Cəmiyyət

Canavarın oğlu həmişə canavar olur?

13 Mart 2018 22:10
1 Şərh     Baxış: 1 514

Bir dəstə quldur dağın başında tələ qurmuşdu. İnsanları qarət edir və qətl edirdilər. İnsanlar artıq onlardan çox qorxmağa başlamışdılar. Həmin məmlələkətin xanının ordusu onlara qalib gələ bilmirdi.

Nəhayət, bir dəstə alim bir yerdə əyləşib, çıxış yolu axtarmağa başladılar. Belə qərara gəldilər ki, bir nəfəri kəşfiyyatçı kimi quldurların içərisinə salsınlar. Onların yerini müəyyən edib, sonra basqın etsinlər.

Belə də etdilər. İgid əsgərlərdən biri könüllü oldu və onlarla rabitə qurub, onlara qoşuldu. Nə zaman qarət üçün gedirdilər, xanın ordusuna xəbər verirdi. Ancaq yenə də onları tuta bilmirdilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir gecə quldurlar qarət üçün gedən zaman həmin igid əsgər, orduya xəbər verdi və onlar quldurların qaldığı məkanda pusqu qurdular.

Quldurlar qarət etdiyi şeyləri gətirdilər. Yeyib, əylənib, sonra yatdılar. Bu fürsətdən istifadə edib əsgərlər onların əl və ayaqlarını bağladılar və xanın yanına gətirdilər.

Onların arasında yeniyetmə olan bir uşaq da var idi. Vəzir çox rəhimli bir insan idi. O, bilirdi ki, xan onların hamısını qətl edəcəkdir. Ona görə də xanın qarşısında əyilir və yalvarır ki, həmin yeniyeməni əfv etsin. Çünki hələ uşaqdır və şəxsiyyəti tam formalaşmayıbdır. Xan vəzirin sözlərindən qəzəblənir və deyir ki, o, gözünü açandan nə görübdürsə, ölənə qədər də onu edəcəkdir. Amma saray əhli də vəzirin tərəfini saxlayır və xan məcbur olur ki, həmin yeniyetməni əfv etsin.

Vəzir bu yeniyetmənin təlimini öz boynuna götürür. Onu iki il sarayın ən yaxşı müəllimləri tərəfindən maarifləndirir və hər dəfə xanın yanında onu tərifləyir.

Ancaq bir gün həmin cavan, yeni quldur dəstəsinin yarandığından xəbərdar olur və onlarla sövdələşmə bağlayır ki, vəziri və iki oğlunu öldürüb, onların malına sahib olsun.

Xoşbəxtlikdən vəzir və oğulları həmin gecə başqa yerə qonaq gedirlər. Cavan vəzirin bütün malını toplayıb, dağa qaldırır və quldur dəstəsinə başçılığı üzərinə götürür.

Xan bu hadisəni eşidib, çox narahat olur və deyir: "Canavarın oğlu canavar olaraq qalır".

O, əmr edir ki, böyük bir qoşun oranı mühasirəyə alsın və quldurları ələ keçirsin.

Həmin cavanı edam etməzdən qabaq xanın yanına gətirirlər. Xan, ondan bu xəyanətkarlığın səbəbini soruşur. Məlum olur ki, həmin cavan uşaqlıqdan yalanı, xəyanəti, oğurluğu bir növ üstünlük kimi, qəhrəmanlıq kimi anlayıb və bu amil onun ruhiyyəsini şikəst edib və ömürlük xarab bir duruma salıb.

Beləliklə, bəlli olur ki, quldurun oğlunun ruhiyyəsi xarab olduğundan, bütün tərbiyə və təlim, maarifləndirmə ona təsir etməmişdi. Vəzir deyir: "Mən gərək əvvəl onun əqidəsini sağaldardım. Şikəst olan mənəviyyata heç bir maarif təsir etmirmiş. Məhz onun əqidəsi bərbad olduğundan, atası kimi canavar böyüdü. Xan sağ olsun, onu bir də mənə verin, mən boyun oluram onun islahına".

Xan vəzirə çox hörmət edirdi. Sözünü yerə salmadı. Müəyyən təhlükəsizlik tədbirləri görüb, cavanı ona təhvil verdi.

Vəzir zəmanənin böyük alimlərindən birinə müraciət edib, ondan cavanın əqidəsini islah etməsini xahiş etdi.

Bir müddət sonra cavanın dünyagörüşü dəyişməyə başladı. O, artıq həyata yeni nəzərlə baxırdı.

Bir neçə ay keçdi. Cavan tamamilə başqa adama çevrilmişdi. O, quldurluğa, xəyanətə, haqq basmaya nifrət edirdi.

Bir müddət də keçdi. Cavan təqvalı, pəhrizkar, ədəbli, bilikli bir insana çevrilir. Xan bu dəyişməni görüb, fikrini dəyişir.

Xana bəlli olur ki, insanın əməlləri, onun dünyagörüşünün məhsuludur. Və dünyagörüşü dəyişəndə, insanın bütün işləri də buna uyğun olur.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Nur · 14 Mart 00:2010

    Nagili yazan bekar kim idi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.