Cəmiyyət

Necə edək ki, ictimai-iaşə obyektlərinə qorxu altında getməyək?

23 May 2018 23:14
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər deyir ki, bəzi sahibkarlar yoxlamaların dayandırılmasından sui-istifadə edirlər 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu günlərdə Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.  Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin - 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib. 1974-cü il təvəllüdlü Natiq Zahid oğlu İbrahimov isə ötən gecə aldığı ağır yanıq xəsarətlərindən xəsətəxanada dünyasını dəyişib. Hadisə zamanı xəsarət alan 1965-ci il təvəllüdlü Şəkər Xosrov qızı İbrahimovanın müalicəsi davam etdirilir. Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 

Restoranlar, kafelər bir çoxumuzun gündəlik getdiyi məkanlardandır. Hər gün minlərlə insan belə ictimai iaşə obyektlərinə üz tutur. Amma təəssüflər olsun ki, heç də bütün məkanlar təhlükəsiz deyil. Binəqədidə baş verən hadisədən sonra  ictimai-iaşə obyektlərində təhlükəsizlik problemi bir daha aktuallaşdı. İnsanlar istər-istəməz övladlarına, ailəsinə, yaxınlarına, dostlarına görə haqlı narahatlıq hissi keçirirlər. Bəs görəsən ictimai-iaşə obyektlərində təhlükəsizlik məsələləri necə həll edilməlidir? Özümüzü neqativ hallardan necə sığorta edə bilərik? 

Tanınmış hüquqşünas, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirdi ki, bu sahədə mühüm tədbirlər görülməlidir: "Mən bildiyim görə,  sözügedən müəssisə rəhbərliyinin özbaşına və qanunsuz göstərişi ilə idarə olunur. Belə yerlərdə təhlükəsizlik qaydalarına əməl edilmir. Son illərdə yoxlamaların dayandırılması isə özbaşınalıqları daha da artırıb. Müəssisə sahibləri onu istədikləri şəkildə idarə edirlər. Bir çox kafe və restoranlarda heç bir təhlükəsizlik təminatı yoxdur. Digər tərəfdən, insanların kütləvi şəkildə toplaşdığı ərazilərdə qida təhlükəsizliyindən tutmuş bütün tədbirlərə tam olaraq əməl edilməlidir. Prosesin həyata keçirilməsi isə mütəmadi şəkildə yoxlanılmalıdır. Bəzən təxliyə və digər vacib tədbirlərin heç birinə əməl edilmir. Sözügedən hadisə ilə bağlı hüquq-mühafizə orqanları düzgün qərar qəbul edərək, vəzifəli şəxsləri məsuliyyətə cəlb edib. Belə halların qarşısını almaq üçün ciddi nəzarət tədbirlərinə ehtiyac var. Dövlətə məxsus olan ərazilərdən qanunsuz istifadə hallarının kütləvi olduğunu görürük. Əldə olunan gəlir dövlət büdcəsinə yox, ayrı-ayrı şəxslərin ciblərinə gedir. Ümid edirəm ki, bu hadisədə təqsirkar olan hər kəs məsuliyyətə cəlb ediləcək. Müəssisələrdə belə halların qarşısının alınması ilə bağlı müvafiq qərarların qəbul edilməsinə ciddi ehtiyac var". 
 
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, təhlükəsizlik məsələsinin həlli üçün müəyyən texniki şərtlərə mütləq əməl edilməlidir: "Xüsusilə ictimai iaşə obyektlərində təhlükəsizlik tələbləri yerinə yetirilməlidir. Belə müəssisələrdə işıq, qaz, su istifadə edilirsə, müvafiq qurumlar tərəfindən xüsusi texniki şərt verilməlidir. Bu şərtlərə əməl edilərsə, təhlükə riskləri aşağı düşür. Yaşanan hadisəyə səbəb odur ki,  standartlara uyğun olmayan propan qazından qanunsuz şəkildə istifadə edilib. Nəticədə belə bədbəxt hadisə yaşandı. Təhlükəsizlik məsələləri ilə bağlı obyektlərə nəzarət edən müvafiq qurumlar var. Son dövrlərdə yoxlamaların dayandırılmasına görə, sahibkarlar bəzi məsələlərdən sui-istifadə edirlər. Neqativ hallar da məhz sui-istifadə hallarının nəticəsində baş verir. Bir çox müəssisələrdə texniki təhlükəsizlik qaydaları kobud şəkildə pozulur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.