Cəmiyyət

Regionlar irəli çıxır

13 Mart 2018 12:15
Baxış: 1 771

Milli.Az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları bölgələrin inkişafında yeni səhifə açmış, ölkədə qeyri-neft sektorunun inkişafına təkan vermişdir. Proqramların icrası nəticəsində bölgələrin sosial-iqtisadi siması dəyişmiş, böyük infrastruktur layihələri həyata keçirilmiş, sənaye, emal, turizm və kənd təsərrüfatı müəssisələri fəaliyyətə başlamış, yeni iş yerləri açılmış, insanların kənddən şəhərə iş dalınca axınına son qoyulmuşdur.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən qərarlar konkret sahələr üzrə icra edilir ki, bu da onun effektliyini artırır. Məsələn, hər bir iqtisadi zonada, hər bir rayonda, hətta hər bir kənddə hansı iş görüləcəksə, əvvəlcədən müəyyənləşdirilir və onun icrasına nəzarət olunur. Bu zaman bölgənin yerli xüsusiyyətləri və təbii ehtiyatları nəzərə alınır. Məsələn, turizmin inkişafında təbiətin gözəlliyi və orada olan müalicəvi əhəmiyyətli mineral ehtiyatlardan istifadə edilməsi önə çəkilir. Ötən illərin təcrübəsi göstərdi ki, turizmin inkişafında bu amillərə əhəmiyyət verilməsi doğrudur. 
Amma bütün hallarda hər bir iqtisadi inkişafın başlıca təminatı kapital qoyuluşudur. Bu səbəbdən bölgələrə kapital qoyuluşu həmişə diqqət mərkəzindədir. Belə ki, dövlətin investisiya xərclərində regionların sosial-iqtisadi inkişafına qoyulan vəsait ildən-ilə artmaqdadır. Bu həm infrastruktur, həm sosial, həm də iqtisadi layihələrin həyata keçirilməsində özünü aydın göstərir. Təkcə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının icrası ilə bağlı bölgələrə milyard manatlarla dövlət vəsaiti xərclənir. Bununla yanaşı, regionların maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə qurumlarından da vəsait cəlb edilir.
Regionlarda sahibkarlığı inkişaf etdirmək üçün güzəştli kreditlərin verilməsinin dinamikasında da artım müşahidə olunur. Çünki ayrılan belə kreditlərin çox hissəsi bölgələrdə çalışan sahibkarlara verilir. Bundan əlavə, aqrar sektorda çalışan sahibkarlar yanacaq, mühərrik yağları, toxum və gübrəyə görə subsidiyalarla təmin edilir, onlara vergi güzəştləri tətbiq olunur. Nəticədə kənd təsərrüfatında məhsul istehsalı ilbəil artır, bazarlarda yenidən yerli məhsullar üstünlük təşkil edir.
Bu proqramların icrası regionlarda köhnə, sıradan çıxmış yol infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılmasına imkan vermişdir. Həmin işlər çərçivəsində regionlarda min kilometrlərlə magistrallar çəkilmiş və ya əsaslı təmir edilmiş, respublika və yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, yeni körpülər tikilmişdir.
Məlum olduğu kimi, cari il yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilin yekunlarına həsr olunan konfrans keçirilmişdir. Həmin tədbirdə görülən işlərlə yanaşı, son 14 ildə icra olunan layihələr geniş müzakirə olunmuş və qarşıda duran məsələlər müəyyənləşdirilmişdir. Qeyd olunmuşdur ki, son14 il ərzində ölkədə 30 elektrik stansiyası tikilib və bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Bu gün Azərbaycan enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilib. Bu məqsədlə həm ölkə ərazisində, həm də qonşu İran, Rusiya və Gürcüstanla elektrik xətləri birləşdirilib. Eyni zamanda, indi Azərbaycanın Gürcüstan vasitəsilə Türkiyəyə də elektrik enerjisini ixrac etməyə imkanı var. Baxmayaraq ki, son dövrlər ölkədə işləyən müəssisələrin və əhalinin sayı artıb və bu səbəbdən daha çox elektrik enerjisindən istifadə edilir, yaradılan potensial həmin tələbatı ödəməklə ixrac etmək imkanı da qazanılıb.
Başqa bir fakt: 2004-cü ildə Azərbaycanda qazlaşmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə demək olar ki, qaz yox idi. Regionların sosial-iqtisadi inkişafı dövründə həyata keçirilən tədbirlər nəticəsində hazırda ölkə üzrə qazlaşmanın səviyyəsi 93 faizə çatıb. Şəhərlərdə isə qazla təminat 100 faizdir.
İstər ölkənin iri şəhərlərində, istərsə də bölgələrdə su qıtlığı insanları rahatsız edən əsas məsələlərdən idi. Dövlət proqramları qəbul edilənə kimi, yəni, 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz təşkil edirdi. Hazırda bu rəqəm paytaxtda 81, bölgələrdə 43 faizdir. Bu istiqamətdə işlər davam edir. Bölgələrdə yeni sutəmizləyici qurğular quraşdırılır, artezian quyuları qazılır.
Regionlarda iqtisadi əhəmiyyətli layihələrlə bərabər, sosial layihələrin icrasına da diqqət yetirilir. Belə ki, dövlət proqramlarının qəbulundan sonra bölgələrdə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və ya təmir edilib, 43 olimpiya idman kompleksi inşa olunub. Cari ildə isə regionlarda 137 modul tipli məktəbin tikilməsi, kəndlərdəki 100-dən çox məktəbin qazlaşdırılması, bir o qədər məktəbdə də təmir işlərinin aparılması nəzərdə tutulur.
Bölgələrdə sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına verilən dövlət dəstəyi də zəifləmir. Belə ki, indiyədək sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kredit verilib. Sahibkarlar dövlətin bu dəstəyindən səmərəli istifadə edərək müəssisələr açır, yeni iş yerləri yaradırlar. 14 il ərzində 1,9 milyon iş yeri yaradılıb ki, onlardan da 1,4 milyonu daimidir. Ötən il isə ölkə üzrə 177 min daimi iş yeri açılıb. Bu iş yerlərinin əksəriyyəti regionlarda fəaliyyət göstərən yeni müəssisələrdədir. Qeyd edək ki, regionlarda həmçinin mövsümlə əlaqədar minlərlə insan işləmək imkanı qazanır. Bu, xüsusilə turizmin geniş yayıldığı bölgələrdə özünü göstərir. Eyni zamanda, pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın, çəltikçiliyin, çayçılığın, fındıqçılığın və digər ənənəvi sahələrin dirçəldilməsi də regionlarda əlavə iş yerlərinin açılmasına imkan verir.
Regionların sosial-iqtisadi inkişafının nəticələrini təhlil etdikdə görürük ki, bu proqramlar ölkənin ümumi tərəqqisində önəmli rol oynayıb. Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, sənayenin inkişafı nəticəsində Azərbaycanın ümumi iqtisadi göstəriciləri bir neçə dəfə yüksəlib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.