Cəmiyyət

Əsaslı islahatların real nəticəsi

14 Mart 2018 14:06
Baxış: 1 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyata keçirilən iqtisadi islahatlar, icra olunan dövlət proqramları regionların davamlı inkişafına stimul yaradıb

Milli.Az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir.

Son 15 ildə bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında tarixi uğurlara imza atan müstəqil Azərbaycan həqiqətən, bu dövrdə böyük və şərəfli yol keçib. 

Qısa zaman kəsiyində ölkə iqtisadiyyatına yatırılan 231 milyard dollar vəsait onu deməyə əsas verir ki, regionun qüdrətli dövlətinə çevrilən Azərbaycanda həm yerli, həm xarici investorlar üçün əlverişli biznes və investisiya mühiti yaradılıb. Bütün bunları şərtləndirən isə ölkədəki sabitlik, təhlükəsizlik mühitidir.

İqtisadi inkişaf paytaxt Bakıdan regionlara keçib

İstənilən böyük dövlətlərdə inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri məhz strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq nümayiş etdirməsi bir daha göstərdi ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir.
Artıq uzun müddətdir ki, Azərbaycanın iqtisadi inkişaf mərkəzi, paytaxt Bakıdan regionlara keçib. Genişmiqyaslı dövlət proqramlarının həyata keçirilməsi regionlarda istehsal və sosial infrastruktur obyektlərinin yaranması, yeni iş yerlərinin açılması sənaye məhsullarının istehsalının reallaşması ilə nəticələnib. 
Vurğulamaq yerinə düşər ki, regional inkişaf proqramları bölgələrdən, yerlərdən gələn təkliflər əsasında və ölkənin strateji istiqaməti nəzərə alınaraq tərtib edilirdi. 
Proqramların məqsədi məhz ondan ibarət idi ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Əminliklə söyləyə bilərik ki, qarşıya qoyulan konkret hədəflərə çatmaq üçün görülən işlər faydasını verir. Regionların sosial-iqtisadi inkişafına dair həm birinci, həm də ikinci dövlət proqramlarının uğurla icrası bunu deməyə əsas verir.
Bir fakta da nəzər yetirək. 14 il öncə - 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramının icrasına başlanılarkən Azərbaycanın valyuta ehtiyatları cəmi 1,8 milyard dollar idi. Lakin bu kiçik məbləğlə böyük işlər görüldü və bu gün ölkənin valyuta ehtiyatları 44 milyard dollara bərabərdir. Bu qısa müddət ərzində valyuta ehtiyatlarının 24 dəfə artımı Azərbaycan üçün böyük nailiyyətdir.

Dövlət proqramları bölgələrin simasını büsbütün dəyişdirib

Son 15 il ərzində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində əldə edilmiş uğurlara nəzər yetirdikdə görərik ki, həqiqətən, Azərbaycan tarixi uğurlara imza atıb. Ölkə daxilində 12 min 300 kilometr yol çəkilib, 443 körpü-tunel, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi, 43 olimpiya idman kompleksi, 30 elektrik stansiyası, 4 su anbarı, 7 beynəlxalq aeroport tikilib. 265 min məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin edilib, ölkədə qazlaşdırma 93 faizə çatıb, bütün şəhərlər qazla 100 faiz təmin edilib, fasiləsiz içməli su ilə təminat 26 faizdən 67 faizə çatıb və 1,9 milyon iş yeri açılıb ki, onlardan 1,4 milyonu daimidir.
Bütün bunlar real göstəricilərdir. Bir zamanlar təbii qaz üzünə həsrət qalan, xaricdən elektrik enerjisi idxal edən Azərbaycan bu gün dünyada neft-qaz ixracatçısı kimi tanınır. 15 il ərzində görülən işlər, həmçinin regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası bölgələrimizin simasını büsbütün dəyişdirib. Onu da vurğulamaq yerinə düşər ki, 15 il ərzindəki iqtisadi göstəricilər də ümumi inkişafın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyatın bu müddət ərzində 3,2 dəfə artması dünya miqyasında rekord göstəricidir.

2018-ci ilin ilk "ASAN Həyat" kompleksi

Regional inkişaf proqramlarının icrasının nəticələri göz önündədir. Dövlətin elmə əsaslanan yeni iqtisadi konsepsiyası respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin edib, qarşıda duran vəzifələrin həllinə real imkanlar açıb və cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırıb.
Bu il "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilidir. Bu il də investisiya proqramına əsasən kifayət qədər sosial layihələr icra ediləcək. Geridə qoyduğumuz son 2 ayda bölgələrdə bir sıra mühüm layihələrin icrasına başlanılıb və eləcə də bəzi sosial-infrastruktur layihələri istifadəyə verilib. 
Fevralın 27-də Mingəçevir şəhərində ilin ilk "ASAN Həyat" kompleksi istifadəyə verilib. Bundan başqa, Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil" MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin, şəhərin elektrik paylayıcı şəbəkəsinin avtomatik idarəetmə və nəzarət mərkəzinin açılış mərasimi olub. Həmçinin şəhərin yenidən qurulan içməli su təchizatı sistemi istismara verilib. 
Pambıq mahlıcından ildə 10 min tonu "Ring", 10 min tonu isə "Open End" üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulan yeni fabriklərdə 700-750 insan işlə təmin edilib və orada çalışanların böyük əksəriyyəti qadınlardır. Əlbəttə ki, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün bu fabriklərin çox böyük rolu olacaq. Bu, hələ başlanğıcdır. Bu iki fabrikin işə düşməsi yeni fabriklərin yaranmasına təkan verəcək və Azərbaycanın ən güclü sənaye mərkəzlərindən birinə çevrilən Mingəçevirdə gələcəkdə minlərlə yeni iş yeri açılacaq.

Son 15 ildə heç bir sosial layihə təxirə salınmayıb

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişib, kənd yolları asfatlaşdırılıb, rayonların ucqar kəndləri belə, qazlaşdırılıb, yaşayış məntəqələri içməli su ilə təmin olunub, rabitə sistemi yüksək səviyyədə qurulub və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. 
Regionlarda yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan istifadə edilməsi davamlı sosial-iqtisadi inkişafın möhkəm təməlini yaradıb. Çünki 15 il ərzində gerçəkləşdirilən heç bir sosial layihə təxirə salınmayıb, Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən, öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanan ölkəyə çevrilib.

Qarşıya qoyulan tələblər, reallaşacaq layihələr

Bu il ölkədə daha böyük layihələrin reallaşması gözlənilir. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda qeyd edilib ki, bu il ölkəmizdə 137 modul tipli məktəb tikiləcək, 20 min məcburi köçkün yeni evlərlə təmin ediləcək, 2 "ASAN xidmət" mərkəzi açılacaq, 5 rayonda 100 milyon manatdan çox olan sərmayə layihələri icra ediləcək, 2 şəhərdə olimpiya idman mərkəzləri istifadəyə veriləcək, kəndlərdə 100-dən çox məktəb qazlaşdırılacaq.
Qarşıya qoyulan tələblərə gəldikdə isə ölkədə qazlaşdırma 95 faizə çatdırılmalı, 20 şəhərdə içməli su və kanalizasiya layihələri icra edilməli, ən azı 300 subartezian quyusu qazılmalı, 100 min hektar suvarılmayan torpaqlara su verilməli, 2300 kilometr avtomobil yolları çəkilməli, minimum 600 kəndin yolu düzəlməli, 6 şəhərdə yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatmalı, 2 rayonda mərkəzi xəstəxanaların tikintisi aparılmalıdır.
Bundan başqa, bu il Qəbələ şəhərinə dəmir yolunun çəkilməsi, 10 yeni xalça fabrikinin açılışı, MİDA-nın Yasamal layihəsində evlərin bir hissəsinin təqdim edilməsi, Ələt Dəniz Ticarət Limanının tikintisinin başa çatdırılması nəzərdə tutulur. Həmçinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "SOCAR Polymer" və gübrə zavodlarının, Masallı, Hacıqabul, Sabirabad sənaye məhəllələrinin açılışı gözlənilir.

Hər bir bölgənin tarazlı inkişafı təmin edilir

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı mərhələli proqramların qəbul və icra olunması hər bir bölgənin tarazlı inkişafını təmin edib. Əlbəttə ki, görülən bütün işlər və əldə edilmiş nəticələr deməyə əsas verir ki, Azərbaycan bu gün uğurla, sürətlə inkişaf edən ölkədir.
Son 15 ildə respublikamızın bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirib.
İnvestisiyaların coğrafi mərkəzinə çevrilən müstəqil Azərbaycan iştirakçısı olduğu, reallaşdırdığı transmilli layihələrlə iqtisadi qüdrətini getdikcə artırır və regionların sosial-iqtisadi inkişafı ilə bağlı bütün proqramlar daxili imkanlar hesabına uğurla icra edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.