Cəmiyyət

"Böyük əfv" haqqında 7 suala cavab

13 Mart 2018 22:25
0 Şərh     Baxış: 1 069

Yaxın vaxtlarda Azərbaycanda "böyük əfv" gözlənir, rəsmilər deyirlər. Prezident yanında Əfv Komissiyasının üzvləri BBC Azərbaycancaya bildiriblər ki, onlara çoxlu müraciətlər var və hələ də ərizələrin gəlməsi davam edir.

Əfv kimlərə tətbiq edilə bilər?

Prezident yanında Əfv Komissiyası bu ərizələrə müsbət rəy verdiyi halda həmin şəxsin əfvini tövsiyə edir.

Amma tövsiyə olunma o demək deyil ki, həmin məhbus dərhal azad olunacaq. Son qərarı vermək ölkə prezidentinin səlahiyyətindədir, komissiya üzvü Əliməmməd Nuriyev BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, bir məhbusun əfv olunması prosesində bütün maraqlı tərəflərin - məhbusun, zərərçəkənin, cəmiyyəti təmsil edən orqanların, ittihamı müdafiə etmiş qurumların rəyi toplanır və Əfv Komissiyası da bu toplanmış məlumatı müsbət və ya mənfi olaraq qiymətləndirir.

Əfv, Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Prezident nəyi əfv edə bilər?

Azərbaycan prezidenti məhkumu cəzasının qalan hissəsini çəkməkdən azad edə, ona təyin olunmuş cəzanın müddəti azalda və ya məhkumun cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər.

O cümlədən, ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzasını 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğunun götürülməsinə fərman verə bilər.

Əfvə kim müraciət edə bilər?

Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqlarına dair müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da əfvlə bağlı öz vəsatətini qaldıra bilər.

həbsxanaAzadlıqdan məhrum edilmiş məhkumlar əfvə müracət edə bilərlər, amma bunun üçün şərtlər var

Məhkum cəzasının hansı mərhələsində əfv istəyə bilər?

Böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum edilmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra əfvə müraciət edə bilər.

Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhbus cəza müddətinin ən azı üçdə bir hissəsini, ağır və xüsusilə ağır cinayət törətməyə görə tutulanlar isə cəzasının ən azı yarısını çəkəndən sonra əfv istəyə bilərlər.

Ömürlük azadlıqdan məhrum edilən məhkum əfv istəyirsə, cəzasının on il müddətini çəkməlidir.

Məhkumluğun götürülməsini istəyən məhbusa isə qanun cəzasını çəkdikdən sonra əfvə üz tutmaq imkanı verir

Əfvetmə barədə müraciətdə hansı məlumatlar göstərilməlidir?

Məhkum olunmuş şəxsin şəxsi məlumatları ərizdə yazılmalıdır. Onun barəsində hökm çıxarmış məhkəmənin adı, hökmün çıxarıldığı tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu və digər məhkəmə instansiyalarının nəticəsi, aldığı cəza növü, həddi, cəzanın çəkilməmiş müddəti və cəza çəkdiyi yer ərizədə göstərilir.

O cümlədən, məhkumun səhhəti və ailə vəziyyəti, habelə iş üçün əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar da müraciətdə öz əksini tapmalıdır.

Ərizədə məhkumun törətdiyi əməldən peşimanlıq çəkməsini, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər halları göstərməsi arzu olunur.

Ərizə hara göndərilir?

Əfv haqqında ərizə Bakı şəhərində yerləşən Prezident Administrasiyasına göndərilir.

Ərizələr burda qeydiyyatdan keçir və əgər ərizə üçün tələblərə riayət olunmayıbsa, 10 gün müddətində ərizəçinin müraciətini baxılmamış saxlayır və həmin şəxsə bu barədə yazılı məlumatlar verir. Şəxs yenidən müraciət edə bilər.

Əgər göndərilən müraciət Əfv Məsələləri Komissiyasının səlahiyyətlərinə aid olmasa, ərizə müvafiq dövlət orqanlarına aidiyyəti üzrə baxılmaq üçün göndərilir.

Ərizədə bütün tələblər qorunubsa, baxılması üçün hazırlanır. Bunun üçün Əfv məsələləri sektoru aidiyyətli qurumlara zəruri məlumatların toplanması üçün sorğular göndərir.

Kimlərin əfv olunması yalnız müstəsna halda mümkün ola bilər?

  • Məhkum olunmuş şəxsin əməllərində cinayətlərin xüsusi təhlükəli residivi olduqda;
  • Əvvəllər barəsində amnistiya, əfvetmə tətbiq edildikdə şərti məhkum olunmuş şəxs sınaq müddəti ərzində, cəzaçəkmənin təxirə salındığı müddətdə, yaxud cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə;
  • Məhkum olunmuş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə;
  • Xəstəliyə görə cəzanı çəkməkdən azad edildikdə yenidən qəsdən cinayət törətdiyinə görə məhkum olunduqda;

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.