Cəmiyyət

Sizi vahimə basdı? Məni də...

14 Mart 2018 16:18
4 Şərh     Baxış: 3 814

Оverton pəncərəsindən dünyaya baxmaq istəməzdim...

Bilirsiniz ki, bəziləri istəsələr, insestdən adamyeyənliyə qədər hər şeyi leqallaşdıra bilərlər? Çox yüksək səviyyədə inkişaf etmiş və az bir sayda insanın xəbəri olan bir elm var ki, təmamilə təsadüfən onunla tanış olmayana kimi, mən də bilmirdim...

Demə, artıq yüzilliklərdir ki, dünyanın bir sıra ölkələrində insan kütləsinin başını qatıb, bu və ya digər axarla istənilən tərəfə yönəltmək üçün elmi - tədqiqat institutları fəaliyyat göstərir. Bəli, məhz başlarını qatıb, müxtəlif qüvvələrin maraqlarını insanların beyninə yeritmək üçün hər il milyonlarla pullar xərclənir. Əlbəttə ki, sonunda sifarişçilər birə min qazanmış olurlar. Sizə deyim ki, bu gün dünya bazarında ən bahalı məhsul  bir məlumatdır, bir də insanların zehninə birbaşa psixoloji təsir göstərərək onu istənilən tərəfə yönləndirə biləcək texnologiyalar.

Unikal  psixoloji  texnologiyaları işləyib hazırlayan institutlar haqqında, əlbəttə ki, geniş insan kütləsinə məlum deyil.

Çox leqal, amma reklamsız - filan çalışdıqları üçün orada çalışan alimlər haqqında da açıq  informasiya mərkəzlərində, o cümlədən internetdə də çox az məlumat var. 

Amma bu texnologiyalardan biri haqqında sizə danışmaq istərdim. Fikirləşəndə görürsən ki, bu ideya dəhşət sadədir və indiyə kimi öz effektivliyini sübuta yetərincə göstərib.

Tanış olun, Overton pəncərəsi!

Overton pəncərəsi - Makinsky İctimai Siyasət Mərkəzinin keçmiş vitse-prezidenti Cozef Overton tərəfindən düşünülüb işlənilmiş siyasi texnologiyadır.  

Overtonun fikrincə, bu gün həmin texnologiyalardan istifadə etməklə əvvəllər mühüm əhəmiyyət kəsb edən məsələlərə cəmiyyətin münasibəti tam radikal dəyişdirilir. Əsasən də, bu homoseksuallığın və eyni cinsli nikahların qanunlaşdırılması və normalaşdırılmasına aiddir.

Overton çox dəqiq göstərir ki, normal cəmiyyətə zidd olan fikirlər və ideyalar, demək olar ki, mənfurluq dərinliklərindən qaldırılaraq yuyulub təmizlənir, bəslənir və sonunda qanunlarla möhkəmlənir. Overtonun yaratdığı pəncərə ideyasına əsasən, cəmiyyətdə istənilən problem üçün "imkanlar pəncərəsi" mövcuddur ki, onun çərçivəsində həmin problem tədricən geniş müzakirə və təbliğ olunur, açıqça dəstəklənir və qanunlaşdırılır.

Sonra isə "imkanlar pəncərəsi"ni genişləndirib problemi "cəmiyyət tərəfindən təmamilə qəbul olunmayan" dərəcədən "geniş müzakirə olunan və qanun çərçivəsində bərkidilmiş aktual siyasət" dərəcəsinə çatdırırlar.

Bir fikir var ki, bu texnologiyadan istifadə edərək homoseksuallıq və eyni cinsli nikahlar kimi həm də pedofiliyanın, insestin və evtanaziyanın (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi) leqallaşması yaxın illərdə baş tutacaq.

  • Elə bu vaxtlarda, siz məqaləni oxuyan zaman isə Overton texnologiyası ilə fahişəliyin, adamyeyənliyin, insestin leqalizasiyasını təbliği aparatı işə salınıb, asta sürətlə, amma istiqamətini dəyişmədən finişa doğru irəliləyir...

Sizi vahimə basdı? Məni də...

"Overton pəncərəsi" nəzəriyyəsinə görə kütlələrin şüuru daima təzyiq altındadır. Bizim sizinlə zövqümüzün və mənəvi prinsiplərimizin demontajı artıq başlayıb və yavaş - yavaş davam edir.

Bugünkü qlobal geosiyasi qarşıdurma - requlyar orduların, dağıdıcı silahların, ekonomik sistemlərin və dini ideyaların savaşı deyil, hər şeydən əvvəl müxtəlif "mənəvi prinsiplərin" döyüşü deməkdir.

Sizcə, əsasən köhnəfikirli konservativ kütləvi şüura kimlərə isə lazım və həmin cəmiyyətin mənəvi prinsirlərinin tam əksi olan bir ideyanı hansı yollarla təbliğ etmək mümkündür?

Amerikalı mühəndis və politoloq Cozef Overtonun təhlükəli siyasi texnologiyasını araşdırsaq, görərik ki, fokusun sirri - təbliğatın tədricən həyata keçirilməsindədir.

Sözü gəlmişkən, Cozef Overton 43 yaşında, şəxsi həyatının və karyerasının ən parlaq anında avtomobil qəzasında həyatını itirmişdir.

  • "Günlərin bir günü Səadət gördü ki, balaca oğlu Tural atlardan qorxur... o, oturacaqdan bir az hündür olan poni aldı. Belə kiçik atcığazdan qorxmaq mümkün deyildi və Tural böyük həvəslə poniyə minib onu sürürdü. Bir müddətdən sonra Səadət Turalı poni - kluba yazdırdı. Buradakı atlar evdəki ponidən bir az daha hündür idilər. Cəmi 3 - 4 ildən sonra isə Tural, əlbəttə ki, böyük atlara da minib sürəcək. Fokus - tədricilikdədir!"

Boris Akunun "Qara şəhər"

Biz nə qədər də müasir adam qismində görünmək istəsək də, heç də əsasımızı təşkil edən mənəvi dəyərlərimizi, mentalitetimizi və adət - ənənələrimizi dağıtmaq fikrində deyilik. Bəs bizimlə necə bacarmaq olar?

"Overton pəncərəsi"nin prinsiplərinə əsasən bunu çox asan həll etmək olar: Şüurumuzun qəbul edə bilməyəcəyi yeni məfhum birdən deyil, tədricən, addım - adım beynimizə yeridilir və bizim üçün adi hal vəziyyətinə çatdırılır.

Məsələn, ABŞ eynicinsli nikahları leqallaşdıran zaman Kerri çıxış edib dedi ki, bu qanunun o biri ölkələrdə də qəbul edilməsi uğrunda ciddi mübarizə aparacaq (!).

Burada demək istərdim: ay Allah, mənə ölüm ver ki, Azərbaycanda Nikahın Qeydiyyatı İdarələrində növbədə duran heteroseksual (yəni, qız - oğlan) cütlüklərə əyri - əyri baxan homoseksual (yəni, oğlan - oğlan) cütlüklər duran zamanları görməyim.

İlk dəfə 1999-cu ildə Fransa səyahətim zamanı məni ən çox heyrətə salan mehribancasına əl-ələ verib gəzən və elə küçənin ortasında öpüşən oğlanlar oldu. Bu sözləri yazarkən düşünürəm ki, bu məqaləni oxuyan kəs mənim həyatdan geri qaldığımı deyəcək.

Bilirsiniz, qoy mən dar düşüncəli və geri fikirli birisi sayılım, amma heç vaxt insan nəslinin qırılması üçün düşünülüb kütlələrin şüuruna müasirlik kimi yeridilmiş təbiətə zidd ideyaları qəbul etməyəcəyəm.

Bunların axırı bilirsiniz nəylə qurtaracaq? Sonunda qadınları uşaq əmələ gətirmək üçün bağlı laboratoriyalarda yetişdirən bir qism seçmə insanlar qalacaq.

İndi yaşadığımız dövrü dünya tarixinin təqvimində qırmızı rəngə boyayıb cəhənnəmin sakinlərinin bayramı kimi qeyd etmək olar.

Ah, bu bəlaların ocağı qoca Avropa... Əsrlərnən bir baxışı ilə kişilərin ağlını başından çıxaran gözəl qadınlarla birlikdə gözəllik genini də tonqallarda yandırmısan. Sonra isə genetik tullantılarını "vəhşi" kontinentləri ələ keçirməyə yollamısan. Axırda payını aldın... Kişi kişiylə evlənə bilər, heç kim də buna görə onu tonqalda yandırmayacaq. Çünki müasir olmamaqdan çəkinəcək.

Fokus tədricilikdədir... bu gün eyni cinsli nikah, sabah insest...

Bir gün yazacaqlar ki, filankəs anasıyla evlənib. Bir ay hamı öz qəzəbini bildirəcək, sonra söhbət sönəcək. Daha bir azdan xəbər yayılacaq ki, kimsə qızıyla evləndi, birinci dəfə qəzəblənənlərin yarısı bir həftə öz etirazını bildirəcək. Bu söhbət də belə bitəcək.

Bu xəbərlərdən sonra isə elan edəcəklər ki, qız qardaşına ərə gedib. İnanın ki, bir - iki gün danışacaqlar, bununla da bütün söhbətlər sona çatacaq. Kim ağzını açıb bu haqda bir söz desə o dəqiqə ona geri fikirli və konservatist damğası vuracaqlar.

Hələ harasıdır? Əvvəlcə etiraz edənləri cərimə edəcəklər, sonra türmələrə atacaqlar. Daha sonra isə, ola bilər ki, bütün narazı olanları edam da etsinlər - hər halda, işlərin gedişatı bunu göstərir.

Bir baxın, sosial şəbəkələrin əsas xəbər lentində nələr baş verir... Cavan - cavan qızlar yazır ki, oğlan oğlanla evlənmək istəyirsə, bu, onun şəxsi işidir. Nənəm demişkən, səydilər...

Sabah ərə getmək üçün kişi tapmayanda baxarıq ki, nə danışacaqsınız. Belə getsə, heç ərə də getməyəcəklər, çünki ailə də heç kimə lazım olmayacaq...

Ay camaat, oyanın! Sizlərə sizin məhv olmağınız üçün düşünülüb yaradılmış cəmiyyət maketi təbliğ olunur. Hələ də başa düşməmisiniz ki, kimsə bizi bu planetdən sıxışdırıb çıxarmaq istəyir?!

Ay Allah, mənə ölüm ver ki, insanın laboratoriya sınaq şüşələrində yetişdirilməsinin şahidi olmayım! Əlbəttə, insan o vaxtlara qədər hələ mövcud olsa...

Bu qədər!

P.S, Məqalə yazılarkən belə bir xəbər yayıldı:

Hindistanda evtanaziyaya icazə verildi

https://news.milli.az/world/632064.html

Nərgiz Süleymanova
Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    .) · 14 Mart 20:2531

    Gozəl məqalə üçün təşəkkür,yazilanlarin hamisiyla razilasiram,amma sozun duzu bu evtanaziya ya o qədərdə pis baxmiram ,əyər insan özu bunu istəyirsə...

    Cavab yaz
    • Anonim
      Nərgiz Süleymanova · 15 Mart 13:1220

      Hörmətli oxucu, mən də pis baxmıram, amma bu qanunu mənfurlar çirkin əməlləri üçün istifadə edəcəklər və gör nə qədər nahaq ölümlər baş verəcək. Olümü qanunlaşdırmaq insanın səlahiyyətində olmamalıdır, əlbəttə bu kəs cinayətkar olmasa.

      Cavab yaz
  • Anonim
    Arif M. · 15 Mart 13:5130

    Maraqlı meqaledir. Doğrudanda Allah bizi o günden saxlasın..

    Cavab yaz
  • Anonim
    Elza Mollayeva · 25 Mart 19:2200

    Bu gün Qərbin təbliğat maşını insanların şüurunu zəhərləmək və bizim ağlımıza belə gətirə bilmədiyimiz iyrənclikləri tədricən qəbul etməyimiz üçün bütün qüvvəsi ilə çalışır. Bəzən bununla mübarizə yolunu düşünməkdən yorulan insanlar kənardan seyrçi kimi baxırlar və getdikcə bir zamanlar bizim eybəcərlik, cəmiyyətin deformasiyası kimi qəbul etdiyimiz şeylərə adət etmələri insanda dəhşət, qorxu yaradır. Overton pəncərəsi haqqında əvvəllər oxumuşdum. Amma müəllif məqalədə bu pəncərənin məhz bizim xalqın mental dəyərlərinə vuracağı zərbəni özünəməxsus emosionallıqla və ustalıqla vermişdir. Bu problem artıq cəmiyyətimizdə açılan yaraların daha da dərinləşməsinə həssas olmağımızı ifadə edir. Müəllifə aktual məsələni gündəmə gətirdiyi üçün təşəkkür edirəm.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.