Cəmiyyət

İman bir yerə, güman min yerə...

14 Mart 2018 22:35
0 Şərh     Baxış: 572

"Psixi problemləri hər adam müşahidə etmək gücündə deyil. İnsanın daxili, ruhi problemləri fərqli formalarda olur"

Məşhur hind filmi - "Avara". Yaşlı və orta nəsil hələ də sevə-sevə baxır bu filmə. Filmin qəhrəmanının qeyzlə "bəli, mən oğruyam. Avara və oğru!" deyib sevgilisinə "polis də buradadırmı?!" söyləməsi əslində, cəmiyyətin insanlara damğa vurmasına bir üsyan idi.
Niyə bu filmi misal çəkdik? Xaçmazda 23 yaşlı oğlanın intiharının təfərrüatı məlum olub. Şərifoba kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Araz Məmmədovun intiharına səbəb hərbi xidmətə gedə bilməməsi olub: "4 il idi ki, Arazı hərbi xidmətdən saxlayırdılar. Bu günlərdə yenidən ona çağırış vəsiqəsi gəlib. Yoxlama zamanı məlum olub ki, Araz hərbi xidmətə yararsızdır. Yəni nə boyu, nə də çəkisi onun hərbi xidmət keçməsinə imkan vermir. Araz da buna əsəbləşib. Deyib ki, "mən niyə tay-tuşlarımdan geri qalıram". Odur ki, özünü öldürüb. Çox yaxşı oğlan idi, səhhətində də hər hansı problem yox idi". Kənd camaatının dediyinə görə, Araz hərbi xidmətə çağırılmamasını özünə dərd edib və nəhayət, intihara əl atıb.

Həqiqətən də, hərbi xidmətə aparılmamaq intihar üçün əsas ola bilərmi?

Milli.Az sherg.az-a istinadən bildirir ki, psixoloq Elnur Rüstəmov intiharın hərbi xidmətə aparılmamaqla birbaşa bağlı olduğuna şübhə ilə yanaşdığını dedi:

- Son illərdə həqiqi hərbi xidmətə çağırış komissiyaları çox ciddi, həssas işləyir. Hərbi xidmətə çağırış vərəqəsi almış şəxslər komissiyalarda ciddi yoxlanır. Çəkidən başlamış, boy ölçüsü, sağlamlığa qədər, hər bir məsələ ciddi yoxlanır. Çağırışçılar psixiatr müayinəsindən də keçirilir. Mən düşünmürəm ki, oğlanın intihar etməsi birbaşa hərbi xidmətə aparılmamaqla bağlıdır. Kənd camaatı bunu deyir. Məsəl var, iman bir yerə, güman min yerə. Əgər oğlanı hərbi xidmətə aparmayıblarsa, tutarlı səbəb varmış. Oğlanın intiharını həqiqi hərbi xidmətə aparılmamaqla bağlamaq doğru da deyil. Hərbi xidmətə yararsızlığın təsdiqi üçün bir çox rəylər lazımdır.

Bunun üçün ekspertiza rəyi olmalıdır. Kiməsə "sən yararsızsan" deyib yola salmırlar. Yararsızlığın səbəbi göstərilir. Zənnimcə, o oğlanın başqa narahatlıqları olub. Bilirsiz, çox zaman bizim insanlar psixi problemi, sağlamlıq problemləri ilə səhv salırlar. Zahirən insanın heç bir fiziki qüsuru olmaya bilər. Sağlamlığı da üzdən çox yaxşı görünə bilər. Psixi problemləri hər adam müşahidə etmək gücündə deyil. İnsanın daxili, ruhi problemləri fərqli formalarda olur. Özünü açıq büruzə verən hallar da olur, gizli qalanlar da. Buna depressiya deyirlər. Ümumiyyətlə, hər bir insan, normal halda 1-2 dəfə depressiyaya düşə bilir.

Sadəcə, məsələ depressiyanın nə qədər, neçə müddət çəkməsidir. Bir günmü, bir neçə saatmı, yoxsa günlərlə, aylarla. Depressiyanın dərəcəsi müddətindən asılıdır. İnsan depressiyada ola bilər, lakin ətrafdakılar bunu anlamaz, başa düşməz. Anlamadıqlarından da ona kömək edə bilməzlər.

E.Rüstəmov bildirdi ki, "mən yararsızam" fikri insanı hər cür addım atmağa təşviq edə bilər:

- Bu gün dünyada "stiqma"lara (damğa) qarşı mübarizə aparılır. Bir insan hansısa cinayət törədib, həbsxanaya düşüb, cəzasını çəkib azadlığa çıxır, lakin ona yenə "cani" gözüylə baxırlar. "Türmədə yatıb" damğası vururlar. Övladlarını da bu adla çağırırlar "filankəsin qızı, oğlu" deyirlər. Ona görə də məhkumluq həyatını başa vurmuş adamların cəmiyyətə adaptasiyası yönündə ciddi iş aparılmalıdır. İnsan ruhən möhkəm deyilsə, cinayətkar damğası ilə uzun müddət yaşaya bilmir.

Bəzən intihara əl atanlar olur, bəzən təkrar cinayət törədir, yenidən həbsxanaya qayıdırlar. Ona görə də cəmiyyət olaraq ətrafımızdakı insanlara damğa vurmaqdan çəkinməliyik. "Damğalı" insanlara əl uzatmalıyıq, onların cəmiyyətlə qaynayıb-qarışmasına çalışmalıyıq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.