Cəmiyyət

Yol polisi ilə sürücülər arasında videoqeydiyyat müzakirəsi

23 May 2018 07:21
5 Şərh     Baxış: 3 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər deyir ki, çəkiliş etmək olar, amma... 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu günlərdə Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan, yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən və onların videosunu çəkərək sosial şəbəkələrdə yayan bəzi sürücülərə xəbərdarlıq edib. Belə ki, idarədən bildirilib ki, son vaxtlar yol polisi əməkdaşları tərəfindən saxlanılan bəzi sürücülər bilərəkdən inspektorlara qarşı qərəzli hərəkətlər göstərərək tabesizlik nümayiş etdirirlər: "Onlar bu cür vəziyyətləri avtomobildə quraşdırılmış videoqeydiyyat cihazı vasistəsilə qeydə alaraq, sosial şəbəkələrdə yayır və özlərini haqlı çıxarmağa çalışırlar. Bəziləri isə həmin videolarda yol polisinə qarşı tabesizlik göstərməsini, cərimə yazılmadan yola davam etməsini "qəhrəmanlıq" kimi qələmə verməyə çalışırlar. Lakin unudurlar ki, polis yollarda bu sürücülərin təhlükəsiz, sağ-salamat evlərinə qayıtması üçün xidmət aparır. Bir halı da nəzərə almaq lazımdır ki, hər bir sürücü yol-patrul xidməti əməkdaşının "saxla" işarəsinə tabe olmalı, müvafiq qaydada sənədləri təqdim etməlidir. Zərurət yarandıqda isə polisin tələbi ilə avtomobili tərk etməlidir. Əks halda, qanunvericilikdə bununla bağlı məsuliyyət nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulur. Məcəllənin 535-ci maddəsinin 1-ci bəndində isə daha ağır məsuliyyət nəzərdə tutulur. Maddədə qeyd olunur ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Xahiş edir ki təhlükəsizliyiniz naminə qaydalara riayət edəsiniz".

DYP xatırladır ki, Yasamal rayon sakini Elşən Maqsudov mayın 17-də idarə etdiyi 90 LB 208 dövlət nömrə nişanlı, "Hyundai Elantra" markalı avtomobillə əks istiqamətdə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. O, polisin qanuni tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci polis bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb. Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Belə videoların çəkilişi hüquqi cəhətdən nə dərəcədə doğrudur? Doğrudursa, yol polisinin belə çəkilişlərə qadağa tətbiq etməsi düzgündürmü? 

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, videolardan şantaj məqsədilə istifadə etmək olmaz: "Əvvəllər sürücülərin öz hüquqlarını müdafiə etmək üçün sübutları olmurdu. Məsələ, çəkişmə predmetinə çevrildikdə videogörüntülər fakt sayılır. Bəzən yol patrul xidməti əməkdaşları çəkiliş apara bilmirlər. Məsələn, motosikletlərlə xidmət aparan əməkdaşlarda kamera olmur. Qanuna görə, yol-patrul xidməti əməkdaşı tərəfindən saxlanılarkən, sürücü avtomobilin qarşısında dayanmalıdır ki, patrul maşınındakı kamera onu tam şəkildə çəkə bilsin. Bəzən əməkdaş maşını qabaqda saxlayır və sürücü ora gedir. Bu baxımdan, sürücünün prosesi çəkməsini heç kim qadağa edə bilməz. Amma burada söhbət həmin videonun hansı məqsədlə çəkilməsindən gedir. Yayılan xəbərdarlıqda bu məsələ xüsusi vurğulanır ki, çəkiliş aparmaq qadağan deyil. Sadəcə olaraq, bəzi sürücülər həmin videolardan yol polisinə təzyiq və şantaj vasitəsi kimi istifadə edirlər. Qaydanı pozmasına baxmayaraq, polisi videoları paylaşmaqla hədələyirlər. Bəzən inspektorlar hazırlıqsız olduğuna görə, vahiməyə düşərək sürücünün getməsinə icazə verir. Əslində, o sürücüyə cərimə yazılmalıdır. Yaxud da, polis əməkdaşı fikirləşir ki, olay  uzun çək-çevir prosesindən keçəcək. Həmin sürücü isə videonu sosial şəbəkələrdə paylaşaraq polisi necə əldə salmağı və qorxutmağı ilə fəxr edir. Belə videolar mənim də qarşıma dəfələrlə çıxıb və iradımı bildirmişəm. Qeyd edilən açıqlamanın mahiyyəti ondan ibarətdir ki, burada söhbət polisə tabesizlikdən gedir. Sürücü qanunun tələbini yerinə yetirmir. "Yol hərəkəti haqqında qanun"un 37-ci maddəsinə qeyd olunur ki, hər bir sürücünün üzərində tələb olunan sənədlər olmalıdır. Qanun tələb edir ki, yol-patrul xidməti əməkdaşı maşını saxlatdıran zaman qayda pozuntusunu izah edərək sənədlərini tələb etsin. Sürücü də həmin sənədləri təqdim etməyə borcludur. Amma bəzi sürücülər cərimə yazılmamasından ötrü müxtəlif yollara əl atır və videolar çəkərək sosial mediada paylaşırlar. Bəzən hətta sürücü polisə deyir ki, mən sizə sənədlərimi təqdim etməli deyiləm, sizin buna ixtiyarınız yoxdur. Əgər sürücü yol polisinə tabesizlik göstərir və sənəd təqdim etmirsə, dərhal raport yazılmalı və yaxınlıqdakı polis məntəqəsinə aparılmalıdır. Sənədləşdirmə və protokol tərtibindən sonra İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən 200 manat cərimə yaxud bir aya qədər inzibati həbs nəzərdə tutulur".

Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, burada qanuna zidd məqam yoxdur: "Yayılan bəyanat bəzi media qurumlarında və sosial şəbəkələrdə bir qədər kontekstdən çıxarılaraq şərh edildi. Dövlət yol polisi əməkdaşının xidmət vaxtı videosunun çəkilməsində heç bir problem yoxdur. Burada qanuna zidd heç bir məqam yoxdur. Onlar özləri qeyd ediblər ki, bu videolar xidmətdə şəffaflığın və ictimai nəzarətin təmin olunma vasitələrindən biridir. Sürücülər bu görüntüləri qeydə ala bilərlər. Amma bu yalnız xidmət vaxtı ola bilər. Belə videoların çəkilişi zamanı yol polisi əməkdaşları peşəkar şəkildə davranmalıdırlar. Qanundan kənar davranışa yol verilməməlidir. Əgər hər şey qanun çərçivəsindədirsə, belə videolardan şantaj məqsədi ilə istifadə etmək mümkün deyil. Sürücülər də qanunun bütün tələblərinə riayət etməlidirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.