Cəmiyyət

Orucluğun mənəvi faydaları

22 May 2018 23:45
0 Şərh     Baxış: 2 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Məhəmməd Peyğəmbər (s) Ramazan ayına "Allahın ayı" və "Allahın ziyafəti" adlarını vermişdi. Həqiqətən, Ramazan ayında bəndə öz Allahının tövbə və rəhmət qonaqlığında olar. Bu ziyafətdən daha yaraşıqlısı, belə qonaqdan daha sevimlisi olarmı? Bir halda ki, ziyafətin sahibi - təmənnasız nemətlər verən Allahdır. Qonaqlığa dəvət edən elçi - əziz peyğəmbərimiz Həzrət Məhəmməddir (s). Süfrədəki nemətlər isə dua, ibadət və tövbədir.

Milli.Az islam.az-a istinadən bildirir ki, möminlər Ramazan ayında ibadəti, duanı, Quran tilavətini artırarlar. Çünki bu ayda edilən tövbələr qəbul olar, dualar yerinə yetər, xeyir əməllər üçün ikiqat savab yazılar. Sevimli peyğəmbərimiz buyurmuşdur: "Əsl məhrum şəxs odur ki, Ramazan ayında günahlardan təmizlənmə fürsətini əldən vermiş olsun".

Orucun mənəvi faydalarından söz açarkən bunu qeyd etməliyik ki, o, insanın bədənini dünya nemətlərindən, ruhunu isə dünya qayğılarından azad edir. Əlbəttə, bu halda insan irfan yolunu daha sürətlə keçər. Çünki onun diqqəti mənəvi mövzulara, Allaha yönələr. Oruc tutan şəxs Allah barədə daha çox düşünər və Yaradanı daha yaxından tanıyar.

Kamiləşmək arzusunda olan insan hər bir işi görməzdən əvvəl o işin öhdəsindən gəlmək üçün özündə mənəvi qüvvə yaratmalıdır. Bu qüvvə isə son nəticədə iradə möhkəmliyi ilə bağlıdır. İradəni möhkəmlətmək üçün bir sıra məşqlərdən istifadə edirlər. Bu mənada oruc da bir aylıq xüsusi proqramdır. Oruc tutan şəxs tam bir ay ərzində dözümlülüyə, ciddi nizam-intizama öyrəşir və get-gedə bu keyfiyyət onda vərdişə çevrilir.

Əgər insan Ramazan ayında öz istəkləri və tələbləri üzərində ciddi nəzarət qura bilsə, acdığı vaxt yeməkdən, susaduğu vaxt içməkdən özünü saxlasa, heç olmazsa, bircə ay yalan, qeybət və söyüş söyməsə, gələcəkdə də öz iradəsi sayəsində bu işlərdən çəkinməyi bacarar. Oruc tutmağa öyrəşmiş adam nə vaxtsa ac-susuz qalmağa məcbur olsa, çox çətinlik hiss etməz. Deməli, oruc hər zaman insanın köməyinə gələ bilər.

Oruc tutan şəxsin diqqəti özündə cəmləşər, qeyri-ixtiyari olaraq hərəkət etməz; çünki bu halda orucu batil ola bilər. Hər yerdə və hər zaman öz bədən üzvlərini və ruhunu idarə edər. Göründüyü kimi, bu xüsusiyyətlər hər bir insanın mənəvi təkamülü üçün vacib şərtlərdir. Deməli, orucluq son mənada kamil insan yetişdirmək məqsədi daşıyır.

Əxlaq alimləri haqlı olaraq qeyd etmişlər ki, oruc - cismlə ruhun müştərək ibadətləri cərgəsində ən əhəmiyyətli yerlərdən birini tutur. Peyğəmbərimiz buyurmuşdur ki, Ramazan orucu cəhənnəm alovu qarşısında bir sipərdir. Əlbəttə, ilahi əzabdan o adam amanda qalar ki, yalnız ac qalmaqla deyil, bütün vücudunu haramdan qorumaqla orucluq qaydalarına ciddi əməl etmiş olsun. Yoxsa, Həzrət Fatimənin (ə) buyurduğu kimi, "dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən şəxsin orucundan nə fayda?".

Əxlaq və irfan alimləri oruc tutan adamları üç dəstəyə ayırmışlar. Birinci dəstəyə aid olanlar orucun yalnız zahiri ehkamına əməl edir və yalnız orucu batil edən əməllərdən çəkinirlər. Bu, adi ibadət əhlidir.

Bunlardan fərqli olaraq, ikinci dəstəyə mənsub mömin şəxslər bütün bədən üzvlərini pis işlərdən çəkindirirlər. Onlar dilləri ilə pis söz danışmır, qulaqları ilə haram söhbət eşitmir, gözləri ilə çirkinliyə baxmır, əlləri ilə günah iş görmür, ayaqları ilə imansızlıq və pislik yolunu getmirlər. Bədənlərini tamamilə günahdan təmizləmiş belə şəxslər bəndələrin seçilmişləridir. Əziz peyğəmbərimiz belə şəxslərin barəsində buyurmuşdur: "Oruc tutan şəxs yuxuda olsa belə, Allaha ibadət etmiş kimi sayılar; bu şərtlə ki, müsəlman qardaşının arxasınca qeybət etməsin".

Nəhayət, bundan da üstün olan elə şəxslər var ki, nəinki bədənlərini, hətta qəlblərini də oruca tabe etmişlər. Onlar nəinki yeyib-içmir, günah etmirlər, hətta bu barədə düşünməyi belə özlərinə rəva bilmirlər. Belə şəxslər öz qəlblərini Allahdan savayı hər şeydən təmizləmişlər. Bunlar bəndələrin seçilmişləri içindən seçilmişlərdir. Bunlar həqiqət mərhələsinə yetişmiş övliya ariflərdir.

Həzrət Əli (ə) bu üç dəstənin ibadətini bir-birindən fərqləndirərək, onlara belə qiymət verir: "Dil orucu qarın orucundan, qəlb orucu isə dil orucundan üstündür". Mömin şəxsin tutduğu oruc Allah yanında elə əzizdir ki, onu layiqincə qiymətləndirəcəyini vəd etmişdir: "Oruc mənim üçün tutulur, onun mükafatını özüm verəcəyəm".

Gəlin, Ramazan ayında elə oruc tutaq ki, öz bəndəsindən layiqli ibadət gözləyən Allahın hüzurunda xəcalətli qalmayaq. Elə oruc tutaq ki, mükafatını Allahdan tələb etməyə haqqımız olsun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.