Cəmiyyət

​İşğal altındakı abidələrin taleyi... - VİDEO - FOTO

18 May 2018 13:50
0 Şərh     Baxış: 1 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın işğal altındakı ərazilərində tarix və mədəniyyət abidələrinə vurulan zərər 177 milyard dollardan çoxdur.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, Beynəlxalq Muzeylər Günündə ekspertlər dünyanın diqqətini işğal altında qalan muzeylərin taleyinə yönəldilməsinin tərəfdarıdır.

Nazirlər Kabineti yanında itki və tələfatların qiymətləndirilməsi qrupunun üzvü Faiq İsmayılov təkcə muzeylərin deyil, tarix və mədəniyyət abidələri də erməni vandalizminə məruz qaldığını deyir.

Faiq İsmayılov - Qiymətləndirmə qrupunun üzvü: "Təkcə işğal olunan ərazilərimizdə 74 məscid, 23 muzey, 4 şəkil qalereyası, 2550 digər tarix və mədəniyyət abidələrimiz faktiki olaraq bizim yolumuzu gözləyir". 100.000-dən çox eksponat ermənilər tərəfindən qarət olunub, Azərbaycandan çıxarılıb Ermənistana aparılıbdı. Bir qism muzey əşyalarımız 3-cü ölkələrə də çıxarılıbdı. Hətta 2011-ci ildə Londonda Laçın Diyarşünaslıq Muzeyindən götürülmüş gümüş işləmədə bir qadın əl çantasının 16.000 birləşmiş ştatlar dollarına satıldığının şahidi də olmuşuq".

Canlı muzey olan Şuşanın özündə 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, vokal sənətimizin əsasını qoyan Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, görkəmli musiqiçi Qurban Primovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının Tarix-Diyarşünaslıq Muzeyləri tamamilə qarət edilib. Eyni zamanda Ağdamdakı unikal çörək muzeyi də digər muzeylərin aqibətini yaşamaqdadır. Bu, dünyada yeganə, analoqu olmayan muzeydir. Erməni vandalları İslama qədərki Alban abidələrini  də məhv ediblər. Əksər hallarda isə onların üzərində dəyişiklik apararaq, özününküləşdirməyə çalışırlar. 

Faiq İsmayılov - Qiymətləndirmə qrupunun üzvü: "74 işğal olunan ərazidən söhbət gedir. Məsciddən yalnız 3-nün, 4-nün bünövrəsi salamatdır. Bunlar Şuşa şəhərində Aşağı, Yuxarı Gövhərağa məscidləridir, Saatlı məscididi və Ağdam cümə məscididir. Bundan qalan məscidlərimiz sayca çox olsalar belə, yerlə yeksan olunub. Hətta daşları da o ərazidən kənara aparılıbdır.

Ekspertin sözlərinə görə, təkcə Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində 30 mindən artıq tarixi əhəmiyyətli əşya olub. Muzeyin tamamilə məhv edildiyi bildirilir. Zəngilan, Qubadlı, Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeylərində də minlərlə abidə talan edilib. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar var. Faiq İsmayılov deyir ki, ermənilərin Azərbaycana məxsus abidələri məhv etməsi və özününküləşdirməsi cəhdləri ilə bağlı məlumatların dünya birliyinə çatdırılmasına böyük ehtiyac var. 

Faiq İsmayılov - Qiymətləndirmə qrupunun üzvü: "İkili standartlar mövcuddur istər Avropada, istər dünyanın digər ölkələrində. Onlar da bizim üçün qeyri-məqbul nədirsə onu qəbul edib götürürlər. Deyək ki, biz bunun sayını 74 veririk, hansısa saytda məscidlərimizin sayı 9-18 verilir. Bunlar ya 9 götürür ya da 18".

Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin tərkib hissəsi olduğundan işğal altındakı ərazilərimizdə qalan tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problemdir. Azərbaycanın işğal olunmuş ərazilərində erməni qəsbkarlarının törətdikləri vandalizm "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına ziddir. Nazirlər Kabineti yanında itki və tələfatların qiymətləndirilməsi qrupunun üzvü Faiq İsmayılov beynəlxalq ictimaiyyəti ölkə və dünya əhəmiyyətli abidələrin taleyinə biganə qalmamağa çağırır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İşğal altındakı abidələrin taleyi

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.