Cəmiyyət

Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları təhqir etdi - YENİLƏNİB - FOTO

24 Aprel 2018 22:24
36 Şərh     Baxış: 11 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı Metropoliteni" QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayeva  "Facebook"da yazdığı və  böyük qalmaqala səbəb olan ""Çastpik" yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı" sözlərinin düzgün şərh edilmədiyini bildirib və Azərbaycan ictimaiyyətindən üzr istəyib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,L.Babayeva yazıb: "Hörmətli soydaşlarımız, bu gün sosial şəbəkədə fikir ayrılığına səbəb olan şərhim təəssüf edirəm ki, düzgün anlaşılmayıb və həmin şərh heç də çalışdığım müəssisənin mövqeyini əks etdirmir. Bu səbəbdən, Azərbaycan vətəndaşı olaraq, cəmiyyətimizdə belə arzuolunmaz rəy yarandığı üçün çox təəssüf edir, bütün həmvətənlərimizdən yanlış anlaşmaya görə üzr istəyirəm".

15:20

Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaradıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hər şey "Facebook" sosial şəbəkəsinin istifadəçisi Zakir Əlizadənin metroda insan kütləsinin fotoşəklini yerləşdirməsi və bu halın baş verməsində metronun rəhbərliyini ittiham etməsi ilə başlayıb. Z.Əlizadənin sözlərinə görə, baş verənlərin səbəbi "qaynar saat"larda bilərəkdən qatarların hərəkət intervalının artırılması və sınaq qatarlarının reysə buraxılmasıdır. Bu zaman müəllif səhvə yol verərək, "çastpik" (əslində "ças pik" - "час пик") ifadəsini işlədib.

Buna cavab olaraq, Bakı Metropoliteninin təmsilçisi Lalə Babayeva yazıb ki, "çastpik" yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı" (qeyd edək ki, Lalə xanım da qrammatik səhvə yol verib və "yaranmazdır" yazıb).

L.Babayevanın şərhi bloger Bəxtiyar Hacıyevin diqqətindən yayınmayıb və o, #hamimizkendchiyik heşteqi altında kampaniyaya başlayıb.

"Bakı Metropoliteninin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisinin, 'Chto, Gde, Kogda' oynayan, rusdilli ziyalının vətəndaşa cavabı.

Şəxsən tanımıram, bu xanıma deyin ki, hamı sizin kimi rahat, lüks həyat yaşamır, PortBakuya vizasız getmir, kəndlərdən paytaxt tıxacına, metro basabasına kefindən gəlməyib.

Vaxtında regionlar inkişaf etsəydi, məsul vəzifələrə kimlərinsə oğlu, qızı, kürəkəni, sevgilisi, ikinci sevgilisi gətirilməsəydi, insanlar da öz kəndlərində, rayonlarında ailələrinin yanında, təmiz havada yaşayardılar... Həqiqi intellektualdırsa, bu yazdığına görə bütün rayon, kənd adamlarından üzr istəməlidir", - bloger qeyd edib.

Sayılı saatlar ərzində Bəxtiyar Hacıyevin kampaniyasına minlərlə insan qoşulub. Bundan sonra qalmaqal böyüyüb və Lalə Babayeva yazdığı şərhi silmək məcburiyyətində qalıb.

Rayonluları Bakıda metronu "korlamaqda" günahlandıran Lalə Babayeva "Bakı Metropoliteni" QSC-nin keçmiş sədr müavini Zaur Babayevin qızıdır. Zaur Babayev əvvəllər "Bakelektrikşəbəkə"də işləyib, 2014-cü ildə "Bakı Metropoliteni" QSC-yə sədr müavini təyin olunub. Bir il sonra isə bu vəzifədən çıxarılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.