Cəmiyyət

Bu axşam falınıza baxmağı unutmayın – SUBAY QIZLARIN NƏZƏRİNƏ

20 Mart 2018 19:42
2 Şərh     Baxış: 3 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novruz bayramının ən maraqlı adətlərindən biri də çərşənbələrdə fala baxmaqdır. Əsrlərlə xalqın inanclarından süzülüb gələn müxtəlif fallar indi də icra edilir. Xüsusilə də subay qızların həyata keçirdiyi bu falabaxmalar olduqca rəngarəngdir.

Milli.Az lent.az-a istinadən maraqlı ilaxır çərşənbədə baxılan Novruz fallarını təqdim edir.

Duzlu kökə falı

Bayram günlərində qızlar, gəlinlər "duzlu kökə" bişirirlər. Duzlu kökə formaca balaca, yumru qalac çörəyini xatırladır (çəkisi təxminən 50 qr olur). Yatmazdan qabaq qızlar duzlu kökəni yeyirlər, lakin su içmirlər. Xalq arasında deyirlər ki, həmin günü yuxuda qıza su verən oğlan onun nişanlısı olacaq.

Səməni şirəsi falı

Qaynadıqdan sonra soyudulan səməni şirəsinin dadına baxanda həmin şirə şirin olarsa, deməli, arzun yerinə yetəcək, acıtəhər olarsa, arzun yerinə yetməyəcək. (Acılıq ondan əmələ gəlir ki, güclü odun üstünə qoyulmuş səməni bəzən yanır).

Un falı

Evdə səməni olan xonçanın yanında mütləq bir qabın içində un qoyurlar. Müxtəlif oyunlardan, rəqslərdən və mahnı oxuduqdan sonra bərk yorulmuş qadınlar və qızlar səhərə yaxın yatırlar. Səhər yuxudan oyananda qabda qoyulmuş una baxırlar. Un olan qabın ortasında əl pəncəsini xatırladan fiqur və ya çuxur varsa, bu, yaxşı əlamətdir. Qızlar səməninin ətrafında oynayır, rəqs edir və oxuyaraq xahiş edirlər ki, səməni onları müxtəlif bəlalardan hifz etsin

Qulaq falı

Xalq arasında belə dəb var ki, ilaxır çərşənbədə qulaq falına çıxırlar. Qulaq falında hər kəs ürəyində bir arzu tutur və sonra hər hansı bir evin qapısını pusur. Əgər yaxşı sözlər eşitsə, arzusu bu il yerinə yetəcək, amma ürək açmayan sözlər eşitsə, arzusu bu il yerinə yetməyəcək.

Açar falı

Açar falında isə hər kəs niyyət edib bir açar, ya sancağı ayağının altına qoyur, bəziləri isə yaxalarına iynə taxır, dörd yolun ayrımında və ya qapı dalında pusquda durur, danışılan sözlərə qulaq asırlar. Eşidilən sözləri ürəyində olan arzu və niyyətlərinə görə yozurlar. Ümumiyyətlə, hər kəs bu adətdən xəbərdar olduğu üçün çalışır danışdıqları sözlər xoş və sevindirici olsun.

İynə falı

Axırıncı çərşənbə axşamı bulaqdan, yaxud çaydan sudan "lal su" gətirilir. Buna ona görə "lal su" deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənə kimi dinməməlidir. Həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər. Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən ehtiyatla suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. İynə suyun dibinə çökürsə, deməli, su "lal su" deyil. Su gətirən adam üstündə danışıb. O, heç olmasa, "a" deyə səs çıxarıb.

Güzgü falı

Axır çərşənbə gecəsi subay qızlar niyyət tuturlar. Gecə yarısı yuxudan durub şamı yandırırlar və götürüb güzgüyə yaxınlaşırlar. Güzgüdə gələcək nişanlılarını görəcəklər, amma gərək qorxmayasan. Qorxsan, bu niyyətin baş tutmaz.

Yumurta və karandaşlar

Axır çərşənbə günü ağacın altına bir yumurta, qara və qırmızı rəngdə iki karandaş qoyulur və arzu tutulur. Səhər həmin yumurtanın üstündə xətt olur. Əgər qırmızı karandaşla xətt çəkilibsə, arzu yerinə yetir, əgər qara çəkilibsə, yerinə yetməyəcək.

Başmaq falı

Axır çərşənbə axşamı qız ayağının sağ başmağını burub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə qapıya tərəf düşsə, həmin qız bu il nişanlanacaq.

Su falı

Bayram axşamı iki boş stəkan götürüb kimdənsə onlardan birinə su tökməsini istəyirlər.  Əgər həmin şəxs arzu tutulan stəkana su tökərsə, arzusuna çatacaq. Əksi olarsa, arzu yerinə yetmir.

Buğda falı

Subay qızlar sacın ətrafında dövrə vuraraq oturur. Hər kəs sacın üzərinə bir buğda qoyur. Kimin buğdası sacın üzərindən ilk öncə sıçrasa, düşünürlər ki, həmin qız digərlərindən daha tez nişanlanacaq.

Üzük falı

Bir nişan üzüyü götürülür. Subay qızlar növbə ilə saçlarından uzun bir tük qopararaq, həmin üzüyə bağlayır. Daha sonra su dolu stəkana üç dəfə batırıb, üzüyün stəkanın kənarlara dəyib çıxardığı səsi sayırlar. Bu səs hansı sayda dayanarsa, o qızın həmin yaşda ailə quracağına inanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.