Cəmiyyət

ADR 100: ADR və Qazaxdan Qarsadək müsəlman dəhlizi ideyası

17 May 2018 21:03
0 Şərh     Baxış: 1 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala və Borçalı məsələlərində Gürcüstan tərəfi köhnə inzibati bölgüyə istinad edirdi.

Borçalı qəzası (uyezd) Tbilisi quberniyasının tərkibində olub. Rusiya İmperiyasının inzibati bölgü sisteminə uyğun olaraq, Zaqatala dairəsi (okruq) öz növbəsində eyni adlı quberniyanın tərkibində olub.

Əlavə olaraq, Tbilisinin tarixi arqumenti də var idi. Regiona Rusiya nəzarətindən əvvəl həmin ərazilər Gürcüstan çarları tərəfindən idarə olunub.

Bu hüquqi və tarixi arqumentlərlə yanaşı gürcülərin həmin ərazilərə iddialarının iqtisadi səbəbləri də var idi.

Gürcüstan respublikası o dövrdə Menşevik partiyası tərəfindən idarə olunub. Zaqafqaziyanın digər bölgələrindən fərqli olaraq Gürcüstanda menşeviklər kənd bölgələrinə daha sıx bağlı idilər və kəndlilər tərəfindən dəstəklənirdilər.

Kəndlilər menşevikləri əkin üçün yararlı torpaq paylanacağı vədinə görə dəstəkləyirdilər.

Daxili siyasətdə bu məsələ digər mövzulardan öndə idi.

Siyasi dəstəyin təmin olunması üçün Tbilisi höküməti torpaq sahibi olmaq arzusu ilə yaşayan kəndliləri razı salmalı idi.

Nəzərə alınmalıdır ki, yeni respublikalarda böyük sahələrin dağlıq ərazilərin payına düşdüyündən orada səmərəli əkinçilik təsərrüfatı üçün şərait yox idi.

Qara Dəniz sahilində, Kutaisi ətrafında (Qərbi Gürcüstan) aran torpaq sahələri mövcud idi, lakin onlar bataqlıqlarla dolu idi.

Bir neçə ildən sonra, Sovet dövründə Kutaisi bataqlıqları quruduldu və böyük ərazilər kənd təsərrüfatına verildi.

Lakin 1918-ci ildə Gürcüstanda vəziyyət fərqli idi. O zaman Kutaisinin elə bir bölgəsi yox idi ki, orada kəndli ferma təsərrüfatı orta hesabla 1,6 hektardan böyük olsun.

Belə bir torpaq qıtlığı vəziyyətini yüngülləşdirmək üçün 1918-ci ilin ikinci yarısından başlayaraq Gürcüstan höküməti 8,000 ailəni Kutaisidən Gürcüstanın digər bölgələrinə köçürdü.

Borçalı və Zaqatala bölgələrində isə torpaq bərəkətli idi və kəndli dəstəyini təmin etmək nöqteyi nəzərindən Tbilisidəki Menşevik höküməti üçün qiymətli idi.

Digət tərəfdən isə Gürcüstan Azərbaycan kimi neft yataqlarına malik deyildi. Odur ki, Gürcüstan iqtisadiyyatının durumu kənd təsərrüffatı məhsullarından asılı idi. Borçalı və Zaqatala düzənlikləri iqtisadiyyata daha bol kənd təsərrüffatı məhsulu vəd edirdi.

Bakı neft yataqlarıBakı, 1 dekabr 1918: Qırmızı, ya Ağ? Rusiya vətəndaş müharibəsinin qalibi gec-tez Bakını ələ almağa çalışacaqdı.

Azərbaycan isə həmin ərazilərə iddia irəli sürərkən demoqrafik amilləri önə çəkib. Bakı həmin hər iki bölgədə əhalinin əksəriyyətinin müsəlman olduğunu vurğulayaraq iddiasını irəli sürürdü.

Etnik və dini mənsubluq əraziyə iddia irəli sürmək üçünü qanuni səbəb idi. Rusiya çarlarının keçmiş imperiyası artıq yox idi.

Başlanmış yeni tarixi dövrdə isə yerli müsəlman əhalisi Azərbaycana aid olunaraq müqəddaratını tapmaq istəyirdi.

1918-ci ildə M.Ə.Rəsulzadənin düşündüyü kimi Borçalı Azərbaycana verilsəydi, bu, yeni respublikada müsəlman əhalisinin faiz çəkisini də artıracaqdı.

Qeyd olunmuş demoqrafik arqumentlərlə yanaşı, Borçalı və Zaqatalanı istəmək üçün Azərbaycanın digər əsasları da var idi.

Azərbaycanın iqtisadiyyatında neft ixracı başlıca yer tuturdu. Lakin bu bərəkətli torpaqlar Azərbaycanın kənd təsərrüffatı üçün də vacib əhəmiyyət kəsb edirdi.

Azərbaycanın məkəzi və və cənub rayonlarının yerləşdiyi Muğan düzü su ehtiyatı darlığı üzündən taxıldan başqa digər bitki məhsulunun becərilməsi üçün yaramırdı.

Kürün suyunun bu torpaqlara gətirilməsi və ərazini bərəkətli torpaq bölgəsinə çevrilməsi yalnız böyük investisiyalar, bəndlərin tikilməsi, yeni irriqasiya kanallarının çəkilməsi hesabına mümkün idi.

Bu plan onilliklər sonra, Sovet hakimiyyəti dövründə həyata keçirildi. Lakin 1918-ci ildə vəziyyət fərqli idi.

Yalnız şimalda, Qafqaz sıra dağlarına yaxın yerləşən Borçalı və Zaqatala düzənliklərindəki torpaq il ərzində baş verən yağıntılar sayəsində kifayət qədər su ehtiyatı ilə təmin olunurdu.

İqtisadi üstünlüklərlə yanaşı Azərbaycan hökümətinin ərazi iddialarının daha bir səbəbi Türkiyə sərhədinədək uzana biləcək müsəlman dəhlizi ideyası üçün Borçalının əhəmiyyətilə bağlı idi.

İlk əvvəl, bu plan həqiqətən gerçəkləşə bilən birisinə bənzəyirdi.

1918-ci ilin martında Rusiyada Bolşevik höküməti ilə Mərkəzi Dövlətlər ittifaqının (Dördlər İttifaqı: Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyaları və Bolqarıstan çarlığı) üzv ölkələri arasında Brest-Litovsk sülh sazişi imzalandı.

Bu sazişə uyğun olaraq, Osmanlı imperiyası şərq istiqamətində hüdudlarını genişləndirərək Batum, Ərdəhan və Qars şəhərlərini nəzarəti altına aldı. Bir müddətdən sonra isə ordu müsəlmanların yaşadığı daha bir bölgəyə - Axaltsixe (Axalsıx) qəzasına - daxil oldu.

Borçalı qəzasının müsəlman əraziləri şərqdən qərbə, Azərbaycanın Qazax bölgəsindən Türkəyədə Qarsadək müsəlman dəhlizinin əsasının qoyulmasına gətirib çıxara bilərdi.

1918-ci ilin payızında M.Ə.Rəsulzadə Azərbaycan nümayəndə heyətinin başçısı qismində İstanbulda idi.

1918-ci ilin sentyabrında Rəsulzadə Xarici İşlər naziri M.H.Hacınskiyə yazdığı məktubunda Borçalının Türkiyəyə qədər dəhliz kimi əhəmiyyətini qeyd etmişdi.

Nəzərdə tutulan koridorun qərb hissəsinə nəzarət edən Ənvər Paşa da bu ideyanı dəstəkləyirdi.

Lakin bundan sonrakı bir ayın ərsində vəziyyət dramatik tərzdə dəyişdi.

İnqilab

Antanta müttəfiqləri Dünya Müharibəsində qalib gəldi.

Osmanlı qüvvələri Qafqazı tərk etməli oldu.

Osmanlı ordusu və administrasiyası Qarsdan 1919-cı ilin yanvarında evakuasiya olunaraq müharibədən əvvəlki mövqeyinə qayıtdı.

Nəticədə, yaradılması nəzərdə tutulan dəhlizin qərb hissəsi qapandı.

Azərbaycan höküməti isə Türkiyə tərəfinin geri çəkilməsindən sonra əmələ gəlmiş boşluğu doldurmaq üçün Borçalıya və ondan qərbdə, Qars istiqamətində yerləşən Axaltsixe və digər torpaqlara iddiasını irəli sürməkdə davam etdirirdi.

Təxminən iki ildən sonra dəhlizin qərb hissəsinə Türkiyə yenidən qayıtdı.

Türkiyə milli parlamenti Mustafa Kemal Paşanın rəhbərliyi altında ordu 1920-ci ilin oktyabrında Qars şəhərini geri aldı.

Lakin Azərbaycan o zaman artıq Sovet respublikasına çevrilmişdi.

Qızıl ordunun əsgərləri BakıdaQızıl ordunun əsgərləri Bakıda

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.