Cəmiyyət

Vaqifdən Həsənağa Turabovun qisasını aldım... – Mahir Dərviş - FOTO

20 Mart 2018 11:28
1 Şərh     Baxış: 2 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sovetski"də "40 pilləkan" deyilən yer var idi, çəkilişlər orada davam edirdi. Vaqif Mustafayev Bəxtiyar Qaraca ilə söhbət edə-edə piləkanlardan düşürdü. Bu epizod ikinci dublda alınmışdı. Ancaq Vaqifi 4-5 dəfə pilləkanlarla çıxardıb düşürtməklə həm Həsənağa Turabovun qisasını aldım, həm də başa saldım ki, aktyor olmaq nə deməkdir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,bu sözləri ADTV-də yayımlanan "İnsan" telelayihəsinin rəhbəri və tanınmış rejissor Mahir Dərviş deyib. Müsahibəni təqdim edirik.

Necəsiz, Baba Dərviş?

- Materialistlərə görə, gərək reallığı deyəm, ancaq irfanda deyilir ki, ən çətin anlarda da gözəllik axtarmalı, yaxşı olmağa çalışmalısan. Sən mənə de görüm, bu danışdıqlarımızı müsahibə kimi yazacaqsan, yoxsa, reportaj kimi?

Sizə necə xoşdursa, o cür də yazım.

- Hardasa 15 ilin söhbətidir. Nizami Xudiyev dedi ki, yuxarıdan sifariş var, Vaqif Mustafayevin yaradıcılığı haqda film çəkilməlidir. Filmin ssenari müəllifi də, rejissoru da sən olacaqsan. Çünki sən onu yaxşı tanıyırsan, bir yerdə işləmisiz. Mən də həmin ərəfələrdə AzTV-də işləyirdim. Müxtəlif məkanlarda çəkilişlərə başladım. Hətta o çəkilişlərdə Vaqifdən Həsənağa Turabovun intiqamını da aldım. Vaqif "Yaramaz" filminin çəkilişləri zamanı Həsənağa Turabovu 5-6 dubl tramplindən kreslonun üstünə tullandırmışdı. Bir dublda Turabov yıxılmışdı da. Heç filmdə o epizod gözə çarpmadı. Turabovun pərt olmağını görəndə ürəyim ağrımışdı. İndi Vaqif mənim əlimə düşmüşdü. "Sovetski"də "40 piləkan" deyilən yer var idi, çəkilişlər orada davam edirdi. Vaqif Bəxtiyar Qaraca ilə söhbət edə-edə piləkanlardan düşürdü. Bu epizod ikinci dublda alınmışdı. Ancaq Vaqifi 4-5 dəfə piləkanlarla çıxardıb düşürtməklə həm Həsənağa Turabovun qisasını aldım, həm də başa saldım ki, aktyor olmaq nə deməkdir.

Filmin montajı zamanı İlham Alışanov redaktor olduğuna görə bizimlə idi. Vaqif də gəlib oturdu, başladı hər şeyə müdaxilə etməyə. Ona dedim ki, bu film sənin haqqındadır, müdaxilə etmə, sərbəstlik ver, başa düşmədi. Bu vaxt köməyimizə yoldaşı Nigar xanım çatdı. Vaqifə zəng edəndə montajçı ilə qadın səsləri çıxartdıq ki, Nigar xanım Vaqifi qısqanıb evə çağırsın. Bu hiyləmiz baş tutdu, o durub evə getdi. Sonra rahat şəkildə səhərə qədər filmi montaj etdik.

Yəni sözümün canı budur ki, kiminsə haqqında nəsə hazırlayanda istəyər, öz istədiyi kimi olsun. Ancaq məncə, müəllifin istədiyi kimi olmalıdır. Bax, bu qardaş fotoqrafdır, (Elçin Muxtarı göstərir) mən ona rakurs başa salmalı deyiləm ki, özü bilir də hansı görmə bucağı daha maraqlıdır.

Mahir müəllim, artıq kinostudiyanın əzəmətli vaxtları geridə qalıb, ancaq sizdən hələ də oranın qoxusu gəlir.

- Hə... Kinostudiya uşaqlığımızın sehirli nağıllar aləmi idi. O vaxtlar mikrorayonda yaşayırdıq. Lap balaca olanda atamla kinoya baxmağa getmişdik. O vaxtdan yadımda qalmışdı. 13-14 yaşımda isə rəhmətlik Fazil Salayev məni kinostudiyaya aparırdı, kinolara baxırdıq. Həmin ərəfələrdə "Nəsimi" filmi təzə çəkilmişdi, Rasim Balayevi, filmin digər aktyorlarını görüb düşünürdüm ki, görəsən, nə vaxtsa mən də belə aktyor, rejissor ola biləcəmmi? Kinostudiyaya o bağlanan bağlandım. Sonralar dərsdən qaçıb ora gəlirdik ki, bəzi filmlərdə kütləvi səhnələrdə hay-küy salan uşaqları səsləndirək. Mən Fazilin vasitəsi ilə Ceyhun Mirzəyevi də tanıdım.

Fazil başqa adam idi, uşaq kimi... O xoşbəxt ola bilmədi. "Şərikli çörək" filmində özünü oynayıb. Qırçı Məhəmməd onun özü idi. O dünyasını dəyişəndən sonra mən kinostudiyada yetim qaldım.

Bəs Ceyhun Mirzəyevlə münasibətiniz davam etmədi?

- Fazildən sonra Ceyhun mənə böyük qardaşlıq etdi.

Kinostudiyada işə başlamağınız necə oldu?

- Məni bütün kinostudiya tanıyırdı. Təhsil aldım, hərbi xidmətimi bitirdim, adi fəhlə kimi işə götürdülər. Bir müddət fəhlə işlədim, sonra dekorasiya sexinə keçdim. Ancaq həmin ərəfələrdə də kinostudiyanın gözəlliyini hiss edə bilirdim. Təsəvvür edin ki, mən kinoya xidmət edən insanlara xidmət edirdim. Həsən Məmmədov gəlirdi ki, yoldaşım yuxayayan istəyir. Onun üçün yuxayayan düzəltmək mənə ləzət edirdi. Hamlet Xanızadə gəlirdi ki, taxta lazımdır. Dayanıb əlimə baxırdı ki, rəndə ilə necə işləyirəm. Baxa-baxa deyirdi, ona görə səni izləyirəm ki, sabah xarrat rolu oynamalı olsam, təbii alınsın.

Bax, mən o taxtanın, çəkicin içindən çıxıb, zərrə-zərrə bu sənətə gəldim. Kinoda bəstəkarlıqdan başqa hər şey etmişəm.

Bir az "Bəyin oğurlanması" filmindən danışaq. Deyilənə görə, film ilk dəfə nümayiş olunanda birmənalı qarşılanmayıb.

- Filmin dekorasiya işlərini mən görürdüm. İki quruluşçu rejissoru, iki quruluşçu operatoru var idi. Rejissorlar Ceyhun Mirzəyevlə Vaqif Mustafayev, operatorlar isə Ələsgər Ələkbərovla Rəşid Nağıyev idi. Filmdə istifadə olunan bütün zarafatlar bizim dilimizdən çıxan zarafatlar idi ki, çəkiliş prosesində ssenariyə daxil edilmişdi. O film bizim həyatımız idi, bütün kino işçilərinin həyatı. Kadr arxası hadisələr filmdən də maraqlı idi. Hətta kadr arxasında yaşanan sevgi hekayəsi də var idi.

Sevgi kimlərin arasında yaşanırdı?

- Filmin çəkilişləri zamanı işıqçılarından biri ilə qrimçi qız bir-birini sevdilər, sonralar ailə qurdular. İndi nəvələri də var.

Filmdə bir epizod var, Muxtar Manıyev İsrafili axtara-axtara qarşısına çıxan hər kəsi öpür, Siyavuş Aslana çatanda isə şillə ilə vurur. Deyəsən, o şillədən qabaqcadan Siyavuş Aslanın xəbəri olmadığı üçün, Muxtar Manıyevdən bərk inciyib.

- Vaqif Mustafayevdə xüsusi rejissor biclikləri var. O, bəzən müəyyən səhnələrin təbii alınması üçün, aktyoru hansısa məqamlardan xəbərdar etmir. Doğrudur, o səhnədən Siyavuşun xəbəri yox idi, şillə dəyəndə çaş-baş qaldı, ancaq vəziyyətdən çıxa bildi. Təcrübəli aktyorlar bu cür gözlənilməz məqamlara hazır olurlar. Ona görə də küsmək, incimək söhbəti olmayıb. Hər ikisi də böyük aktyor idi. O adamlar kinonu həqiqətən sevirdilər. Təsəvvür edin ki, filmin çəkilişləri bitəndən sonra dedilər ki, alınmadı. O boyda aktyorlara, çəkdiyimiz əziyyətlərə baxmayaraq, filmin alınmadığını dedilər.

Niyə belə dedilər ki? Axı o film uğurlu komediya filmlərimiz arasında ən son filmlərdən sayılır.

- Filmin ssenarisini Mövlud Süleymanlı yazmışdı. Ssenari bir kənarda qaldı, tamam ayrı bir şey çəkildi. Hər şey çəkiliş prosesində ekspromt şəraitdə baş tutdu, daha maraqlı oldu. Film sırf folklor üslubunda olsa da, Vaqiflə Ceyhun onu öz kontekstindən çıxarıb başqa cür çəkdilər. Bu da bəzi redaktorların etirazına, tənqidlərinə səbəb olmuşdu. Ancaq əsas odur ki, bu gün "Bəyin oğurlanması" filminin bütün zarafatları dillərdə əzbərdir. Mənim üçün də fəxrdir ki, o sənətkarlarla işləmişəm.

Qəribədir ki, o vaxtlar tamaşaçılar filmlərin necə, kimlər tərəfindən ərsəyə gəldiyini bilmirdilər. Hətta rejissorları da tanımırdılar.

- Ancaq indi hamı efirə çıxır özünü tanıdır, di gəl ki, ortada nə film var, nə də sənət. Bütün gün də televiziyadadırlar. Bir hadisə danışım, mənim pərəstiş etdiyim, ən sonuncu rejissorlardan olan Rasim Ocaqovu Yol polisləri tanımayıb kinostudiyanın qarşısında saxlamışdılar. Əgər adını eşitsəydilər, bilsəydilər ki, "İstintaq"ı, "Qatır Məmməd"i, "Təhminə"ni bu adam çəkib, tanıyıb hörmət edəcəkdilər, ancaq sima olaraq tanımırdılar. Çünki o adamlar televiziyaya çıxmırdılar, filmlərini çıxardırdılar.

Səhv etmirəmsə, Rasim Ocaqovla da aranızda konflikt olmuşdu.

- Cavan idim də... Bir dəfə Ocaqovu əsəbiləşdirdim. "Təhminə" filminin çəkilişləri üçün hazırlıq gedirdi. Məni çağırdı ki, gəl, assistentim ol. Mən də ona kobud cavab verdim ki, sənin çayçın ola bilmərəm. Çünki o zamanlar assistentlər həm də rejissora çay gətirirdilər. Məcburiyyətdən yox ha, hörmət əlaməti olaraq. Rəhmətlik xətrimi çox istəyirdi deyə, çox da üstümə gəlmədi. Həm də başqa səbəb var idi. "Ölsəm bağışla" filmində restoranı mən tikmişdim. Həmin səhnənin dekorasiya işlərini mən görmüşdüm. "İçəri şəhər"i 1941-1945-ci illərə bənzətmək lazım idi, onu da mən etmişdim. Deməli, filmdə bir epizod var, Fəxrəddin Manafov silah almaq üçün gəlir, məhlədə ara uşaqları aşıq oyunu oynayırlar. Ocaqov dedi ki, o uşaqlardan birini sən oynayacaqsan. Dedim, əşşi, mən hara, aktyorluq hara? Dedi, kinostudiyada işləyən hər kəs həm aktyordur, həm də rejissor. Beləcə, məni yoldan çıxartdı. Deməli, məni bir ümumi planda çəkdilər, bir də iri. Filmin montajı zamanı Rüstəm İbrahimbəyov da orda idi. Gördüm, mən olduğum kadrın ümumi planı var, ancaq iri planım yoxdur. Operator Rafiq Qəmbərova dedim ki, bəs iri plan hanı? Dedi, Rasim müəllimdən soruş. Rasim müəllimdən soruşanda, dedi ki, orda elə baxmışdın ki, mən icazə verməzdim kinomun əsl qəhrəmanı kölgədə qalsın. Bu rejissorun həm böyüklüyü, həm də aktyoruna hörməti idi.

Bu da bir tarix idi ki, Fəxrəddin Manafovla o filmdə tərəf müqabili oldum. Daha sonra 2013-cü ildə "Həyat çiçəyi" serialında yenə tərəf müqabili olduq. Mən həmin serialda Fəxrəddinin sürücüsünü oynayırdım.

İndi geriyə baxanda görürəm ki, neçə filmdə əziyyətim var. Kadr arxasında ömrüm gedib.

O günlərdən geriyə qalan sadəcə, ağ-qara filmlər oldu...

- O dövrlər çox çətin dövrlər idi. Nə texniki imkanlar indiki kimi idi, nə də şərait. İndi hər şey var, sadəcə, eşq yoxdur. Eşq olanda, diqqət də olur, məsuliyyət də. Mən bu gün film gözləmirəm, ekran əsəri gözləyirəm. Bu gün həmkarlarım dram filmləri çəkməyə qorxurlar ki, pulları batar. Çünki janrı məlum olmayan komediya filmləri imkan vermir ki, ciddi film inkişaf etsin.

Bizim dövrü görən adamlar heç vaxt kinoya xəyanət edə bilməzlər. Kinostudiya birdən-birə sanki döyüş meydanına çevrildi. Bəzi adamlar həlak oldu, bəziləri yoxa çıxdı, bəziləri də mənim kimi televiziyaya qaçqın getdi. Düzdür, biz televiziyada fəaliyyətimizi davam etdirdik, ancaq məbədimiz kinostudiyadır axı. Oranın işıqçısı da sədaqətli idi. Sabir var idi, gözləri tutulmuşdu, görmürdü, ancaq kinostudiyadan əl çəkmirdi. Gəlib kinostudiyanın qabağındakı çayxanada otururdu. Belə adamlar daha yoxdur...

Ancaq ümidsiz deyiləm. İncəsənət Universitetinin tələbələri bura gəlirlər. Görürəm ki, onların arasında təsadüfi olanları da var, istedadlı olanları da. Əvvəlcə mən onlara özlərini tanıtdırıram. İnsan özünü tanımasa, heç nə yarada bilməz. Bu sənəti seçən adamlar gərək eşqlə gəlsinlər. Əks halda kiminsə yerini tutmasınlar.

Universitet də normal təhsil verməlidir. Tələbələr deyirlər ki, 4 ildə heç nə öyrənə bilməyiblər. Hətta kameranı ilk dəfə burda görənlər var. Mən onlara azadlıq verirəm ki, öyrənsinlər. Müəllim kimi yox ha, mən müəllim deyiləm. Onlara deyirəm ki, mən sizin atanızam, qardaşınızam, dostunuzam, rahat olun və öyrənin. Cəmi 1 ay bura gəldilər, indi getmək istəmirlər.

Televiziyada uğurlu layihələriniz çox olub. Hətta film formatında verilişləri ilk dəfə siz hazırlamısız.

- Bir çox belə layihələrim olub. Ən sonuncusu "Məclisi-üns" verilişi idi. 12 ildir davam edir, hələ də efirdədir. Sevinirəm ki, vasitəçi olmuşam. Bəxtim onda gətirdi ki, məni şou verilişlərinə yox, klassik poeziyaya, muğama tərəf yönləndirdilər. Nizami Xudiyev məni hər iclasda tənqid edirdi ki, muğam yaşlı nəsil üçündür, get idmandan çək, ancaq muğamdan veriliş çəkmə. Mən isə tənqidlərə baxmayaraq, istedadlı gənc muğam ifaçılarını, qəzəlxanları tapıb efirə çıxardırdım. Bir dənə də "Yuxunun səsi" adlı muğam filmi çəkdim, filmdə Alim Qasımovdan tutmuş, Ağaxan Abdullayevə qədər hər kəs var idi. O film böyük rezonans yaratmışdı. Ondan sonra bəzi adamlar məni axtarmışdı. Səbəb isə o imiş ki, muğam müsabiqəsi keçirmək istəyirlər, mən də onlara lazımam. Bunu bilən müdriyyət isə mənim adımı ləkələyib, oradan uzaqlaşdırdı. Beləcə, muğam müsabiqəsi baş tutdu. Bir vaxt məni muğama görə tənqid edənlərin hamısı muğamın dostu oldular. Mən isə oyundan kənar vəziyyətdə qaldım.

Mahir müəllim, bir də Fəxrəddin Manafovla kinostudiyadakı davanızdan danışardız, niyə dalaşmışdız?

- Deməli, o vaxtlar mən kinostudiyada xarrat işləyirdim. Üstümdə çəkic, balta olardı. Dəhlizlə gedirdim. Fəxrəddin də bir xanımla üzü pəncərəyə dayanıb söhbət edirdi. Mən bunların yanından keçəndə kinostudiyanın başqa bir işçisi filmlərdə istifadə olunan partlayıcı maddəni yandırıb onların ayağının altına atdı. Özü də qaçıb gizləndi. Partlayış vaxtı Fəxrəddin arxaya baxıb məni gördü, elə bildi ki, mən etmişəm. Əsəbi-əsəbi söyüş söyə-söyə üstümə gəldi, mən də baltanı çıxardım onun üstünə dartındım, başladıq tutaşmağa. Bizi görən rəhmətlik Nəsibə xanım Zeynalova gəldi ayırdı.

Əslində Fəxrəddini də qınamıram ha, o partlayış elə bir məqamda baş verdi ki, məndən başqa heç kəs yox idi. O da elə bildi ki, mən etmişəm. Ancaq mən heç vaxt elə hərəkət eləməzdim. Düzdür, mən də az aşın duzu deyildim. Məsələn, çəkiliş vaxtı yaradıcı heyətdən bir nəfər tualetə girmişdi, gedib tualetin qapısını arxadan mıxlamışdım. Hətta bir dəfə rejissorlardan biri kinostudiyada ayaq üstə dayanmışdı, iri rezin dabanlı ayaqqabısı var idi, ayaqqabısını döşəməyə mıxlamışdım. Ancaq heç vaxt xanımla dayanan adamın yanına partlayıcı atmazdım. Sonralar Fəxrəddinlə dost olduq. Necə deyərlər, çəkişməsən, bərkişməzsən...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.