Cəmiyyət

İnandığımız kimi yaşayaq

20 Mart 2018 19:45
0 Şərh     Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər birimizə məlumdur ki, bu dünyaya gəlişimiz və dünya həyatı bir oyun, əyləncə deyil və bir səbəbə bağlıdır. Sürdüyümüz ömür isə bu səbəbi nə dərəcədə anlamağımızdan çox asılıdır. İnsanın yaradılış qayəsi Qurani-Kərimdə açıq-aydın bildirilmiş və bu hikmət Allaha qulluq, ibadət tapşırığı ilə əlaqələndirilmişdir. Deməli insan dünyaya nəsə əldə etmək üçün və ya kef çəkmək üçün deyil, ibadət sınağından keçərək Allahın rizasını qazanmaq üçün gəlir. Bu səbəbdən də Allaha inanan şəxsin əsas işi ibadət olmalı, hər bir gününü ibadətə görə tənzimləməli, bütün qalan işlərini isə ikinci plana keçirməlidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma çox təəssüf ki, biz tamamilə bunun əksinə hərəkət edirik. Gündəlik fəaliyyətimizin böyük bir hissəsini bu fani dünyadan daha çox zövq almaq üçün çalışdığımız dünyəvi işlər tutur. Ailə, iş, karyera, əyləncə və sairə və ilaxır. Həyatımızın əsas qayəsi olan ibadətlər isə ikinci, bəzən isə üçüncü, dördüncü və daha nə bilim neçənci plana keçir. 

Görəsən bütün bunların səbəbi nədir? Niyə dinimizə, ibadətlərimizə bu qədər laqeydik? Həqiqətənmi bunun əsas səbəbi vaxt azlığı ilə bağlıdır? Deyirlər guya işlərin çoxluğu gündə beş dəfə dəstəmaz alaraq namaz qılmağa imkan vermir. Yəni vaxt aparan hesab elədikləri gündəlik namazlar bu qədər çox vaxt aparır? Üst-üstə hesablasan yarım saat. Bəlkə də daha az. Dəstəmaz və başqa hazırlıqları da nəzərə alsaq qoy olsun bir saat. Məgər bu çoxdurmu? Təsəvvür edin ki, bir nəfər sizə iyirmi dörd ədəd qızıl külçə verir, sonra isə bu külçələrin birini geri istəyir. Verməzsinizmi? Bəs bizə həyat bəxş edən Allah üçün gündə iyirmi dörd saatımızdan birini niyə verə bilmirik? Yenə də bəhanələr tapılacaq. Namaz vaxtına təsadüf edən vacib görüşlər, mühüm iclaslar, namaz qılmaq üçün yerin olmaması və s. Nə qədər ki, din bizim gözümüzdə bir məşğuliyyət, ibadətlər isə ixtiyari məsələ olacaqsa, namaz üçün gündə bir saat vaxt tapmaq problemi də həll olunmayaraq qalacaq. Amma o vaxt ki, dinimizi gündəlik həyat tərzimizə çevirəcəyik, ibadətlər birini plana keçəcək onda ibadətlərimiz günümüzün iyirmi dörd saatını da alsa tərk etmərik. Çünki onu dərk etməliyik ki, ibadətlərimizə və ümumiyyətlə bütün əməllərimizə görə haqq-hesab günü mütləq gələcək və bu haqq-hesab günü sabah da ola bilər. Uğrunda ibadətlərimizi qurban verdiyimiz dünyəvi işlərimiz isə heç bir nəticə verməyə də bilər. Çünki bizim sürdüyümüz ömür və qazandığımız ruzi cəhdlərimizə görə deyil, ilahi təqdirə görə formalaşır. Ona görə də nəticəsi dəqiq olan işləri nəticəsi qeyri-müəyyən olan işlərə qurban verməyək. Peyğəmbərimizin də buyurduğu kimi, sanki sabah öləcəyik kimi axirətə hazırlaşaq. 

Bəzən görürük ki, namaz qılmayan insanlar buna səbəb kimi çox maraqlı arqumentlər gətirirlər. ''Hələ tezdi'', ''hələ hazır deyiləm'', ''qocalanda qılaram'' və bu kimi bəhanələr yəqin ki, çoxlarına tanışdır. Düzdür, mən burada bu cür absurd bəhanələrə cavab vermək fikrindən çox uzağam. Lakin belə insanlara həmişə bir sualım olur ki, axı sabaha çıxacağını haradan bilirsən? Məgər bu bərədə zəmanətin var?

Əziz mömin qardaşlar!

Din - hər bir insanın gündəlik həyatında yaşadığı həyat tərzi olmalıdır. Çünki bu bir xobbi və ya məşğuliyyət forması deyil, bəşəriyyətə iki dünya səadəti bəxş edən, azğınlıqdan xilas edən bir vasitədir. Allaha iman edən şəxs Alladan qorxmalı, Quranı qəbul edən şəxs onun əmrlərinə tabe olmalıdır. "Dindar" anlayışı ortadan qalxmalı, bu anlamda hər bir müsəlman dindar olmalı, yəni dinə uyğun həyat tərzi yaşamalıdır. Artıq ibadətlərimizi başqa işlərimizə görə deyil, başqa işləri ibadətlərimizə görə tənzimləməliyik. Əgər bu dini qəbul etmişiksə əsaslarına əməl etməli, inandığımız kimi yaşamalıyıq. Əks təqdirdə yaşadığımız kimi inanmağa başlayacağıq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.