Cəmiyyət

"Hər zaman insanları müdafiə etmək istəmişəm" - 700 bal toplayan abituriyent

23 May 2018 01:30
3 Şərh     Baxış: 4 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az mayın 13-ü keçirilən ali məktəblərə qəbul imtahanında 700 bal toplayan Bakı şəhəri Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadənin "Sherg.az"a müsahibəsini təqdim edir:

- Zeynəb, orta məktəbi hansı göstəricilərlə bitirmisən?

- Orta məktəbdə, aşağı siniflərdən yaxşı oxumuşam. Hər zaman dərslərimə məsuliyyətlə yanaşırdım. Nəticələrimə gəlincə, bir çox bilik yarışmalarının iştirakçısı olmuşam. Müxtəlif diplomlara, Azərbaycan dili və ədəbiyyat fənni üzrə qızıl medala layiq görülmüşəm.

- Qəbul imtahanlarına necə hazırlaşdın?

- Hər zaman müəllimlərim mənə kömək olub. Mütəmadi dərslərdə iştirak edirdim. Amma fərdi məşğul olmağım üçün müəllimlərim istiqamət verirdi. Dərs vəsaitlərindən hansıların əlverişli olduğunu da müəllimlərimdən öyrəndim. Liseydə də müntəzəm dərslərdə iştirak edirdim. Konkret olaraq, hər hansı kurs, repetitor yanına getməmişəm. Müəllimlərimin köməyi və özümün səyim nəticəsində 700 bala çata bildim.

- Bu maksimal nəticəni əldə etməyinbaşlıca şərti nədir?

- Əsas amil ibtidai sinifdən gündəlik dərsləri mənimsəməkdir. Aşağı siniflərdə yaxşı oxuyan şagirdlər 10-cu, 11-ci sinfə çatanda ciddi çətinlik çəkmir. Dərsləri bir qədər təkrarlamaq kifayət etmir.

- Abituriyentlərə məsləhətlərini eşitmək istərdik...

- Qeyd etdiyim kimi, aşağı sinifdən yaxşı oxumaq lazımdır. Düşünürəm ki, hər kəs öz potensialına uyğun, qavrama qabiliyyətini nəzərə alıb, imtahana elə hazırlaşmalıdır. Abituriyentlər nəyə qadir olduqlarını özləri bilsinlər və bunu nəzərə alaraq, qəbul imtahanlarına hazırlaşsınlar.

- Yayda keçiriləcək ikinci imtahana girmək fikrin varmı?

- Yox. Artıq maksimum nəticəni əldə etmişəm. Bundan sonra bir qədər istirahət edəcəyəm.

- Qarşıda ixtisas seçimi mərhələsi var. Seçimin hansı ixtisas olacaq?

- Hüquqşünaslığı seçəcəyəm.

- Bu marağının özəl bir səbəbi var, yoxsa, balın yüksək olduğuna görə, seçirsən?

- Özümü hüquq sahəsində təsəvvür edirəm. Hər zaman insanların hüquqlarını qorumaq, onları müdafiə etmək istəmişəm. Bu arzum məni hüquqşünaslığa daha da ruhlandırırdı. İstədiyim ixtisasa çatmaq üçün yüksək bal toplamalı idim və bunu qarşıma məqsəd qoyub, addımladım.

- İxtisasını öyrəndik, bəs universitet hansı olacaq?

- Azərbaycan Diplomatik Akademiyasını seçəcəyəm. Son iki ildə ADA-da müxtəlif tədbirlərdə iştirak etmişəm, fərqli layihələrin təqdimatında dinləyici olmuşam. Ali məktəbin mühitini, ekskursiya ərzində gəzdikdə şəraitini daha yaxından müşahidə etdiyimə görə, ADA-nı seçmək qərarına gəldim.

- Bakalavr təhsili müddətində planların nədir?

- Oxuduğum müddətdə xarici dil öyrənmək, ictimai işlərdə, tələbə cəmiyyətlərində aktiv təmsil olunmaq fikrim var. Cəmiyyət üçün faydalı olmağa çalışacağam.

- Xaricdə təhsil almaq istəyin varmı?

- Bakalavr səviyyəsində olmasa da, magistratura təhsilimi xaricdə davam etdirmək fikrim var. Təhsilimi bitirdikdən sonra isə mütləq Azərbaycana qayıdacağam. Təbii ki, burada şərait yaradılması, normal bir iş tapmağım da vacibdir.

- Əlavə bölüşmək istədiyin fikirlərin varmı?

- 700 bal toplayan abituriyentdən, məndən də daha çox buna necə nail olduğumu soruşurlar. Ona görə, abituriyentlərə məsləhətim odur ki, üzərlərində çox çalışsınlar. Müəyyən balı keçəndən sonra arxayınlaşmasınlar. Elə abituriyentlər var, istədiyi balı toplayandan və ya 600-ü keçəndən sonra "ulduz xəstəliyi"nə tutulurlar. Bu, lazım deyil. Daim çalışmaq, daha yüksək nəticələrə nail olmaq önəmlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.