Cəmiyyət

Yol polisindən ŞİKAYƏT: "Qanunsuz cərimə yazdılar, indi 500 manat istəyirlər"

11 Mart 2018 18:05
2 Şərh     Baxış: 2 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucar rayonu Gəraybəyli kənd sakini Məmmədov Sabir Qorxmaz oğlu, Səbail Rayol Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarından şikayətçidir. O bildirir ki, yol polisləri vəzifə səlahiyyətlərindən sui-istifadə edib, şəxsinə qarşı qanunsuzluq ediblər.

Milli.Az bildirir ki, pressclub.az-a danışan Sabir Məmmədov qeyd edir ki, bu il martın 4-də Bakı şəhərində Səbail rayon ərazisində Bayıl qəsəbəsi istiqamətində təyin edilən sürətlə heç bir yol hərəkət qaydasını pozmadan özümə məxsus 90 FU 616 nömrəli "Mazda" markalı avtomobili ilə hərəkətdə olub. Bu zaman Səbail RPİ-nin DYPB-nin əməkdaşları onu saxladıb qanunsuzluq ediblər:

"Mənə sürət həddini aşdığımı bildirdilər. Həmin vaxt avtomobilimdə ailə-uşağımın olması məni çox narahat etdi. Polis əməkdaşları məni aldadıb bildirdilər ki, izahat yaz ki, sürət həddini aşmısan, səni buraxaq çıx get. Mən də avtomobildə olan ailəmə görə narahatlıq yaranmasın deyə həmin izahatı polis əməkdaşlarının diktəsi ilə yazdım. Bundan sonra onlar avtomobilimi cərimə meydanına gətirdilər. Avtomobilimin buraxılması üçün məndən 500 manat pul istədilər".

Şikayətçi iddia edir ki, heç bir yol hərəkəti qaydasını pozmayıb: "Bunu təsdiq edə bilən müşahidə kameraları var. Əgər həmin ərazidə olan müşahidə kameralarına baxış keçirilərsə bu tam sübut olacaq. Səbail Rayol Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Sadiq Əsədov, Sahil İbrahimli və Elşən Ağamalıyevin mənə qarşı tətbiq etdikləri prorokol tam qanunsuz və saxtadır. Bu korrupsiyaya qurşanmış 3 polis əməkdaşlarının fəaliyyətlərinin obyektiv araşdırılması üçün həmin ərazidəki müşahidə kameralarına baxış keçirilməlidir və onların barələrində ciddi tədbirlər görülməlidir. Bu minvalla 3 soyğunçu polis əməkdaşı çoxlu sayda vətəndaşları talan edirlər".

Məmmədov deyir ki, hazırda məsələni polis əməkdaşı Elşən Ağamalıyev araşdırır: "Amma onun buna heç bir qanuni səlahiyyəti yoxdur. Mən mətbuat vasitəsi ilə Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edirəm. Hörmətli nazir sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında yüksək nizam-intizam yaradılıb. Ancaq çox təəssüf olsun ki, adlarını qeyd etdiyim Səbail RPİ-nin DYPB-nin 3 əməkdaşı Sadiq Əsədov, Sahil İbrahimli və Elşən Ağamalıyev öz maddi maraqlarına görə dövlət qanunlarını tapdayıb polis adına ləkə gətirirlər. Buna görə cənab nazir sizdən xahiş edirəm bu şikayətimi mənim iştirakımla yerində obyektiv araşdırılıb qanuna müvafiq tədbirlərin görülməsinə tapşırıq verəsiniz. Mən sizin ədalətinizə səmimi olaraq inanıram".

Məsələ ilə bağlı PressClub.Az-a danışan Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib ki, vətəndaşın şikayəti varsa aidiyyatı orqanlara etsin: "Vətəndaş ona qarşı qanunsuzluq edildiyini iddia edirsə, mətbuata deyil, DYP-ə müraciət etsin. Hər bir şikayət araşdırılır, qanunu tədbir görülür. Müraciət etsin, şikayətinə baxılacaq. Qanunun tələbləri nədirsə o da tətbiq ediləcək, bundan əmin ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.