçün lazım olan pula sahib olmasıdır.

Baş QərarqahKonstantinopol

6 fevral, 1919

G.F. Milne

General,Britaniya Salonika Qüvvələrinin Baş Komandanı

Britaniya rəsmilərinin qeydləri

Zaqafqaziyanın nəzarəti üçün məsuliyyət daşıyan britaniyalı zabit tərəfindən hazırlanan bu ətraflı hesabat, Rusiya İnqilabından indiyədək regiondakı vəziyyəti izah edən ən önəmli mənbəmizdir.

Hesabat çox kədərli bir vəziyyəti əks etdirir, lakin onu (a) cənub-şərqi Avropadakı və (b) Rusiyadakı hazırkı vəziyyətlə müqayisə etməliyik.

Bu baxımdan vəziyyətin ilk qeyd etdiyim regiondan daha pis olmadığı və Rusiyadan qat-qat yaxşı olduğu qənaətinə gəlmək olar.

Hesabatın yaratdığı ümumi təəssürat odur ki, Gürcüstanda vəziyyət düşündüyümüzdən qat-qat pisdir, İrəvanda daha yaxşı, Azərbaycanda isə düşündüyümüzdən bir azca yaxşıdır.

Robert VansittartBritaniyalı diplomat Robert Vansittart-ın hesabat barədə rəyi və nəticələri rəsmi sənədlərdə qeyd olunur.

Gürcüstana gəldikdə, Müsəlman gürcülər və gürcü olmayan icmaların Xristian gürcülərə qeyd olunan düşmənçiliyi, xüsusilə də Batum vilayətində, çox narahatedicidir.

Digər tərəfdən, General Milne-in Gürcüstandaki rejimi "Bolşevik" adlandırması da tamamilə dəqiq deyil. Bu rejim həddindən artıq sosialistdir və müharibə mühitinə və inqilaba görə xaos içindədir. Buna baxmayaraq, bir milli hökumət mövcuddur və aydındır ki, gələcəyi dağların şimalındaki Avropa Rusiyasından daha ümidlidir.

Görünür ki, İrəvan özünü idarə etməyi bacaracaq. Düşünürəm ki, buradaki ermənilər Rusiya yönümlüdür, o mənada ki, onlar Rusiya ilə bilavasitə qonşu olan gürcülər və azərbaycanlılar qədər ruslardan qorxmurlar. Lakin onların Türkiyə ermənilərilə birlik yaratmaq niyyətlərinə heç bür şübhə olmamalıdır.

Qars rayonuna gəldikdə, görünür ki, öz mülklərinə sahib çıxmağa qayıdan xristianların bunu etməyinə maneə yaradan müsəlmanlara qarşı güc tətbiq etməli ola bilərik.

Bu cür mövqeyi olan insanlardan bir nümunə yaratmasaq, Qafqazda və Ermənistanda gələcəkdə sülh mümkün olmayacaq.

Azərbaycanda məmnuniyyət doğuran, torpaq sahibləri olan (və Türk yönümlü və daha mühafizəkar) bəylərin yox, Bakı müsəlmanlarının hakimiyyətdə olmasıdır.

Yerli rus və erməni elementlərinin qeyd olunan mövqelərinə və müsəlmanların pan-islamçı və Rusiya yönümlü partiyalar arasında bölünməsi məsələsinə gəldikdə, əvvəlkindən də daha aydınlıqla görünür ki, Azərbaycanın gələcəyini bir açıq sual olaraq saxlamağı tövsiyə edirəm.

Eyni vaxtda, aydındır ki, bir mandat lazım olacaq, ən azı Bakıya görə. Və bu baxımdan ən arzu olunan nəticə amerikalıların bizimlə əvəz olunmasıdır.

Robert Vansittart

Britaniyanın Paris Sülh Konfransına Nümayəndə Heyətinin Birinci Katibi

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.