Cəmiyyət

Rus Dram Teatrında “Mən, sən, pəncərə... məşuq” tamaşasının premyerası olacaq

14 Aprel 2018 08:43
0 Şərh     Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rus Dram Teatrında ingilis dramaturqu Rey Kuninin "Qarışıqlıq" pyesi əsasında "Mən, sən, pəncərə... məşuq" tamaşası səhnələşdirilir.

Rejissor, xalq artisti İranə Tağızadənin quruluş verdiyi bu pyes keçmiş Sovet məkanında "№ 13" adı ilə məşhur idi. Dramaturqla razılaşma əsasında pyes Rus Dram Teatrının səhnəsində "Mən, sən, pəncərə... məşuq" adı ilə oynanılacaq.

Məlumat üçün bildirək ki, bu, dramaturqun ən yaxşı əsərlərindən biridir və Lourens Olivye (London Teatr Cəmiyyəti tərəfindən) mükafatına layiq görülüb.

Tamaşada hadisələr Britaniya Parlamentinin üzvü olan nüfuzlu bir şəxsin beş ulduzlu "Vestminster" otelində siyasi rəqibinin cazibədar katibəsi ilə xoş axşam keçirmək istəyindən başlayır. Əgər otel otağının nömrəsi 13, pəncərəsi Biq Benlə üzbəüz olmasaydı, hər şey yaxşı olardı. Bu, cənab Uillinin başına təsəvvür edə bilməyəcəyi gözlənilməz hadisələrin gəlməsinə səbəb olur. Uğursuz rəqəm sevgililər üçün fəlakətə səbəb olur, onlar münasibətlərinin kulminasiya məqamında pəncərədə naməlum bir adamın cəsədinin sıxıldığını görürlər.

Tamaşada xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Fuad Osmanov, Natalya Baliyeva, Elmira Aslanova, aktyorlar Teymur Rəhimov, Həcər Ağayeva, Murad Məmmədov, Bella Safina, Yuri Omelçenko, İnna İmranova, Zaur Terequlov, Fatimə Əliyev, Elşad Murtuzov oynayacaqlar.

Tamaşanın dekorasiya rəssamı Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasova, xoreoqraf Fuad Osmanov və Mariya Dubovitskaya, musiqi tərtibatı Vladimir Neverova məxsusdur. 3 və 4 may tarixlərində saat 19.00-da tamaşanın premyerası olacaq. Tamaşa 16+ tamaşaçılar üçün nəzərdə tutulub. Biletlər şəhərin mərkəzləşdirilmiş kassalarında satılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.