Cəmiyyət

Kəndlərimiz qəsəbəyə, qəsəbələrimiz şəhərə çevrilir

14 Mart 2018 13:44
Baxış: 1 397

Milli.Az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir. 

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı hər bir vətəndaşın həyatında özünü göstərməklə bərabər onların maddi rifah halının gündən-günə yaxşılaşmasına təkan verir. Bu uğurlar Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti üzündən doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların maddi durumuna və sosial vəziyyətinə də müsbət təsir göstərib. Müstəqil Dövlətlər Birliyi (MDB), eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə yüksək yerdə duran dövlət olmasına baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların da həyat səviyyəsinin yaxşılaşdırılmasında yüksək nəticələr əldə edən ölkədir.

Həqiqətən ölkəmizdə sosial müdafiəyə ən çox ehtiyacı olanlar qaçqın və məcburi köçkünlər olduğundan dövlət ilk növbədə onların sosial ehtiyaclarını ödəmək üçün bütün imkanlardan istifadə edir. Onu da qeyd edək ki, dövlət başçısının 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və ona əlavə edilən qərarlar bu problemlərin həllində xüsusi rol oynayıb. Təkcə 2003-2017-ci illərdə dövlət başçısı tərəfindən bu məqsədlə 55 fərman və sərəncam imzalanıb. 
Məcburi köçkünlərin mənzil problemlərinin həlli ilə bağlı indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 97 qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri tikilib. Bu hesaba 50 mindən çox ailənin və ya 250 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Bundan əlavə, qəzalı binalarda, yataqxanalarda yaşayan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün də işlər görülüb. Bütün bunlar üçün 2,3 milyard manat vəsaitdən istifadə olunub. Üstəlik, soydaşlarımızın sosial problemlərinin həlli üçün 6,6 milyard manat vəsait xərclənib. 
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məcburi köçkünlərin sosial problemlərinin dövlətin nəzarətində olduğu və bundan sonra da onlara qayğı göstəriləcəyi barədə deyilmişdir: "Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu baxımdan 2017-ci il əlamətdar il olmuşdur, 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Köçkünlər o qəsəbələrə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir... Bu il yeni köçkün şəhərcikləri, qəsəbələri salınacaq. Bu il yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki dəfə artacaq. Əgər 2017-ci ildə 12 min insanı biz yeni mənzillərə, evlərə köçürmüşüksə, bu il ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürülməlidir. Bu rəqəm çox da ola bilər".
Son 14 ildə məcburi köçkünlərin məşğulluq problemlərinin həlli də diqqət mərkəzində olub. Bu, ilk növbədə ölkənin iqtisadi inkişafı hesabına reallaşıb. Həmin məqsədlə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min nəfərə 14,8 milyon manat mikrokredit verilib. Həmçinin Sahibkarlığa Kömək Milli Fondundan 2 min məcburi köçkün 40 milyon manat güzəştli kredit alıb. Məcburi köçkünlər əsasən regionlarda məskunlaşdıqları üçün mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatını əhatə edən layihələrə yönəlib. Bununla bir çox məcburi köçkün özünün şəxsi təsərrüfatını yaradıb. Hazırda dövlətin göstərdiyi dəstəkdən istifadə edib kiçik, orta, hətta iri sahibkarlara çevrilən məcburi köçkünlərimizin sayı az deyil. Bundan əlavə, 200 min məcburi köçkün büdcə təşkilatlarında işlə təmin edilib. Bütün bunların nəticəsində isə köçkünlər arasında yoxsulluğun həddi son 14 ildə 75 faizdən 12 faizədək azalıb.
Həyata keçirilən iqtisadi siyasət və bunun nəticəsində əldə edilən yüksək nailiyyətlər digər sosial məsələlərin həllinə də imkan yaradır. Bu baxımdan cari ildə regionlarda içməli su və kanalizasiya sistemi layihələri ilə bağlı işlər davam etdiriləcək. O cümlədən 3 şəhərin içməli su və kanalizasiya problemi həll olunacaq, Mingəçevir, Qəbələ və Ağdaş şəhərlərində icra ediləcək layihələrin tamamlanması başa çatdırılacaq, 20 şəhərdə içməli su və kanalizasiya layihələri reallaşdırılacaq, bölgələrdə 300 subartezian quyusu qazılacaq. Aparılan meliorasiya işləri sayəsində isə cari ildə əlavə 100 min hektar torpağın suvarılması mümkün olacaq. 
İnsanların yaşam rahatlığının təmin edilməsi həyata keçirilən sosial infrastrukturdan da asılıdır və bu istiqamətdə də ölkədə ardıcıl olaraq tədbirlər həyata keçirilir. Məsələn, təkcə ötən il 1300 kilometr avtomobil yolu salınıb. Həmin yollar 500-dən çox kəndi əhatə edir. Bunlardan əlavə, il ərzində yeni yarımstansiyalar tikilib, elektrik xətləri çəkilib və nəticədə enerji verilişinin keyfiyyəti artıb. Ölkə üzrə qazlaşma isə 93 faizə çatıb. Təhsil sahəsinə gəldikdə, 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə cari təmir işləri aparılıb. Eyni zamanda, 30 tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. Cari ildə də sosial infrastruktur layihələrinin icrası davam edir və bunun üçün lazımi vəsait ayrılır. 
Cari il həmçinin "Şimal-2" elektrik stansiyasının açılışı gözlənilir. Stansiyanın generasiya gücü 400 meqavat olacaq. Bu həcmdə gücün istismara verilməsi ölkəmizə əlavə ixrac potensialı da yaradacaq. Eyni zamanda cari ildə bölgələrdə yeni yarımstansiyaların tikilməsi, elektrik xətlərinin çəkilməsi, transformatorların dəyişdirilməsi istiqamətində böyük investisiya layihələri icra ediləcək.
Göründüyü kimi, ölkənin, o cümlədən regionların sosial-iqtisadi inkişafı ilə bağlı 14 il əvvəl başlamış tədbirlər qəbul olunan III Dövlət Proqramının icrası çərçivəsində davam edəcək. Amma bu o demək deyil ki, bu proqramın sona çatması ilə dövlətin nəzəri, diqqəti bölgələrimizin üzərindən çəkiləcək. Nə qədər ki Azərbaycan inkişaf etməkdə, dünya miqyasında önə çıxmaqda qərarlıdır, regionlarımız da özünün bütün potensialı ilə bu işin önündə olacaq.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.