Cəmiyyət

Bakıda yenə nömrəsiz maşınlar şütüyür

26 May 2018 19:11
0 Şərh     Baxış: 1 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəfələrlə mətbuatda işıqlandırılmasına baxmayaraq, hələ də Bakı küçələrində sərbəst hərəkət edən nömrəsiz "Oka" avtomobillərinə rast gəlinir. Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə dövlət qarşısında xidmətlərinə görə paylanan bu maşınlara nömrə vurmadan yollarda sərbəst idarə edirlər. Növbəti belə avtomobili əməkdaşımız mayın 24-də Heydər Əliyev prospektində müşahidə edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, əslində, qanunvericiliyə görə, bütün avtomobillər dövlət qeydiyyatına alınmalı, onlara nömrə verilməlidir. Nömrəsiz avtomobillə heç bir sürücü yola çıxa bilməz.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, polis belə hallarla mübarizə aparır və qanunu pozan şəxslər inzibati məsuliyyətə cəlb olunurlar: "Yol polisi dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət apararkən belə avtomobilləri görürsə, təbii ki, reaksiya verir. Belə avtomobillər saxlanılır və yol hərəkətindən kənarlaşdırılır. Onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Ola bilər ki, ərazidə xidmət aparan əməkdaş bir nömrəli tədbirdə olar və ya həmin ərazidə yol polisi olmaz. Bu o demək deyil ki, nəzarət olunmur".

Qanunvericiliyə görə, əgər hər hansı avtomobilə nömrə verilməyibsə, bu qeydiyyatdan keçməmiş nəqliyyat vasitəsinin idarə edilməsi hesab olunur və buna görə İnzibati Xətalar Məcəlləsinin 154-cü maddəsinə görə 50 manat cərimə tətbiq olunur. Əgər avtomobilin nömrəsi varsa və sürücü onu çıxararaq avtomobili nömrəsiz idarə edirsə, buna görə 155-ci maddəyə əsasən 40 manat cərimə oluna bilər. Əgər nömrə varsa və onu maşından kənara qoyubsa, belə avtomobil cərimə meydançasına aparılır, sürücüyə 4 cərimə balı verilir və 60 manat cərimə olunur. Həm də sürücü yalnız nömrəni gətirib yerinə taxdıqdan sonra onu idarə edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.