Cəmiyyət

Heç nə, can sağlığı. Bildiyiniz kimi yaşayın...

16 Aprel 2018 16:07
2 Şərh     Baxış: 2 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdir yazmağa ara vermişəm. Qəfildən canımı bürüyən yorğunluqdan xilas olmaq üçün, özümü bir neçə ay kitablara, filimlərə həsr etdim. Hiss etdiyim "intellektual aclığı" doyurmaq üçün, çoxlu kitab oxudum. Bu müddət ərzində ölkə gündəmini, demək olar ki, izləmədim, qarşıma çıxan hadisələrə göz yumdum və reaksiya vermədim. Demək istəyirəm ki, bu vaxt ərzində "papağı günə verməmişəm". 

Ciddi və intellektual məşğuliyyətlərim olub. Açığı gündə 3-4 saat da sosial şəbəkələrdə vaxt keçirib, yeni çıxan musiqiləri dinləmişəm, hərdən dost məclislərində qafiyə tutub meyxana da dediyim olub. Belə, lap dərinə getsək, bütün günü köndələn yatıb, həyat haqda fəlsəfi düşüncələrə də qapılmışam. İndi allahdan gizli deyil, sizdən nə gizlədim: aylardır yazmamağımın elə ciddi bir səbəbi yoxdur. Elə bilirdim bir müddət yazmasam, kütləvi oxucu məktubları alacam, oxucular mənim üçün darıxacaq, məni arzulayacaq. İncəvara belə qanqaraçılıq olmadı.

Açığı nə oxucu məktubu aldım, nə də uzun müddətdir niyə yazmadığımı soruşan oldu. Əksinə, dost-tanış uzun müddətdir heç nə yazmadığıma elə reaksiya verirdi ki, canım sıxılırdı. Təsəvvür edin, bir həftə əvvəl sadiq oxucularımdan biriylə qarşılaşmışam. Xoş-beşdən sonra, oxucum deyir ki: "Bəy, dünənki yazın əla idi. Ailəlikcə oxuduq. Hələ xanımım zəng edib xalasıyla da müzakirə elədi, linkini də "vaççapda" paylaşıb, bütün qohum-qardaş səni oxuyur. Möhtəşəm fikirləriniz var. Amma Pərviz Bülbüləylə deyişmən əla idi. Qardaş canı, sizi yenidən kəşf elədim".

Oxucumun qəlbini qırmamaq üçün ciddi şəkildə təşəkkür edib, aradan çıxdım. Mənim yazmadığım yazını necə oxuduğunu, hələ də anlamış deyiləm. Üstəlik, çoxdan baş vermiş bir hadisəni xatırlamağı, o möhtəşəm deyişməni unutmamağı məni çox kövrəltdi. Deməyim odur ki, belə oxucular yaradıcılıq üçün böyük stimuldur. Hə, vallah. Onlar olmsa, bu yazını yazardımmı? Yazmazdım, bərəkət haqqı!

Bu gün yuxudan duran kimi, içimdən gəldi ki, oxuculara hesabat verim. Özümü uzun müddət səhnədən uzaq düşmüş aktyor, əlini manqalda yandırmış dumbulçalan, gitarasının simləri qırılmış rokçu, təkəri partlamış traktorçu, ayağı əzilmiş futbolçu, səsi batmış müğənni kimi hiss edirəm. Çox qəribə hislər keçirirəm. On görə də sizə oxumağı tövsiyə etmək üçün geri qayıtmışam. 
Bilirəm, indi deyəcəksiniz ki, bizə nə dəxli var sən özünü necə hiss edirsən?  Deyim ki, sizə dəxli var. Necə yəni, mən, bu xalqın zəhmətkeş ziyalısı uzun müddət niyə susmalıyam ki? Hörmətli oxucular bilsin ki, bundan sonra "yaşıl meydanlara" dönürəm. Sizi intizarda qoyduğum üçün üzr istəyirəm, bağışla məni xalqım, bağışla məni on minlərlə oxucum! Qarşınızda günahkaram!

Yuxarıda da dediyim kimi, yazmadığım müddətdə çoxlu kitab oxudum, gözəl istirahət etdim, gözəl xəyallar qurdum, kefim də xeyli kök oldu. Ümumiyyətlə, oxumaq çox yaxşı şeydir. Canım üçün, kitabın "bir dənə babat kayfı var", gəl görəsən. İnsanı bütün gərginlikdən xilas edir, uzaq-uzaq ellərə səyahət edirsən, yeni insanlar tanıyırsan, zövqün formalaşır, nitqindəki qüsurlar aradan qalxır, üstəlik qohum-qardaş içində də qısa müddət hörmətli olursan. Niyə qısa müddət? Ona görə ki, uzun müddət kitab oxuyanda qohum-qardaş səni intellektual, savadlı hesab edir. Uzaqdan baxıb fəxr edir. Toyda tamada çağırıb söz verir, məclisdə ən pullu qohumun yanında oturmaq şərəfini sənə verirlər. Bir sözlə, oxumuş adama xoş münasibət formalaşır. Elə ki, kitab səni ac qoydu, başlayırsan qohum-qardaşa ağız açmağa. Ondan sonra qazandığın bütün hörmət zibil olur. 

Düzdü, oxumaqla qarın doymur. Açığı, toya "kitab yazdırmaq" ənənəsi də yoxdur. Ən ciddi kitabı oxuyub marketə boş ciblə getsən, uzaqbaşı vitrinin qabağında ağzının suyunu axıda bilərsən. Sözün düzü, kitabdan paltar tikib arvad-uşağa geyindirmək də olmur. Xüləs, kitab qarın doyurmur. Amma yenə də mən kitab oxumağın tərəfdarıyam. Adamın dərdi-tasası azalır elə bil.

Uzun müddət kitab oxuduğum üçün çox acam. Evdəki kitablar da yeməli deyil. Beynimdəki informasiyanı, aldığım həzzi, öyrəndiklərimi də pula çevirmək çətin məsələdir. İndi, mən durub desəm ki, siz də işi-gücü atıb kitab oxuyun, insafsızlıq olar. Köhnə lətifələrin birində, mollanın məsləhəti kimi çıxmasın, hər fürsətdə, hər yerdə kitab oxuyun, əmma "qəmli-qəmli". Özünüzü əsir-yesir edib reallıq hissini itirməyin. 
Uzun fasilədən sonra qaranəfəs gəlib, sizə deyəcəklərim bunlar idi. Haqqınızı halal edin, özünüzə yaxşı baxın. Kitab oxum....ya da heç nə, can sağlığı. Bildiyiniz kimi yaşayın...

Cəlil Cavanşir
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.