Cəmiyyət

Bizi təhqir edirlər: susaq ya susmayaq?

24 May 2018 23:20
0 Şərh     Baxış: 1 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mübarək Ramazan ayının gəlişi yalnız dindarların sevinci və şövqü ilə səciyyələnmir. Bu ayda nəinki Allahın buyruqlarını, hətta Adının əksini həzm etməyənlər, bundan qıcıqlananlar bir qayda olaraq xeyli fəallaşırlar. Gah onları yaradan Rəblərini, gah Müqəddəs Kitabı, gah da müqəddəs şəxsiyyətləri təhqir edirlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu kimi hallar müşahidə edildikdə isə inanclılar arasında mümkün davranış ssenarilərin 2 variantı qızğın müzakirələrə səbəb olur. Bəziləri iddia edirlər ki, sözügedən təhqirlərə və hədyanlığa cavab vermək lazım deyil, bunları görməzdən gəlməliyik. Bu da təhqir yağdıranların son dərəcə dəyərsiz olmaları ilə izah edilir. Digər qrup isə tam fərqli düşünür. Onlar müqəddəs dəyərlərimizə ünvanlanan istənilən sözə və ifadəyə cavab verməyi zəruri sayırlar. Yaxşı, nə edək? Bir neçə sarsağın düşük replikalarını eşidək, görək və göz yumaq? Yoxsa dərhal reaksiya göstərək? Zənnimizcə, hər məsələdə olduğu kimi, burda da orta həddi gözləmək zəruridir. Daha dəqiq desək, hər bir konkret hadisəyə diferensial yanaşma lazımdır. Necə?

İstənilən addımı atmamışdan öncə onun effektliyini dəyərləndirməliyik. Məsələn, 100-cü dərəcəli bir saytda kimsə öz daxili çirkabını və nifrətini bayıra püskürübsə, ona gündəlik 20-30 min izləyicisi olan İnternet media resursunda cavab vermək böyük səhv olardı. Belə addım cavabdan və müqəddəs dəyərləri qorumaqdan çox bu dəyərsiz media mənsubunun və dəyərsiz müəllifin reklamı olardı. Və əksinə. TV kanalında və ya ən populyar saytlarda dini dəyərlər təhqir olunduğu təqdirdə buna ağılla, məntiqlə və yüksək əxlaq normalarını qorumaqla cavab verilməlidir. Bir sözlə, bəzi üzdəniraqları görüb və eşitməliyik, bəzilərini isə - yox.

Sonda isə bir qeydə ehtiyac duyuruq. Dindar cameə bu məsələlər ətrafında müzakirələr apardığı zaman öz obyektivliyini də qorumalı, təəssübə, ifrata və xudpəsəndliyə yol verməməlidir. Məsələn, 1 il öncə hansısa ağzıgöyçəyə cavab verən dindaşını şiddətlə qınayan islamçı, bu gün qolunu çırmayıb meydana girirsə, razılaşaq ki, baş verənlər heç də birmənalı dəyərləndirilə bilməz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.