Cəmiyyət

"Azərbaycandan olan torpaq sahibləri..."

20 May 2018 21:10
0 Şərh     Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda kənd təsərrüfatına yararlı torpaqların 0,9 faizi xarici ölkə vətəndaşlarına məxsusdur.

Milli.Az xəbər verir ki, Gürcüstanın "Gələcəyin fermeri" qeyri-hökumət təşkilatının rəhbəri Rusudan Qiqaşvili "report"-a bildirib ki, bəzi Avropa ölkələrində kənd təsərrüfatına yararlı torpaqların 20 faizi xarici ölkə vətəndaşlarına məxsusdur. Gürcüstanda isə bu rəqəm 0,9 faizdir. Bu Avropaya inteqrasiya edən, kənd təsərrüfatını inkişaf etdirmək istəyən Gürcüstan üçün olduqca aşağı göstəricidir.

Onun sözlərinə görə, Gürcüstan hökuməti aqrar torpaqları xaricilərə satmaqda ehtiyat edir: "Bu normal haldır. Lakin belə davam edə bilməz. Xarici vətəndaşlar torpaq almaqla ölkədə kənd təsərrüfatının inkişafına təkan vermiş olurlar. Ona görə də məsələnin həlli yolunu tapmaq lazımdır. Bu gün Gürcüstanda torpaq alan xaricilərin bəziləri həmin torpaqlardan istifadə etmirlər. Amma Azərbaycandan olan torpaq sahibləri aldıqları əraziləri becərir və yaxşı məhsul götürürlər", - deyə fermer vurğulayıb.

Fermerlərin hesablamalarına görə, 2017-ci ildə aqrar torpaqlardan istifadə son dörd ildə ən aşağı həddə düşüb. Belə ki, ötən il 214 min 900 hektar sahədə əkin işləri həyata keçirilib. Bu rəqəm 2014-cü ildə 274 min 900 hektar, 2016-cı ildə 240 000 hektar, 2015-ci ildə 263 min 700 hektar olub.

Qonşu ölkədə taxıl məhsullarının əkini də aşağı düşüb. Belə ki, 2014-cü ildə 58 min 400 hektarda, 2015-ci ildə 56 min 200 hektarda, 2016-cı ildə 60 min 500, 2017-ci ildə isə 52 min 500 hektarda taxıl məhsulu əkilib.

Keçən il Gürcüstanda son 4 ildə ən aşağı miqdarda - 58 min ton sitrus meyvələri tədarük olunub. Digər meyvələrin tədarükü də son 4 ildə 75 min ton azalaraq 111 min 800 ton təşkil edib.

Fermerlər hesab edirlər ki, əgər belə davam edərsə, yaxın bir-iki ildə Gürcüstan hər şeyi xaricdən almalı olacaq.

Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, ölkədə aqrar sahənin inkişafı ilə əlaqədar bəzi problemlər var. Hökumət ölkədə aqrar sahənin inkişafı üçün tədbirlər planı hazırlayıb. Keçən illərdə taxıl məhsullarının yığımı zamanı Azərbaycan texniki yardım göstərib və bunun nəticəsində məhsul vaxtında itkisiz toplanıb. Azərbaycan hökuməti əvəzsiz olaraq gürcü fermerlərə maşın və texniki avadanlıq da verib. Gürcüstan hökuməti də müəyyən tədbirlər görür. Bu tədbirlər nəticəsində yaxın illərdə aqrar sahədə problemlər öz həllini tapacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.