Cəmiyyət

Uşaqlarda göbək və ağ xətt yırtığı

14 Mart 2018 23:20
2 Şərh     Baxış: 18 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göbək yırtığı nədir?

Göbək yırtığı (göbək qrıjası)  qarındaxili orqanlardan xüsusilə də bağırsağların göbək həlqəsindən qabarması və ya şişməsi şəklində özünü biruzə verir. Uşaq ağladıqda, qışqırdıqda qarındaxili təzyiqin artması ilə əlaqədar olaraq bu qabarma daha qabarıq şəkildə özünü biruzə verir.

Ağ xətt nədir?
Ağ xətt (linea alba) qarnın ön divarında enli əzələ apanevrozlarının (vətər hissə) xəncərəbənzər çıxıntıdan qasıq birləşməsinədək orta xətdə bir-biri ilə çarpazlaşmasından əmələ gələn strukturdur.

Ağ xətt yırtığı nədir?
Milli.Az hekimtap.az-a istinadən bildirir ki, ağ xətt yırtığına epiqastral yırtıq da deyilir. Bu yırtıqlar göbəküstü nahiyyədə ağ xətdə qeyd edilən kiçik defektlərdən çıxır. Adətən bir,  bəzən bir neçə yırtığa təsadüf edilə bilər. Çox vaxt özünü aşırı aktivlik zamanı 2-3 yaşdan sonra biruzə verir.Ağ xətt yırtıqları zamanı yırtıq möhtəviyyatını çox zaman peritonönü (qarınönü) piy toxuması təşkil edir və bu özünü dəridən qabaran 0.5-1.5 sm ölçüdə şişkinlik halında biruzə verir. Göbək yırtığından fərqli olaraq bu yırtıqlar öz-özünə keçmir və müalicəsi yalnız cərrahi usulladır. Əməliyyat uşaqda ağ xətt yırtığı aşkarlanan kimi icra olunur.

Bəzən ağ xətdə boşluq qeyd edilir buna ağ xətt diastazı deyilir. Ağ xətt diastazı zamanı göbəküstü nahiyyədə, ağ xətt zəifliyi ilə əlaqədar olaraq, uşaq gücəndikdə və ya uzanılı vəziyyətdən oturaq vəziyyətə keçdikdə döş sümüyündən göbəyə kimi ağ xətt qabarmağa başlayır. Bu ağ xəttin zəifliyi ilə əlaqədar olub, kliniki olaraq heç bir narahatçılıq vermir. Adətən uşaq böyüdükcə (10 yaşa kimi) əksər hallarda bu problem aradan qalxır. Kosmetik cəhətdən narahatçılığa səbəb olarsa  və  ya keçməzsə yuxarı yaşlı uşaqlarda əməliyyat oluna bilər.

Göbək yırtığının əmələ gəlmə səbəbi
Göbək yırtığı göbək ciyəsi quruyub düşdükdən sonra göbək həlqəsinin bağlanmasının pozulması nəticəsində əmələ gəlir.Qasıq və ağ xətt yırtıqlarından fərqli olaraq göbək həlqəsinin bağlanma prosesi həftə, ay və illərlə davam edə bilər.

Rast gəlmə tezliyi
Göbək yırtığı uşaqlar arasında geniş yayılmış patologiyadır. Vaxtından əvvəl doğulmuş və aşağı doğuş çəkisi olan uşaqlarda vaxtında doğulmuş uşaqlara nisbətən rast gəlmə tezliyi yuxarıdır. Beləki, vaxtında doğulmuş uşaqlarda göbək yırtığı 20%, doğuş çəkisi 1-1.5 kq olan vaxtından əvvəl doğulmuş uşaqlarda isə 75-80% hallarda rast gəlinə bilər. Qaradərili uşaqlarda ağdərili uşaqlara nisbətən daha çox rast gəlinir. Qız uşaqları ilə oğlan uşaqlarında rast gəlmə tezliyi bərabərdir.

Uşaqlarda göbək yırtığının kliniki əlamətləri
Göbək yırtığı uşaqlarda göbək ciyəsi düşdükdən sonra ilk həftələr ərzində, ən geci isə 6 aya kimi özünü biruzə verir. Uşaqlarda göbək yırtığı ağladıqda, qışqırdıqda qarındaxili təzyiqin artması ilə əlaqədar olaraq qarındaxili orqanlardan xüsusilə bağırsağların göbək həlqəsindən  qabararaq yumşaq şişkinlik, törəmə şəklində özünü biruzə verir. Əllə üzərinə basdıqda adətən rahatlıqla qarın boşluğuna keçir, əlimizi çəkdikdə yenidən göbək həlqəsindən qabarmağa başlayır. Göbək yırtığı müxtəlif ölçüdə ola bilər. Belə ki, yırtıq zamanı göbək həlqəsinin diametri bir neçə millimetrdən 5 sm-ə kimi qeyd edilə bilər. Əksər hallarda göbək həlqəsində olan defekt 2 yaşına kimi öz-özünə bağlanır. Göbək yırtığının öz-özünə bağlanıb bağlanmayacağını göbək həlqəsinin diametrinə və göbəkdə olan defektin xarakterinə əsasən əvvəlcədən söyləmək olar. Diametri 1.5-2.0 sm-dən daha böyük olan defektlərin öz-özünə bağlanma ehtimalı aşağıdır. Eləcədə defekti əhatə edən toxuma nə qədər qalın və "kütdürsə" yırtığın bağlanma ehtimalı yüksək, incə və "itidirsə"  yırtığın bağlanma ehtimalı aşağıdır. Uşaq ağladıqda və ya gücəndikdə yırtıq möhtəviyyatıı daxilinə çox vaxt nazik bağırsağ ilgəkləri və ya böyük piylik daxil olur. Qasıq yırtığından fərqli olaraq göbək yırtığının boğulma yanı yırtıq möhtəviyyatı daxilində nazik bağırsağ və böyük piyliyin sıxılaraq qalma riski çox az olub, 0. 5%-dən də aşağıdır. Xüsusilə defektin diametri 1.5 sm-dən aşağı olan yırtıqlarda boğulma ehtimalı daha yüksəkdir. Göbək yırtığı zamanı ağrı adətən qeyd edilmir. Ağrı və narahatçılıq göbək yırtığının boğulması zamanı qeyd edilir.

Göbək yırtığının diaqnozu
Göbək yırtığı zamanı diaqnoz qoymaq çətinlik törətmir. Adətən valideynlər pediatra və ya uşaq cərrahına müraciət edərkən uşaqlarında göbək yırtığının olmasın qeyd edirlər. Uşağın sakit halında və ya daha çox ağladıqda, qışqırdıqda, gücəndikdə göbək nahiyyəsindən şişkinlik şəklində qarındaxili orqanların (xüsusilə nazik bağırsağların) dərialtına çıxması uşaqda göbək yırtığının olmasına dəlalət edir. Bu şişkinliyin üzərinə əllə yüngül təzyiq etdikdə rahatlıqla geri, qarın boşluğuna qayıdır. Cərrah müayinə edərkən barmaqla yırtıq möhtəviyyatını qarın boşluğuna salaraq göbək həlqəsində olan defektin diametrini təyin edərək yırtığın müalicəsində cərrahi və ya qeyri-cərrahi (gözləmək) üsulun seçilməsində qərarlaşır. Eləcədə uşağın yaşı müalicə növünün seçilməsində əsas rol oynayır.

Uşaqlarda göbək yırtığının fəsadı
Göbək yırtığının fəsadı onun boğulmasıdır. Uşaqlarda göbək yırtığının boğulmasına nadir hallarda rast gəlinir. Bu zaman nazik bağırsağ ilgəyi və ya böyük piylik yırtıq kisəsi daxilində qalaraq sıxılır, bu da həmin orqanlarda qan dövranı pozğunluğuna gətirib çıxardır. Göbək həlqəsindəki defektin diametri 1.5 sm-dən aşağı olan yırtıqlarda boğulma ehtimalı daha yüksəkdir. Bu zaman uşaqda ağrı, qusma, ümumi narahatçılıq qeyd edilə bilər.Göbək üzərində olan şişkinlik gərgin olub qarın boşluğuna qayıtmır. Belə halla rastlaşdıqda təcili olaraq uşaq cərrahına müraciət etmək tövsiyyə olunur.

Uşaqlarda göbək yırtığının müalicəsi
Uşaqlarda göbək yırtığının müalicəsi cərrahi və qeyri-cərrahi olaraq iki yerə bölünür. Qeyri-cərrahi müalicə növü sadəcə gözləməkdən ibarətdir. Beləki,  yırtığın tez bağlanması üçün istifadə olunan  göbək bandajlarının və ya göbək üzərinə qəpik qoyulmasının hec bir xeyri təsdiqlənməyib və bu cür vasitələrin istifadəsi məsləhət görülmür. Qəpik həm göbək həlqəsinin bağlanmasına mane olur, həmdə yırtıq üzərindəki dərinin zədələnməsinə səbəb ola bilər. Əgər göbək yırtığı bağlanacaqsa bağlanacaq, göbək bandajlarının istifadəsi zamanı bu prosesin sürətlənməsi öz təsdiqini tapmayıb.

Uşaqlarda göbək yırtığının cərrahi müalicəsi
Göbək yırtığının cərrahi müalicəsi göbək yırtığının ləğvindən ibarətdir. Kiçik ölçülü (1-1.5 sm) aypara və ya köndələn göbəkaltı (bəzən göbəküstü ) kəsiklə yırtıq kisəsi əldə olunaraq ləğv edilir və göbək həlqəsindəki defekt plastika olunur. Əməliyyat ümumi anasteziya altında aparılır, əməliyyatdan 5 saat sonra xəstə evə yazılır.

Uşaqlarda göbək yırtığı zamanı əməliyyat nə vaxt icra olunmalıdır?
Uşaqlarda göbək yırtığı zamanı əməliyyat göbək həlqəsində olan defektin diametrindən asılıdır. Beləki,  göbək həlqəsindəki defektin diametri 1.0 sm-dən balaca olan göbək yırtığının 2 yaşına kimi bağlanma ehtimalı böyükdür. Diametri 1.0-1.5 sm. olan göbək yırtığı  4 yaşına kimi  nəzarət olunur, yırtıq bu yaşa kimi bağlanmazsa bu yaşdan sonra əməliyyat olunur. Diametri 1.5-2.0 sm və daha böyük ölçülü yırtıqların isə öz-özlüyündə bağlanma ehtimalı çox aşağıdır. Bu yırtıqlar zamanı əgər mütəmadi nəzarət vaxtı yırtığın ölçüsündə heç bir azalma qeyd edilmirsə bu yırtıqlar 2 yaşdan sonra əməliyyat edilə bilər.

Valideynlər nəyə diqqət yetirməlidirlər
Göbək yırtığı əksər hallarda valideynlərin təlaşlanmasına səbəb olur, lakin uşaq cərrahı ilə bu barədə ətraflı söhbət  valideynin narahatçılığını və qorxusunu azaldır. Əksər hallarda göbəkdə şişkinliyin qeyd edilməsi valideyni narahat edir və müxtəlif vasitələrlə (göbək bandajı, qəpik) göbək yırtığının bağlanılmasına çalışırlar. Xüsusilə də göbəyə qəpik qoyularaq bağlanılması yol verilməzdir. Bu vasitələrin göbək yırtıqlarının bağlanılmasına hər hansı bir təsiri təsdiq olunmamışdır. Nəzərə almaq lazımdır ki, kiçik ölçülü göbək yırtıqları əksər hallarda cərrahi müdaxilə olmadan bağlanır. 4-5 yaşlı uşaqda hələdə göbək yırtığı qeyd edilərsə əməliyyat vasitəsilə yırtığın ləğv edilməsi məsləhətdir. Böyük ölçülü yırtıqlarda isə 2 yaşdan sonra əməliyyat qərarının verilməsi məsləhətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.